ÜST Azərbaycana məktub göndərdi
Bizi izləyin

Səhiyyə

ÜST Azərbaycana məktub göndərdi

Səhiyyə Nazirliyinə Kopenhagendən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın imzası ilə minnətdarlıq məktubu daxil olub.

Publika.az xəbər verir ki, sənəddə Azərbaycan malyariyadan azad Avropaya doğru yolda mühüm fəaliyyətinizin təsdiqi nişanəsi olaraq təqdim edilir.

“2016-cı il aprelin 20-də ÜST Avropa Regional Bürosu Avropa Regionu ərazisində malyariyanın yerli ötürülməsində fasiləyə nail olunduğunu bəyan etdi. Beləliklə, Avropa Regionu dünyada malyariyadan azad ilk region oldu.

Bu nailiyyəti mümkün edən möhkəm siyasi tərəfdarlığınıza, yüksək sayıqlığınıza və sərf etdiyiniz resurslara görə sizə ÜST adından minnətdarlığımı bildirmək istərdim”deyə, J.Yakab məktubunda bildirib.

Səhiyyə Nazirliyinə daha iki sənəd Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyasından daxil olub.

“Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu tərəfindən yaradılmış Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası təsdiq edir ki, Azərbaycan 2012-ci ilin yanvar ayından 2014-cü ilin dekabr ayınadək olan müddətdə qızılcanın rəsmi sənədlə təsdiqlənmiş eliminasiyasına nail olub. Bu fakt bütün Avropa regionunda qızılca və məxmərəyin eliminasiyası məqsədinə çatmaq üçün əhəmiyyətli töhfədir”-deyə qızılca ilə bağlı göndərilən sənəddə qeyd edilib.

Digər sənəd analoji olaraq həmin dövrdə Azərbaycanda məxmərəyin eliminasiyasına nail olunduğunu rəsmi təsdiqləyir.

Hər iki sənədi Qızılca və məxmərəyin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyası adından komissiyanın sədri Günter Pfaf imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm