Mayın 12-dək MÜAYİNƏDƏN KEÇİN! - Əhaliyə XƏBƏRDARLIQ
Bizi izləyin

Səhiyyə

Mayın 12-dək MÜAYİNƏDƏN KEÇİN! - Əhaliyə XƏBƏRDARLIQ

Bu gün Azərbaycanda əhalinin tibbi müayinəsinə start verilib.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Prezidentinin tapşırığına əsasən müayinələr bu gündən başlayıb mayın 12-dək davam edəcək.

Müayinələr Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində keçiriləcək. Ölkə başçısının tapşırığının icrası məqsədi ilə səhiyyə nazirinin müavini Nigar Əliyeva “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” 30.01.2018-ci il tarixli sərəncam imzalayıb.

Artıq 4-cü ildir ki, Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinəsi keçirilir. Əhali arasında keçirilən profilaktik tibbi müayinələr patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyır.

Tibbi müayinələr zamanı həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Xəstəliklər aşkar olunduğu halda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunacaq.

2017-ci ilin göstəricilərinə görə respublika üzrə müayinədən keçirilmiş şəxslərdən 2041388 nəfəri əlavə müayinələrə cəlb edilib, 68427 nəfəri dispanser nəzarətinə alınıb, 27059 nəfəri hospitalizasiya olunub.

Nazirlik əhaliyə yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət etməyi və profilaktik tibbi müayinədən keçməyi tövsiyə edir.

Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm