Uşaqlar oruc tuta bilərmi? - MÜSAHİBƏ
Bizi izləyin

Sağlamlıq

Uşaqlar oruc tuta bilərmi? - MÜSAHİBƏ

Ramazan ayı başlananda ailədə oruc tutanların çox olması imsak və iftarda bayram əhval-ruhiyyəsi yaradır. Bu ab-hava uşaqlara da təsirsiz ötüşmür və valideyinlərinə baxıb onlar da oruc tutmağa meyl göstərirlər. Uşaqların oruc tutması onların inkişafında hansısa fəsadlara yol aça bilərmi? Bunun qarşısını almaq üçün valideynlərin üzərinə düşən əsas vəzifə nədir?

Mütəxəssis Azad Şamilgilin Ramazanda uşaqların sağlam oruc tutması ilə bağlı valideynlərin tətbiq etməli olduğu qida rejimindən danışıb. Publika.az onun tövsiyələrini təqdim edir:

- Uşaqlar oruc tuta bilərmi?

- Ramazan ayında uşaqların oruc tutmasını istəyən ailələr və bu istəyi müsbət qarşılayan uşaqlar bəzi şərtlərlə oruc tuta bilər. Bu müqəddəs ayda oruc tutmaq və öz borcunu yerinə yetirmək istəyən uşaqlar əvvəlcə yarım oruc tutmalıdır. Çünki yay mövsümündə, bu istidə 17 saat birdən ac qalmaq uşağın sağlamlığına mənfi təsir göstərir. Uşaqların metabolizmi yeniyetmələrdən tamamilə fərqlidir. Böyüməyə proqramlaşdırılan metabolizm zülal, yağ, şəkər və xüsusən, vitamin kimi əsas qida elementlərin balanslı və mütəmadi olaraq qəbul edilməsini tələb edir.

Yay aylarında məktəblər bağlandıqdan sonra uşaqlar daha aktiv olurlar. Bu isə uşaqların qida, vitamin, mineral və su ehtiyaclarını əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, yay aylarında kursa gedən uşaqların həm zehni inkişafını artırmaq, həm də enerji itkisinin qarşısını almaq üçün su və enerji ehtiyacının ödənilməsi lazımdır. Ona görə də, yayda dərs alan uşaqların nailiyyətlərinin azalmaması üçün oruc tutmamaları tövsiyə edilir. Əks halda, uşaqlar diqqət pozğunluğu, əsəbilik, unutqanlıq, baş hərlənməsi, göz qaralmasından şikayət edəcəklər.

- Oruc tutan uşaqlara nə kimi məsləhətlər verərdiniz?

- İlk günlər uşaqlar imsak vaxtı mütləq qaldırılmalıdır. Ancaq orucu açmaq üçün iftara qədər gözləmək olmaz. Uşaqlar orucunu günorta və ya günortadan sonra açmalıdır. Özü də bir porsiya ətli tərəvəz, bolqar bibəri, ayran, kərə yağı, paxla kimi tox saxlayan yeməklər yeməlidirlər. Mütləq su içməlidilər. Bədənin oruca bu şəkildə alışmasına şərait yaradılmalıdır.

İftarda yeməyə birdən girişmək, tikələri yaxşı çeynəmədən udmaq və lazım olduğundan çox yemək mədənin pozulması kimi problemlərə yol aça bilər. Şaftalı, qarpız, ərik, üzüm kimi şirəli meyvələr uşaqların, elə böyüklərin də şirniyyata olan ehtiyacını ödəyir. Ona görə də orucu açdıqdan sonra mövsümə uyğun olaraq yay meyvələri yemək tövsiyə olunur. Bu meyvələr vitamin və mineral tarazlığının qorunmasını da təmin edəcək.

Əgər uşaq çox aktivdirsə, daim oyun oynayırsa, yeni nələrsə öyrənməyə can atırsa, su ehtiyacını mütləq ödəməlidir. Valideynlər də uşaqların həddindən artıq tərləməməsinə və orqanizmin susuz qalmamasına nəzarət etməlidir.

- Uşaqların hansı çəkidə olmasının əhəmiyyəti varmı?

- Oruc tutan uşaqların arıqlayıb, arıqlamadığını yoxlamaq üçün onlar hər gün tərəzidə çəkilməlidir. Əgər uşaqlar sürətlə arıqlayırsa, oruca fasilə verməsi məqsədəuyğundur. Üstəlik, sidiyin hansı rəngdə olması da əhəmiyyətlidir. Sidiyin tündləşməsi kifayət qədər su qəbul etmədiyini bildirir, həm də böyrək çatışmazlığı riski yarada bilər.

İmsakda çox miqdarda şəkərli qida qəbul etməyin zərərləri barədə uşaqlar məlumatlandırılmalıdır. Onlar bilməlidir ki, çox şirniyyat yemək gün ərzində daha çox acmalarına, susamaqlarına və dözə bilməyəcəklərinə səbəb ola bilər. Uşaqları tox saxlayan yeməklər hazırlanmalıdır. İmsakda yumurta, süd, qatıq, kərə yağı və pendir mütləq süfrədə olmalıdır. Bir az doşab və az miqdarda bal isə uşaqların özünü yorğun və əzgin hiss etməsinin qarşısını alar.

Uşaqların yuxuya ehtiyacının yeniyetmələrdən və böyüklərdən daha çox olduğu unudulmamalıdır. Bu səbəbdən uşaqları Ramazanda tez yatırtmağa çalışın.

Uzun müddət susuz qalan uşaqların gün vurması ehtimalı yüksəkdir. Bu səbəbdən uşaqlar ailələrindən uzun müddət kənarda qalmamalı, daim nəzarət altında olmalıdırlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm