Gündəlik vitamin və mineral ehtiyacını necə ödəməli?
Bizi izləyin

Sağlamlıq

Gündəlik vitamin və mineral ehtiyacını necə ödəməli?

Hər insan bəzi vitamin və mineralları hər gün qəbul etməlidir.

Əgər həftənin 5 günü sağlam qidalanır, bir gün isə “fast-food” yeyirsinizsə, sağlam həyat tərzi keçirməyinizlə fəxr etməyin. Çünki orqanizm lazımlı maddələrlə hər gün təmin edilməlidir.

Əks təqdirdə, bədəndə müəyyən problemlər baş verə bilər.

Bəs, bir gün ərzində hansı vitamin və minerallardan, nə qədər qəbul etməliyik.

Publika.az bu suala cavab axtarıb və ən əsası, gündəlik ehtiyac duyduğumuz vitamin və mineralların hansı qidaların tərkibində olduğunu araşdırıb.

Əgər aşağıdakı məlumatları yadda saxlayıb, hər gün balanslı qidalansanız, həm sağlam olacaq, həm də özünüzü gümrah hiss edəcəksiniz.

Kalsium

Gündə ən az 1000 mq. kalsium qəbul etməliyik. Sümüklərin sağlamlığı üçün bu çox əhəmiyyətlidir.

Süd məhsulları, qılçıqlı balıqlar və tünd rəngli yaşıl bitkilər kalsiumla zəngin olur.

Lif

Orqanizm hər gün 25 qram lifə ehtiyac duyur.

Lif ürək-damar problemlərindən və şəkər xəstəliyindən qorunmağımızı təmin edir. Həmçinin, uzun müddət tox saxlayır.

Meyvə və tərəvəzlərdə, o cümlədən, fındıq, susam və paxlada bol miqdarda lif var.

Maqnezium

Gündə 310 - 320 mq. maqneziuma ehtiyacımız var. Əzələ və sinir sistemini gücləndirib, sümükləri sağlamlaşdıran maqneziumu çərəz və balıqdan almaq olar.

Kalium

Gündəlik kalium ehtiyacı 4700 mq-dır.

Qan təzyiqini nizamlayır, duzun orqanlara təsirini azaldır və böyrək daşlarının yaranmasının qarşısını alır. Həmçinin, sümükləri gücləndirir.

Kartof, pomidor, qatıq, soya lobyası, paxla və banan bol miqdarda kalium ehtiva edir.

A vitamini

A vitaminini də gündəlik olaraq qəbul etməliyik.

Qan hüceyrələrinin meydana gəlməsini təmin edir, körpələrin inkişafına dəstək verir, immuniteti gücləndirir, görmə bacarığını artırır.

A vitamini ətdə, narıncı tərəvəzlərdə və göyərtilərdə bol miqdarda olur.

C vitamini

Gündə 75 mq. C vitamini qəbul etməliyik.

Güclü antioksidant olan C vitamini immunitet sistemi üçün əhəmiyyətlidir.

Sitrus meyvələri və kividə, həmçinin, qırmızı və yaşıl istiotda bol miqdarda C vitamini var.

E vitamini

E vitamininə ehtiyacmız elə də çox deyil. Gündəlik 15 mq. kifayətdir.

E vitamini güclü antioksidantdır, gözlər üçün faydalıdır.

Taxıllar, bəzi yağlar, badam və fıstıq E vitamini ilə zəngindir.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm