Baş ağrıları və halsızlıqdan xilas olmaq üçün bunları edin - VİDEO
Bizi izləyin

Səhiyyə

Baş ağrıları və halsızlıqdan xilas olmaq üçün bunları edin - VİDEO

Boğaz ağrısı, qrip, halsızlıq və yorğunluqdan xilas olmaq üçün bunları edin

Fəsil dəyişikliyi, kəskin isti və soyuq günlərin növbələşməsi insanların səhhətinə təsirsiz ötüşmür. Xüsusən, yaz və payız fəsillərinin gəlişi ilə bu məsələlər aktuallaşır. Boğaz ağrısı, qrip, halsızlıq, yorğunluq halları ilə bağlı şikayətlər də artır. Yazla birlikdə gələn dərd-bəladan yaz çıxmamış qurtulmaq isə bəzən mümkün olmur. Səbəb isə bu xəstəliklərə diqqətsiz yanaşma, sağlamlığa lazımi diqqətin göstərilməməsidir. Amma yazı xəstəliklərsiz də keçirmək olarmış.

Bunun üçün nələrə diqqət etməli olduğumuza Nəsrəddin Tusi adına Klinikanın terapevti Məhsəti Abbasova Publika.az-ın suallarına cavabları ilə aydınlıq gətirib.

- Məhsəti xanım, sizin məşğul olduğunuz sahə çox genişdir. Lakin istərdim ki, bu fəsildə ən çox müraciət olunan şikayətlərdən danışasınız.

- Hər zaman klinika, xəstəxanalara edilən müraciətlərin əksəriyyəti ilk olaraq terapevtə yönləndirilir. Terapevt xəstəni müayinə etdikdən sonra ehtiyac olduğu halda ixtisas həkimlərinə istiqamətləndirir. Ehtiyac olmadığı halda isə özü müəyyən müalicə tətbiq edir. Bu fəsildə havaların dəyişkənliyi ilə əlaqədar olaraq klinikamıza daha çox soyuqdəymələrlə bağlı müraciət olunur. Xəstənin şikayətləri, xəstəliyin nə qədər davam etdiyini, əsas əlamətlərini soruşandan sonra müvafiq müayinələr aparılır. Fəslə uyğun olaraq daha çox ağciyər rentgeni, bəlğəmin, qanın ümumi analizi aparılır. Lakin müayinə və müalicə yetərli deyil. Xəstənin sağalandan sonra da yenidən həkim qəbulunda olması, müayinə edilməsi mütləqdir. Soyuqdəymə ilə bağlı profilaktik tədbirlərin görülməsinə də ehtiyac var. Son illərdə qrip viruslarının nəticəsi olaraq diffuz, allergik fonlu bronxitlərə, ağırlaşmış formada pnevmaniyalara rast gəlirik. Pnevmaniyalara stasionar şəraitdə müalicə tövsiyə edirəm.

- Pnevmaniya, yoxsa erkən mərhələdə müraciətlər daha çox olur?

- Bu məsələ fərdidir. Özünə diqqət edən insanlar erkən mərhələdə müraciət edirlər. Səhhətinə səhlənkar yanaşanlar da az deyil. Onlar əsasən öz üsulları ilə müalicə edilirlər. Belə olanda pnevmaniya fəsadlarına daha çox rast gəlirik.

- Biz xalq olaraq soyuqdəymə ilə bağlı həkimə çox az hallarda müraciət edirik. Daha çox türkəçarə, tanışın məsləhəti ilə antibiotik qəbul edərək müalicə olunmağa çalışırıq...

- Bizə xəstəliklər adətən, gecikmiş mərhələdə çatır. Xəstə şikayətini deyəndə məlum olur ki, 15 gündür fasilələrlə temperatur enib-qalxır. Səbəbini soruşanda hər dəfə temperatur yüksələndə aptekə gedib, buna qarşı dərman istədiyini deyir. Aptek işçisi də antibiotik və müəyyən temperatura qarşı dərmanları verib. Hər dəfə dərman qəbul edəndə hərarət düşür, sonra yenidən qalxır. Bir ay bu cür dərman qəbul edib səhhətində sağalma müşahidə etməyəndə həkimə müraciət edir. Bu, qətiyyən düzgün deyil. Antibiotiklər o qədər özbaşına qəbul edilir ki, viruslarda ona qarşı immunitet yaranır. Ona görə də biz ağırlaşmış fəsadlarla daha çox qarşılaşırıq. Bir-iki gün temperatur enmədiyi halda, həkimə müraciət etmək lazımdır. Bu gün istər sahə həkimləri, istərsə də klinikalara müraciət üçün mane yoxdur. Təbabət çox yaxşı inkişaf edib, yaxşı həkim və müayinə metodlarımız var.

- Əvvəl sanki qrip, boğaz ağrısı bu qədər uzun davam etmirdi. İnsanlar xəstəliklərin ağır və uzun müddət davam etməsindən şikayətlənirlər. Hətta antibiotiklərin də effekti hiss edilmir. Bunun səbəbi antibiotiklərindən düzgün istifadə etməməkdir, yoxsa, digər məqamlar?

- Xəstəliyin uzun müddət davam etməsi düzgün yanaşmamağımızla bağlıdır. Hətta bizə müraciət edən xəstələr həkim tövsiyəsi ilə 2-3 kurs müalicə aldığını, lakin effektini görmədiklərini deyirlər. Məlum olur ki, həkim müalicə müddətində xəstəni nə rentgenə göndərib, nə də analizini yoxlayıb. Bu xəstələr adətən, fəsadlaşmış formada gəlirlər. Profilaktik olaraq insanlar ildə bir dəfə rentgen müayinəsindən keçməlidir. Xəstəliyin uzun müddət davam etməsinin bir səbəbi də aptek əməkdaşlarının diaqnoz qoyulmamış dərmanı xəstəyə satmaları ilə bağlıdır. Yəni, baş ağrısı, ürək bulanması ilə müraciət edən şəxsə aptek işçisi dərman məsləhət görə bilməz. Hətta bəzi ölkələrdə reseptsiz dərman satışı qadağandır.

- Biz isə hər soyuqdəymədə aptekə qaçıb, antibiotik alırıq. İstərdim bu məsələyə də toxunaq, antibiotiklər necə qəbul edilməlidir?

- Hər bir dərmanın qəbul olunma qaydaları, müddəti xəstəliyin diaqnozundan asılı olaraq təyin edilir. Xəstə müalicənin 3-7-ci günlərində təkrar həkimə müraciət etməlidir ki, sağalma prosesini həkim yaxşı nəzarət edə bilsin. Bununla da müalicənin davamını müəyyən etmək olar. Antibiotik zərərli olması ilə bağlı fikirlərlə də razı deyiləm. Onların kəşfindən sonra xəstəliklərin fəsadların aradan qaldırılması mümkün olub. Sadəcə hər bir dərman qəbulu həkim tərəfindən tövsiyə edilməlidir. Özbaşına dərmanla istənilən müalicə düzgün nəticə verməyəcək.

- Adi qrip deyib keçməyin, bu daha ağır fəsad verə, hətta ölümlə nəticələnə bilər deyə fikirlər var. Qrip, soyuqdəymə gec müalicə edildikdə, bu, hansı fəsadlara səbəb ola bilər?

- Bu xəstəliklər çox da ağır hesab edilmir. Lakin onların düzgün müalicə edilməməsi, immunitetin qaldırılmaması fəsadları ağır nəticələnə bilər. Qrip elə-belə xəstəlik deyil. Birinci dünya müharibəsində espanta deyilən qrip bir milyondan çox insanın ölümünə səbəb olmuşdu. Bəzən gənc orqanizm ayaqüstdə xəstəliyi keçirir, lakin fəsadları 2-3 sonra özünü göstərir.

- Hansı yaş qrupunda olan insanlar bu xəstəliklərə qarşı daha həssas olmalıdır?

- Müəyyən yaş dövründən sonra insanlarda təzyiq, diabet, metobolik sindromları müşahidə edildiyi üçün bu xəstəliklərə qarşı daha həssas yanaşılmalıdır. Ağır fiziki işlə məşğul olanlar, şəkərli diabet xəstələri daha diqqətli olmalıdırlar.

- Yazın gəlişi insanlarda yorğunluq, halsızlıq, yuxusuzluq yaradır. Bəzən buna qarşı vitamin preparatları qəbul etməyə çalışırlar. Bu prosesdən çıxmaq üçün siz nələr məsləhət görərdiniz?

- Həkim olaraq hər hansı preparatı özbaşına qəbul etməyi tövsiyə etmirəm. Müəyyən vitaminləri özbaşına qəbul etmək fəsadlara səbəb ola, hipervitaminoz xəstəliyinə çevrilə bilər. Çünki bizim bədənimiz qəbul etdiyimiz qidaları enerji və vitaminlərə ayıra bilir. Onu artıqlaması ilə hazır surətdə verdikdə orqanların funksiyaları azalır, bəzən də itirilir. Bu da çox böyük fəsad verir. Yazın gəlişində xəstəliklərin çox olması isə qışda bədənin vitamin ehtiyatının tükənməsidir. Buna görə də vitamin çatışmazlığı yaranır. Yeni meyvələr çıxmır, ötən ildən qalanlar öz effektini itirir. İstixana məhsullarını isə ümumiyyətlə məsləhət görmürəm. Bu mənada avitaminozlar yarana bilir. Bu da özünü yorğunluq, halsızlıqla göstərir, bəzən insanlar bütün günü yatmaq istəyir. Bu halları aradan qaldırmaq üçün həkimə müraciət edilməlidir. Hətta hər bir şəxsin ailə həkimi olmalıdır. İldə bir neçə dəfə özünü belə hiss edəndə qanın ümumi analizi, hemoqlobin tərkibi, təzyiqin yoxlanılması kimi kiçik müayinələrlə orqanizmin vəziyyəti qiymətləndirilməlidir. Lazım olan vitaminlər tövsiyə edilir. Bu gün iş və evdə qapalı mühitdə oluruq. Bəzən bir otaqda bir neçə nəfər işləyir, gün ərzində havası dəyişdirilmir. Belə olan halda oksigen çatışmazlığı yaranır. Bu da ümumi halsızlığa səbəb olur. Ona görə işdən sonra aktiv həyat tərzi yaşamaq lazımdır. Axşam gəzintiləri həm oksigen çatışmazlığını aradan qaldırır, həm də yuxusuzluğu. Amma biz axşam yemək yeyib televizorun qarşısında mürgüləyirik. Lakin şam yeməyindən sonra 1 saat gəzinti çox xeyirlidir.

- Yazda yuxusuzluq, yorğunluqdan xilas olmaq, qripə yoluxmamaq və tez sağalmaq üçün oxucularımızın yeməkdən yaşayış şəraitinə qədər diqqət etməli olduqları məqamları sıralaya bilərikmi?

- İnsan həyatı yuxu, aktiv həyat və işdən ibarətdir. “Səhər yeməyini özün ye, günorta dostunla böl, axşamı düşmənə ver”. İfadəsi ilə razı deyiləm. Səhər yeməyi yüngül olmalıdır, gün ərzində insan 5 dəfə az-az yeməlidir. Günorta və axşam yeməyindən sonra oturmaq yox, gəzinti lazımdır. Bu, həm qidanın düzgün həzminə kömək edir, həm də əzginliyi aradan qaldırır. Eyni zamanda yüngül idmanla məşğul olmaq lazımdır.

- Gündəlik həyat şərtləri, iş şəraiti bu dediklərinizə əməl etməyə mane olur. Günün 9-10 saatını işdə keçirməklə dediklərinizi etmək çətindir.

- Bu insanlar işdə günorta fasilələrini daha aktiv istifadə etsinlər. Nahardan sonra 10-15 dəqiqə havada gəzmək olar. İnsan istəsə, aktiv həyat keçirə bilər.

- Bəs seçdiyimiz qidalarda nəyə fikir verməliyik?

- Qidalarda ilk növbədə keyfiyyət, sonra qədərinə fikir vermək lazımdır. Meyvə, tərəvəzlərə rasionda çox yer ayırmalıyıq. Bizim mətbəximiz dünyanın ən gözəl mətbəxidir. Lakin qidalar nə qədər ləzzətli olsa da, bir o qədər də kalorilidir. Ağır qidaların qəbuluna üstünlük verməmək, çoxlu tərəvəz qəbul etməklə həm də vitamin qəbulunu normallaşdırmaq olar. Sağlamlığın əsas şərtləri aktiv həyat tərzi, açıq havada olmaq və düzgün qidalanmadan başlayır.

Gülxar,

Video: Nurlan Gülməmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm