2 nəfərdə paraqrip, 1 nəfərdə adenavirus aşkarlandı - XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

2 nəfərdə paraqrip, 1 nəfərdə adenavirus aşkarlandı - XƏBƏRDARLIQ

Havaların soyuması əhali arasında qrip əlamətləri ilə xəstələnmə hallarını artırıb. Xüsusən də, məktəb və bağça yaşlı uşaqlarda əlamətlər daha çox büruzə verir. Hətta bir sıra xüsusiyyətlərinə görə uşaqlar arasında koksaki virusunun yayılması məlumatlarına da rast gəlinib. Son günlər isə uşaqlar və böyüklərdə kəskin öskürək, boğaz ağrısı, temperaturla müşahidə olunan əlamətlər ölkədə qrip təhlükəsinin olması ilə bağlı fikirləri gündəmə gətirib.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova Publika.az-a açıqlamasında bildirib ki, oktyabrın 1-dən bu günə qədər tibb müəssisələrindən 63 şübhəli yaxma nümunəsi daxil olub:

“Respublika Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından daxil olan müraciətlərin 2-də paraqrip, 1-də adenavirus aşkarlanıb. Qrip infeksiyası isə tapılmayıb. Ümumi müraciətlərin 51-i isə 17 yaşa qədər uşaqlardan olub. Virus aşkarlananların hamısı da uşaqlardır”.

Qalan 60 nəfərdə hansı xəstəlik əlamətlərinin aşkarlanmasında gəldikdə, R.İsmayılova laborator müayinə nəticələrinin yalnız infeksiyalara görə qoyulduğunu dedi:

“Ola bilər ki, həmin xəstələrdə soyuqdəymə, immunitetin zəifləməsi ilə əlaqədar müəyyən əlamətlər müşahidə edilə bilər. Lakin laborator müayinələr nəticəsində həmin şəxslərdə qrip və kəskin respirator virus əlamətləri aşkarlanmayıb. Kliniki gedişatı qripəbənzər ola bilər. Lakin laboratoriya nəticələrin qrip olmadığını təsdiqləyir”.

Səhiyyə Nazirliyinin baş epidemoloqu, professor İbadulla Ağayev Publika.az-a açıqlamasında bildirib ki, respublika ərazisində nə qrip, nə də qripəbənzər xəstəlik aşkarlanıb:

“Səhiyyə Nazirliyinin tibb müəssisələrinə müraciət edənlərdə yalnız kəskin respirator virus xəstəlikləri aşkar edilib. Koksaki, qrip və ya hər hansı virusun yayılması barədə fikirlər həqiqəti əks etdirmir. Minlərlə insan arasında 100 nəfərdə xəstəlik hallarının müşahidə edilməsi respublikada xəstəlik yayılması demək deyil. Yoluxucu xəstəliklərlə bağlı ölkə ərazisində tam sabitlikdir. Səhiyyə Nazirliyinin baş mütəxəssisi kimi deyə bilərəm ki, kəskin respirator virus xəstəlikləri hər il olub, bu il də var. Bu məsələdən əhalinin xoflanmasına ehtiyac yoxdur. Kəskin respirator virus xəstəliklərinə yoluxma halları da müşahidə edilmir”.

Baş epidemoloq insanları özünü xəstəlikdən qorumağı tövsiyə etdi:

“İnsanlar özünü xəstəlikdən qorumadıqları halda xəstələnəcəklər. Xəstəlik əlamətləri müşahidə edən şəxslər Səhiyyə Nazirliyinin tibb müəssisələrinə müraciət etsinlər, evdə türkəçarə üsullarından istifadə etməsindən”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm