Dırnaq batmasının səbəbləri
Bizi izləyin

Sağlamlıq

Dırnaq batmasının səbəbləri

Dırnağın ətə batması, əsasən, yeniyetmə və gənclərdə rast gəlinsə də, bəzən orta yaşlı insanlarda da müşahidə edilə bilər.

Bu, dırnağın yumşaq toxumaları sıxışdırıb dəriyə zərər verməsi nəticəsində meydana gələn xroniki yaradır. Ayaqlarda, əsasən də, baş barmaqda meydana gəlir. Barmaqda qızartı, şiş və şiddətli ağrı ilə müşayiət olunur.

Bu şikayətlər bəzən xəstənin ayaqqabı geyinə bilməsinə, normal yeriyə bilməsinə mane olur.

Dırnaq batması barmaqda axıntıya və qoxuya səbəb ola bilər.

Səbəblərinə gəlincə, bu, barmaqları sıxan dar ayaqqabı da ola bilər, gözlənilməz bir zərbə də. Dırnaqları yanlış tutmaq (çox dərindən kəsmək və ya forma verməmək), həmçinin artıq çəki problemi də dırnağın ətə batmasına səbəb ola bilər. Maraqlısı odur ki, bu problem ailədən genetik olaraq da keçir..

Bəzən xəstələr başqa dırnaq və dəri problemlərini dırnaq batması ilə səhv salırlar.

Belə ki, dırnaq göbələyi və ya dırnaq ətrafı toxumaların iltihabı, həmçinin dırnağın həddən artıq qalınlaşması kimi anormallıqlar da bəzən dırnaq batması hesab edilir. Bunlar daha yüngül problemlər olub dərmanlarla müalicə edilə bilir.

Ancaq dırnaq batması problemin yaranmasının ilk mərhələsində müalicə edilə bilir. Bir aydan çox davam edən xroniki hal almış dırnaq batması problemi isə yalnız əməliyyatla aradan qaldırıla bilər.

Dırnaq batmasının ilk mərhələlərində dırnağın batan qisminin altına kiçik bir pambıq qoyaraq və bunu hər gün dəyişdirərək problem həll edilə bilər.

Beləliklə, dırnaq ətə batmadan düz formada uzanacaq. Belə dırnağı dərindən tutmaq olmaz, xəfif şəkildə qayçı vasitəsilə sadəcə ucunu bir az kəsmək lazımdır. Bundan sonra problemin təkrarlanmaması üçün barmağı sıxmayan geniş və ya burnu açıq ayaqqabı geyinilməlidir.

Əgər dırnaq batması dəridə infeksiyaya səbəb olubsa, daxilə qəbul edilən və ya məlhəm şəklində dəriyə çəkilən antibiyotiklərdən istifadə edilir.

Ancaq dırnaq batması xroniki hal aldıqda cərrahi əməliyyat etdirmək lazımdır.

Əməliyyatla dırnağın problemli hissəsi tamamilə götürülür, bu proses zamanı bölgə keyidildiyi üçün ağrı hiss edilmir. Xəstə ən az 3-4 gün yeriməkdə çətinlik çəkir. Əməliyyatdan yalnız bir həftə sonra normal həyatına qayıdır. Ancaq ömür boyu ayaqqabı seçərkən bu problemi nəzərə almalı olur.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm