Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: xəstənin qan dövranı dayandırıldı və... - FOTO
Bizi izləyin

Səhiyyə

Azərbaycanda UNİKAL ƏMƏLİYYAT: xəstənin qan dövranı dayandırıldı və... - FOTO

Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib.

Bu barədə Publika.az-a məlumat verən Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev bunu Azərbaycan səhiyyəsinin uğuru adlandırıb.

İnsan həyatı üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan bu əməliyyatın mahiyyətini açıqlayan K.Musayev bildirib ki, bu diaqnoz qoyulan xəstələr bu günə qədər dərmanla müalicə edilirdi və 5 il ərzində onların 90 %-i həyatını itirirdi:

"Əməliyyat etdiyimiz xəstə, 27 yaşlı yeni ana olmuş bir qadın idi. Hamiləlik zamanı baldırlarında şişmə ilə həkimə müraciət edib. Baldır damarlarının (venalarının) trombozu diaqnozu qoyularaq müalicəsi aparılıb. Doğuştan sonra isə qadında təngnəfəslik başlayıb. Bu dəfə ona "Ağciyər arteriyasının tromboemboliyası" diaqnozu qoyulub. 3-4 aylıq müalicədən fayda görməyən xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Xəstədə "xroniki tromboembolik ağcıyər hipertenziyası" diaqnozunu qoyduq".

Xəstənin əməliyyata qədərki müalicə prosesi barədə məlumat verən K.Musayev bu gün dünya praktikasında xəstəliyin yeganə müalicə yolunun cərrahi müdaxilə olduğunu və bu zaman xəstənin qan dövranının tam dayandırılmalı olduğunu bildirib:

"Açıq metodla ağciyər arteriyalarındakı tromboembolik tıxacları "Ağciyər arteriyasının tromboendarterektomiyası" adlanan əməliyyatda xüsusi cərrahi alətlər istifadə etməklə təmizlədik. Əməliyyat dərin hipotermiya şəraitində icra olunur və xəstə 18o C-yə qədər soyudulur. Bu mərhələdə qan dövranı tam dayandırılır və zamanla yarış başlayır. 20 dəqiqəlik iki zaman dilimində bu əməliyyatı bitirmək məcburiyyətində idik. Yoxsa xəstəyə və digər həyati orqanlara ciddi zərər vermiş olardıq. Biz əməliyyatın bu kritik mərhələsini 14 dəqiqə ərzində uğurla başa vurduq. Əməliyyatdan 1 həftə sonra isə xəstəmizi tam sağalma ilə evə yazdıq".

Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatı uğurla həyata keçirməkdən qürur duyduqlarını bildirən Kamran Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyə etdi:

"Xüsusilə hamilələr, artıq çəkili insanlar, müəyyən qan xəstəliyi olan insanlar bu xəstəlik üçün risk qrupundadır. Ağciyər damarlarında tromb olan, ümumiyyətlə venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Bu xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər də bu diaqnozu unutmamalıdır. Artıq respublikamızda da icra olunan bu əməliyyat ehtiyacı olan bütün xəstələrə məsləhət görülməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm