Rənglərinə baxaraq meyvə və tərəvəzlərin faydasından xəbərdar olun!
Bizi izləyin

Sağlamlıq

Rənglərinə baxaraq meyvə və tərəvəzlərin faydasından xəbərdar olun!

“101 Optimal life foods” adlı kitabın müəllifi Devid Qrotto iddia edir ki, rənglərinə baxaraq tərəvəz və meyvələrin hansı faydalı xüsusiyyətlər daşıdığını müəyyənləşdirmək olar. Onun sözlərinə görə, tərəvəz və meyvələrə rəng verən fitokimyəvi maddələrdir. Onlar müxtəlif komponentlər təşkil edərək hər meyvəyə fərqli rəng və fərqli dad xüsusiyyətlər bəxş edirlər.

Devid Qrotto bildirir ki, sağlam olmaq istəyən insan gündəlik menyusuna hər rəngdən bir meyvə və tərəvəz əlavə etməlidir.

Bəs hansı rəng meyvə və tərəvəz hansı faydalı xüsusiyyətlərə sahibdir?

Devid Qrottonun kitabında aşağıdakı məlumatlar yer alıb:

Yaşıl rəng

Yaşıl rəngli meyvə və tərəvəzlər xərçəngə qarşı qoruma funksiyası daşıyan fitokimyəvi maddələr ehtiva edirlər. Onların tərkibindəki “isotiyosiyanat”, “lutein” və “zeaksantin” adlı antioksidantlar orqanizmi bir çox xəstəliklərdən mühafizə etməyə qadirdirlər.

Sarı rəng

Sarı rəngli qidalar C vitamini anbarıdır. Belə qidalar yaraların tez sağalmasını təmin edir. Dəri xəstəliklərinə qarşı yaxşı təsir göstərir.

Narıncı rəng

Narıncı rəngli meyvə və tərəvəzlər beta-karoten maddəsi ilə zəngin olurlar. Belə qidalar immunitet sistemini gücləndirirlər. Ağız boşluğunun sağlamlığı üçün də belə qidalar çox önəmlidir.

Qırmızı rəng

Qırmızı rəngli qidalarda xərçəngə qarşı təsirli olan likopen və DNT-nin zərər görməsinin qarşısını alan “ellagic” turşusu olur. Qırmızı qidalar həmçinin, “flavonoid” adlandırılan antioksidantlarla da zəngindirlər. Çiyələk və albalının tərkibində daha çox olan bu antioksidantlar hüceyrələri qoruyur, onların yaşlanmasının qarşısını alır.

Göy və bənövşəyi rəng

Üzümün bəzi növləri, göyəm, qara kələm, badımcan bu kateqoriyadan olan qidalardır. Ümumiyyətlə, göy və bənövşəyi rəngli bütün qidalar antosiyanin adlı rəng piqmenti ehtiva edirlər. Antosiyanin hüceyrələrin yaşlanmasının qarşısını alır, insanın gənc qalmasını təmin edir. Üstəlik, orqanizmi xərçəngdən də mühafizə edir.

Ağ rəng

Soğan, sarımsaq, gül kələm kimi ağ rəngli qidalar “alisin” və “kuersetin” adlı kimyəvi birləşmələr ehtiva edirlər. Bunların hər ikisi ürək xəstəliklərinə yaxalanmaq riskini azaldır. İmmuniteti möhkəmləndirir və xərçəngə yaxalanmaq riskini azaldır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm