Zehni açan bitki çayları
Bizi izləyin

Sağlamlıq

Zehni açan bitki çayları

Zehni açmaq, yaddaşı möhkəmləndirmək və bədənin müvazinətini artırmaq üçün bitki çayları olduqca faydalıdır. Publika.az xəbər verir ki, ekspertlərin və alimlərin ən çox təklif etdiyi bitkilər bunlardır: qinkqo biloba, jenşen, rozmarin və yaşıl çay.

Qinkqo

Ən qədim bitkilərdən biri olan qinkqo beyin funksiyalarını sürətləndirir, yaddaşı və bədənin müvazinətini artırır. Amma bu çayları istehlak edərkən diqqətli olmaq lazımdır. Çünki məsələn, bu çayın tərkibindəki kofein yuxunu qaçırır.

Yüzlərlə ildir ənənəvi tibbdə və dərmanlarda istifadə edilən qinkqo bitkisi beyin gücünü və müvazinəti artırmaq üçün təklif olunan bitkilər arasında ilk sırada gəlir. Hətta bəzi araşdırmalar bitkinin alzheimer xəstəliyinin müalicəsində təsirli ola biləcəyini göstərib. Məsələn, 2002-ci ildə "Neuropsychobiology" adlı jurnalda nəşr olunan məqalədə deyilirdi ki, bitki Alzheimer xəstəliyində əhəmiyyətli nəticə verir. "Psychopharmacology" adlı elmi dərgidə nəşr olunan digər bir araşdırmanın nəticələrinə görə, qinkqo biloba uzun və qısa müddətli yaddaş inkişafına ciddi təsir edir. Lakin bitkinin həddindən artıq istehlakı əks təsir göstərə bilər. Bu zaman başgicəllənmə, ürəkbulanma və baş ağrısı müşahidə olunur.

Qinkqo Biloba çayı necə hazırlanır?

Əgər çayı təzə qinkqo yarpaqlarından hazırlayırsınızsa, 3-5 ədəd yarpaq bəs edir. Əgər qurudulmuş və xırdalanmış yarpaqlardan edəcəksinizsə, 1-2 çay qaşığı qinkqo yetərli olacaq.

Quru və ya təzə yarpaqlardan çayın hazırlanması qaydası eynidir. Yarpağı stəkana töküb üzərinə qaynamış su əlavə edin. 10 dəqiqə gözlədikdən sonra süzüb için.

Sibir jenşeni

Sibir jenşeni rus və çin mədəniyyətlərində geniş istifadə edilən bitkidir. Aparılan araşdırmalardan enerji artırdığı, yaddaşı gücləndirdiyi, ümumiyyətlə, sağlamlığa faydalı olduğu məlum olub.

Digər jenşen növlərindən olan Amerikan və Asiya jenşeninin də yaddaş və stressə müsbət təsiri olduğu bildirilir. Ancaq bu bitkilərin baş ağrısı və həzm sistemi problemlərinə yol açdığı deyilir. Dərmanlarla birlikdə istifadə edilməsi əks təsir göstərə bilər. Odur ki, həkim məsləhəti olmadan istifadə etməyin.

Jenşen çayı necə hazırlanır?

1-2 çay qaşığı toz jenşen kökünü və ya qurudulmuş və xırdalanmış jenşen yarpağının üzərinə 1 stəkan qaynamış suyu tökün və 10 dəqiqə dəmlənməsini gözləyin. İlk dəfə istifadə edənlər 1 çay qaşığı jenşeni dəmləsinlər. Amma çayın dadlı olmasını istəyirsinizsə, 2 çay qaşığı istifadə edin.

Yaşıl çay

Son illərdə ölkəmizdə də populyarlıq qazanan yaşıl çay bədəni müxtəlif xərçəng növlərindən qoruyur. Eyni zamanda həzm sistemi problemlərinin müalicəsində istifadə olunur. Yaşıl çay stressi azaldan faydası ilə də populyardır.

Bütün bunlara əlavə olaraq, aparılan bəzi araşdırmalarda yaşıl çayın mühakimə qabiliyyətini artırdığı bildirilir. "Journal of Nutrition" jurnalının 2006-cı ilin aprel sayında yaşıl çayın tərkibində olan katexinlərin öyrənmə qabiliyyətini inkişaf etdirdiyi və yaddaşı gücləndirdiyi göstərilir.

Yaşıl çay necə hazırlanır?

1 stəkan yaşıl çay üçün 1-2 çay qaşığı qurudulmuş yaşıl çay yarpağı yetərlidir. 2-3 dəqiqə dəmləyib sonra için.

Rozmarin

Daha çox yeməklərə dad vermək məqsədilə istifadə edilən rozmarin eyni zamanda xoş qoxusuyla zehni açır və yaddaşı gücləndirir. Böyük Britaniyada rozmarinlə bağlı 144 nəfər üzərində araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, iş yerində rozmarin çayı içənlərin daha müvəffəqiyyətli olduqları məlum olub. Eyni zamanda yaddaşı da gücləndirən rozmarin çayı baş ağrılarını da yüngülləşdirir. Stressi azaldır və beyinə daha çox oksigen daşınmasını təmin edir.

Rozmarin çayı necə hazırlanır?

5 qrama qədər təzə rozmarini suya atın və qaynadın. Ocağın üzərindən götürdükdən sonra 10 dəqiqə dəmlənməsini gözləyin.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm