Özəl klinikalarda “özəl qiymətlər”: Yeni artım gözlənilirmi?
Bizi izləyin

Səhiyyə

Özəl klinikalarda “özəl qiymətlər”: Yeni artım gözlənilirmi?

"Xidmət edənlər azalsa da, bir tərəfdən qiymətlər də qalxır”

“Bu günlərdə müayinə üçün getdiyim özəl klinikalardan birində xəstə əlindən yer yox idi. Uzun sürən gözləmədən sonra nəhayət növbə mənə çatanda sıxlığın səbəbini anladım. Sən demə, əvvəl “resepşn”da 3 nəfər xidmət göstərirdisə, indi cəmi bir nəfərdir, digərləri işdən çıxarılıb. Nəticədə xəstələr saatlarla gözləmək məcburiyyətində qalır. Yaxşı ki, həkimlərin, laborantların sayını azaltmayıblar. Onda qoyulan diaqnoz, müayinənin keyfiyyəti də olmaz. Xidmət edənlər azalsa da, bir tərəfdən qiymətlər də qalxır”.

Müsahibimiz Azər Babayevin də dediyi kimi, kliniklarda xidmət göstərən personalın azalması, xəstələrə göstərilən xidmətin keyfiyyətinə birbaşa təsir edən məqamdır. Bir həkimin gün ərzində 15-20-dən çox xəstəyə xidmət göstərməsi real deyil. Müsahibimizi narahat edən digər məqam isə qiymətlərlə bağlıdır.

Publika.az özəl klinikalarda xidmət və qiymət məsələsini elə orada çalışan həkimlərlə birlikdə araşdırdı. Bu gün dövlət xəstəxanası ilə yanaşı özəl klinikada da çalışan həkim tapmaq demək olar ki, çətindir. Dövlət xəstəxanalarında pulsuz müayinə edən həkimlər özəldəki qiymətlər barədə nə düşünür.

Bu aylarda bir çox ginekoloji müraciətlərin artdığı deyən ginekoloq Arzu Məhərrəmova bildirib ki, işlədiyi klinikada əksinə qiymətləri endirməyə maraq göstərir.

Ginekoloq qiymətlə bağlı şikayətlərin olduğunu vurğulayır: “Özəl klinikalardakı qiymət artımından şikayət edən xəstələrə analizləri dövlət xəstəxanalarında verməyi məsləhət görürük. Özəl klinikalarda qiymət müəssisənin böyüklüyündən, istifadə edilən avadanlıqların keyfiyyətindən asılı olur”.

A.Məhərrəmova həm də bir xəstə kimi özəl klinikalara müraciət etdiyini və artımın olmasını inkar edə bilməyəcəyini deyir: “Özüm də ailə üzvlərimi, yaxınlarımı müayinəyə aparıram, dərman alıram. Son vaxtlar dolların qiymətindəki dəyişiklikdən sonra dövlət tərəfindən tənzimlənsə də, dərmanların qiymətində artım müşahidə edirik. Mən də istəyərəm ki, USM müayinəsinə göndərdiyim xəstə 45 yox, 20 manata müayinədən keçə bilsin. Xəstə nə qədər ucuz və keyfiyyətli müayinə edirlərsə, bizə də yaxşıdır. Çünki həkimlər də xəstə olur, qiymətlərin artımını bizim də büdcəmizə ziyandır”.

Uroloq-androloq Rauf Rzayev klinikalarda ixtisarların və qiymət artımının olmadığına diqqət çəkir: “Yaxın zamanda xaricdən alınan məhsullarla əlaqədar olaraq qiymətlərin artımı gözləniləndir. Bildiyiniz kimi, tibdə istifadə edilən dərman vasitələri əksəriyyəti xaricdən alınır. Bu baxımdan artım ola bilər. İndiki halda klinikalar əvvəl aldıqları ləvazimatlardan istifadə edir, ona görə artıma yol vermirlər”.

Qastroenteroloq Ülvi İbrahimov işlədiyi klinikada xərclərin artdığını, bu mənada qiymət artımının qarşısını almağın çətin olduğunu deyir: “Daha çox laborator analizlər, həmçinin xaricdən gətirilən məhsulların qiymətində, əməliyyatda istifadə edilən dərmanların qiymətində də artım müşahidə ediləcək”.

Həkimlər qiymət artımının qaçılmaz olduğunu deyir. Lakin artım olmadığını bildirirlər. Bu isə insanlarda xidmətin keyfiyyətsiz olması düşüncəsini yaradır. Məsələn, analizlər üçün reaktivləri xaricdən alırıq. Necə ola bilər ki, reaktivin qiyməti qalxsın, amma analizlərin qiyməti sabit qalsın?

Həkimlər isə qiymətin stabil qalması və ya azalmasının müayinənin keyfiyyətsiz olması anlamına gəlməməli olduğunu düşünür.

Tibbi PR-Marketologiya üzrə ekspert Bəhruz İsmayılzadə özəl klinikalarda qiymət artımının yox, azalmasının müşahidə edildiyini deyir: “Əksər özəl klinikalarda müxtəlif endirim kampaniyaları həyata keçirilir. Məsələn, uroloji və qarın boşluğunun USM müayinəsi əvvəl 80 manatdan yüksək idi, indi isə həmin müayinələr kampaniyalara daxil edilib və ilin sonuna qədər 20-30 manata bu müayinələri həyata keçirmək mümkündür. Demək olar ki, əksər klinikalar qiymət siyasətinə yenidən baxıb, laborator analizlər daxil olmaqla bütün müayinələrdə endirimlər tətbiq edir. Məqsəd hər kəsin bu müayinədən faydalanmasını təmin etməkdir. Endirimlər əsasən USM müayinəsi, parazitoloji, qastrentoloji, ginekoloji müayinələrdə edilir”.

Xarici ölkələrdən gətirilən reaktivlərin qiymətinin artması fonunda analizlərin qiymətinin enmə səbəbini B.İsmayılzadə həmin reaktivlər, alınan digər məhsullarda da endirimlər olması ilə əlaqələndirir: “Laborator analizlər üçün istifadə edilən reaktivlərin alındığı firmalarda da endirim kompaniyaları olur. Klinikalar da bu fürsətdən yararlanıb, 5-6 aylıq reaktivlər alırlar. Reaktivlərin hamısı qısa müddətli olmur, uzun müddətli reaktivlər də var. Bu endirimlər zamanı alınan reaktivlər klinikalara endirimlər etməkdə problem yaratmır”.

B.İsmayılzadə hazırda klinikalarda ixtisarların yox, müraciətlərin çox olduğunu deyir. Əsas müraciətlər böyrək problemləri, travmatoloji, azyaşlı uşaqların mövsümi xəstəlikləri ilə bağlıdır.

Картинки по запросу özəl klinika

Tibbi ekspert Adil Qeybulla hələ ki, özəl klinikalarda artım və ixtisarları müşahidə etmədiyini desə də, bunun qaçılmaz olduğunu da vurğulayıb: “Özəl klinikalar kommersiya fəaliyyəti göstərən tibb təyinatlı müəssisə olduğundan alınan avadanlıqlar və istifadə edilən məhsullar xaricdən gətirildiyinə görə qiymət artımı da mümkündür. Özəl klinikaların qiymətindən razı qalmayanlar dövlət xəstəxanlarına müraciət edə bilər. Artımın olmamağı qəribə vəziyyət yaradar, çünki qiymət artımı təbii prosesdir”.

Sonda qeyd edək ki, klinikalarda qiymət artımın qaçılmazlığı qəbul ediləndir. Hətta Tarif Şurasının 28 noyabr tarixli iclasında 300-dən artıq yeni dərman vasitəsinin satış qiyməti təsdiq edilməklə yanaşı, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılması bildirilmişdi. Klinikaların da avadanlıqlarından tutmuş reaktivlərinə qədər xaricdən gətirdiklərini nəzərə alsaq artımı gözləyirik. Amma bu artım reallığa uyğun olsa yaxşıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm