Dağ xəstəliyi NECƏ YARANIR?
Bizi izləyin

Səhiyyə

Dağ xəstəliyi NECƏ YARANIR?

Avtonəqliyyat və ya kanat yolu ilə havası seyrək olan yüksək dağlıq ərazilərə qalxanda yaranan patoloji hal dağ xəstəliyi adlanır. Əsasən alpinist və geoloqlar arasında yayılan həmin xəstəlik yay fəslində istirahət etmək üçün aran yerlərindən yüksək dağlıq rayonlara üz tutanlarda da müşahidə edilir.

Bu xəstəlik barədə AZƏRTAC-ın müxbirinə ətraflı məlumat verən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli deyib: "Yüksəkliyin orqanizmə təsiri XIX əsrin ikinci yarısından ətraflı öyrənilməyə başlanılıb. Müəyyən edilib ki, dağ xəstəliyinin yaranmasında əsas etioloji faktor hündürlüyə qalxdıqca havada oksigenin parsial təzyiqinin azalmasıdır. Rütubətin və temperaturun aşağı olması, yüksək ultrabənövşəyi şüalanma xəstəliyin inkişafına təkan verir. Toxumaların oksigen tələbatının zəifləməsi oksidləşmə proseslərinin və ümumilikdə metobolizmin ləngiməsi ilə nəticələnir. Son tədqiqatlar həmin faktorun xəstəliyin inkişafında daha çox rol oynadığını göstərir. Xəstəliyin ilkin mərhələsində zəif hipoksiya orqanizmin bəzi fizioloji müdafiə mexanizmlərini işə salır. Tənəffüsün sürətlənməsi və dərinləşməsi kompensator reaksiya olsa da, qanda karbon qazının miqdarını azaldır və vəziyyəti bir qədər də ağırlaşdırır. Karbon qazının parsial təzyiqinin düşməsi turşu-qələvi balansının pozulmasına və qanda mübadilənin tam oksidləşməmiş aralıq məhsullarının toplanmasına səbəb olur”.

Dağ xəstəliyi barədə ətraflı məlumat verən həkim daha sonra deyib: "Xəstəliyin klinik şəklinin ağırlığı patogenetik amillərlə bərabər xəstənin yaşı, yanaşı xəstəliklər, aclıq və yorğunluq dərəcəsindən də asılıdır. Həmin faktorların təsiri zamanı artıq 2500 metr yüksəklikdə də dağ xəstəliyinin əlamətləri inkişaf edə bilər. Xüsusilə ürək xəstəliyi olanlarda, yaşlılarda və uşaqlarda çevik uyğunlaşma baş verməməsi nəticəsində dağ xəstəliyi yaranır. Əvvəllər texnikadan indiki kimi geniş istifadə edilmədiyi vaxtlarda dağ rayonlarına araba ilə və yaxud piyada qalxanda köç bir neçə günə gedər və tədricən uyğunlaşma baş verərdi. Müasir dövrdə sürətli minik avtomobili ilə bir-iki saata dağa qalxanda iqlim fərqi və hava sıxlığının dəyişməsi nəticəsində təzyiqin qalxması, stenokardiya və hətta miokard infarktı, insult kimi hallara səbəb olması mümkündür. Xəstəliyin simptomların birdən-birə inkişaf edə və ya az əhəmiyyətli dəyişikliklərlə başlaya bilər. Xüsusilə ürək xəstəlikləri olanların həkimlə əvvəlcədən razılaşmaları məsləhətdir.

Yüksəklik artdıqca yüngül baş gicəllənməsi, apatiya və yorğunluq əlamətləri, ümumi zəiflik, üşütmə, xüsusən alın nahiyəsində güclü başağrısı və qusma ilə ağırlaşır. Xəstənin yuxusu narahat olur, iştahası tamamilə itir, dəri örtüyündə sianoz - göyərmə yaranır, psixikada dəyişikliklər üzə çıxır. Xəstələrin bəzilərində yuxululuq və laqeydlik, bəzilərində isə oyanıqlıq və eyforiya inkişaf edir. Ağır hallarda həmin əlamətlərin ardınca huşun itməsi baş verir. Bəzi hallarda ağrı və taktil hissiyyatın zəifləməsi və paresteziyalar müşahidə olunur, görmə, qoxu, 5 min metrdən yüksəkdə isə eşitmə zəifləyir. Ürək döyüntülərinin sayı və arterial təzyiq kəskin artır, lakin uzun müddət yüksək dağ şəraitində yaşayanlarda hipotenziya inkişaf edir. Tədqiqatlar göstərir ki, yüksəklikdə yaranan iştahanın zəifləməsi, ürəkbulanma, qusma və ishal əlamətləri mədə turşuluğunun kəskin azalması və mədə-bağırsaq sisteminin selikli qişasının hipoksiyası ilə əlaqədardır və dərman müalicəsinə tabe olmur".

Kardioloq xəstəliyin qarşısının alınması yollarını da söyləyib: "İki ay müddətində 2 min metr hündürlüyə qalxmaq, həmin müddətdə iki dəfə fasilə vermək lazımdır. Oksigenin parsial təzyiqinin aşağı göstəricilərinə daha tez uyğunlaşmaq üçün qidalanma və su-duz rejiminin düzgün olması vacib məsələdir. Xüsusilə gün ərzində 3 litrə qədər mayenin qəbulu oksidləşməmiş məhsulların orqanizmdən daha tez yuyulmasına şərait yaratdığı üçün müsbət nəticə verir. Daha bir profilaktik tədbir oksigenlə kasad qaz qarışıqlarının udulması və ultrabənövşəyi şüalanmadır.

Dağ xəstəliyinin başlanğıc mərhələsində başağrısı, təngnəfəslik, ürəkdöyünmə və yorğunluq yarananda ilk yardım tədbiri xəstəni isitmək və ona isti mayelər içirməkdir. İsti maye və şərbətlər oksidləşmə prosesini sürətləndirir, antioksidant təsir göstərərək hüceyrə zədələnməsini minimuma endirir. Görülən tədbirlər fayda verməyəndə xəstəni yüksəklikdən aşağı endirmək və həmin şəraitdə düzgün qidalanma və maye rejimini gözləmək lazımdır. Mayeləri az-az və qısa fasilələrlə qəbul etmək daha yaxşıdır. Qəbul edilən qidanın enerji dəyəri isə 5 min kilokaloridən az olmamalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm