Gənclərimiz QİÇS-ə yoluxmuş şəxslərlə evlənməkdən imtina etmirlər
Bizi izləyin

Səhiyyə

Gənclərimiz QİÇS-ə yoluxmuş şəxslərlə evlənməkdən imtina etmirlər

“Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

Səhiyyə Nazirliyinin məlumatına görə, 1 iyun 2015-ci il – 31 may 2017-cı il tarixlərinə qədər ümumlikdə 280 minə yaxın insan müayinədən keçib ki, onlardan 203 nəfərdə QİÇS aşkarlanıb.

2 il üçün bu rəqəm böyük olmasa da, Respublika QİÇS-lə Mübarizə Mərkəzi sayın daha da azaldılmasına çalışır. Mərkəzin direktor əvəzi Eldəniz Muradov bildirir ki, hər il yüzlərlə cütlük evlilik öncəsi müayinə üçün mərkəzə və bölgələrdəki filiallara müraciət edir:

“Ümumiyyətlə müayinələrimiz 3 növdür: könüllü, mütləq və məcburi. Məcburi müayinə yalnız məhkəmə qərarı ilə aparılır. Məlum qanundan sonra evlənmək istəyən cütlüklər mütləq evlilikdən öncə müayinədən keçir. Biz sadəcə hər iki tərəfdən anonim şəkildə analiz götürüb, nəticəni də hər bir şəxsin özünə anonim şəkildə veririk. Qarşı tərəfi nəticədən xəbərdar edib-etməmək artıq tərəflərin öz işidir. Nikah zamanı da tərəflərdən müayinədən keçməsi barədə arayış tələb olunur. Hansı ki, bu arayışda şəxsin müayinə nəticəsi yox, sadəcə olaraq həqiqətən müayinədən keçdiyi qeyd olunur”.

E.Muradovun sözlərinə görə, maarifləndirmə və nəzarət tədbirlərinə xəstə tərəfin sağlam tərəfə bunu açıqladıqdan sonra başlanılır:

“QİÇS xəstəliyi aşkar olunan şəxslər öz istəyi ilə anonimliyini açdığı halda, biz bunu qarşı tərəfə deyirik və maarifləndirmə işinə başlayırıq. Evləndikdən sonra hansı ehtimalların ola biləcəyini izah edirik. Həmin cütlüyü nəzarətə götürürük və lazımı müalicə tədbirlərini aparırıq”.

Məsələ ilə ilə bağlı önəmli məqamlardan biri də QİÇS xəstəliyi aşkralanan cütlüklərin evlənməkdən imtina edib-etməməsidir. Maraqlıdır ki, cütlüklər əksər hallarda sevgilərindən vaz keçmirlər. E.Muradov belə deyir:

“Əksər hallarda evlənəcəyi şəxsin HİV virusu daşıdığını öyrənən tərəf evlənməkdən imtina etmir. Xəstəlik sevginin qarşısını kəsə bilmir. Yalnız bundan sonra biz qorunma metodlarını başa salırıq və onları 3 aydan bir müayinə edirik. Hətta onların sağlam uşaqları da olur. Düzdür, bəzən evlənməkdən imtina edənlər də olur. Lakin əksər halda cütlüklər evlənməkdən vaz keçmirlər. Bizdə hər il 60-70 nəfər QİÇS-ə yoluxmuş qadından birində doğuş zamanı uşaq da bu xəstəliyə yoluxur. Əksər hallarda uşaqlar sağlam olur. Çünki biz hamiləlik vaxtı və doğuşdan sonra 1 yaşına qədər o ailəni və uşağı nəzarətdə saxlayırıq. Amma istənilən halda tapşırıqlarımıza düzgün əməl edən analar 100 faiz sağlam uşaqlar dünyaya gətirirlər”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm