İcbari tibbi müayinə inanılmaz xəstəlikləri ÜZƏ ÇIXARTDI? - REPORTAJ/FOTO
Bizi izləyin

Səhiyyə

İcbari tibbi müayinə inanılmaz xəstəlikləri ÜZƏ ÇIXARTDI? - REPORTAJ/FOTO

Bir müddət əvvəl ayaq barmağımın üstünə ağır yük düşmüşdü. Tədricən ağrı keçdi, çox da fikir vermədim. Eşitdim ki, poliklinikada müayinə təşkil edilib. Şəkər xəstəsiyəm müayinə üçün gəldim, həkimlə söhbətdə barmağımdakı problemdən danışdım. Rentgen müayinəsi edildi, məlum oldu ki, barmağımın sümüyü sınıb, artıq çürümə gedirmiş. Damarlarda da problem yaratdığına görə Cərrahiyyəyə yönləndirdilər.

Səhhətimdə heç zaman problemim olmayıb, xəstəxanada olmağı sevmirəm. Pulsuz müayinəyə görə gəldim, şəkər xəstəliyi aşkarlandı. Düzdür, ilkin mərhələdədir, amma yaxşı ki, gəlmişəm.

Bu, 1 saylı şəhər poliklinikasına icbari tibbi müayinə çərçivəsində müraciət edən paytaxt sakinləri ilə olan söhbətlərimizin bir hissədir.

Xəbəriniz olsun ki,..

Prezident İlham Əliyevin sərəncamına əsasən, fevralın 12-dən dövlət səhiyyə müəssisələrində əhalinin icbari tibbi müayinəsi həyata keçirilir.

Müayinələrin keçirilməsi, aşkarlanan xəstəliklər və paytaxt sakinlərinin bu aksiyadan nə qədər faydalandığını yerindəcə görmək üçün 1 saylı şəhər poliklinikasına üz tutduq. Girişdə də qeyd etdiyimiz kimi müayinələr nəticəsində təsadüfən xəstəliyi aşkarlananlar da vardı, dispanser qeydiyyatında olub bu müayinələr çərçivəsində poliklinikaya gələn də. Amma onu da öyrəndik ki, ötən il bu poliklinika qeydiyyatında olanların 33 faizi müayinədə iştirak etməyib.

Bu barədə bir az sonra...

Əvvəlcə poliklinikaya müraciət və müayinə qaydaları haqqında danışaq. Məlumunuz olsun ki, müayinələr may ayının 12-nə kimi davam edəcək. Poliklinikaya müraciət edən şəxslər əvvəlcə terapevt qəbulunda olur. Xəstənin şikayətləri, fiziki və instrumental müayinəsindən sonra diaqnoz qoyulması və müalicəsi üçün mütəxəssislərə yönəldilir. Terapevtin məsləhəti ilə elektrokardioqramma, qanın ümumi müayinəsi, hormonal, qaraciyərində narahatlığı olan, cərrahi əməliyyat keçirənlər Hepatit C müayinəsi aparılır. Son 6 ayda rentgen müayinəsində olmayanlar ağciyər xəstəliklərinin aşkarlanması məqsədilə mütləq rentgen olunur.

İcbari müayinəyə hər kəs qeydiyyatda olduğu ərazi üzrə müraciət etməlidir. Lakin Bakı şəhəri üzrə Suraxanı rayonunda qeydiyyatda olanların iş yeri Səbail rayonundadırsa onların həmin ərazidəki poliklinikada müayinədən keçməsinə imkan yaradılır. Ən əsası bu müayinələr üçün heç bir ödəniş tələb edilmir.

Sənət adamlarında ən çox sinir xəstəlikləri var

1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova deyir ki, ötən il müayinələr nəticəsində qan xərçəngi, vərəm, bir sıra kardioloji problemlər aşkar edilib:

“Məsələn, terapevt müayinə edərkən qan analizinin aparılmasına ehtiyac görür. Analiz nəticəsində qanın göstəricilərində dəyişiklik müşahidə etdiyimiz halda pasiyentləri digər xəstəxanalara yönləndirmişik, nəticədə onların özünün xəbərsiz olduğu xəstəlik aşkarlanıb. Bu gün əhali arasında Hepatit C, bir çox infeksion xəstəliklər, vərəmin erkən mərhələdə aşkarlanması onun müalicəsini həm tibbi, həm də maddi baxımdan daha da asanlaşdırır. Profilaktik müayinələr nəticəsində bu kimi xəstəliklər erkən mərhələsində aşkar edilir”.

Baş həkim qeyd edir ki, fevralın 12-dən bu günə qədər 6783 nəfər müayinədən keçib. Bunlar yalnız ərazi üzrə qeydiyyatda olanlar deyil, onların sırasında ərazidəki müəssisələrdə çalışanlar da var:

“İşləyən şəxslərin müayinədən keçmək üçün vaxtlarının məhdudluğunu nəzərə alaraq ərazidəki müəssisələrdə çalışanları müayinədən keçməyə dəvət etmişik. Poliklinika yaxınlığında Opera Balet teatrı, Gənc Tamaşaçılar, Rus dram teatrları, Rəşid Behbudov adına Mahnı Teatrının əməkdaşları iş günü istirahət vaxtlarında müayinədən keçiblər. Sənət adamlarında əsasən, sinir sistemi xəstəlikləri, nevroz aşkarlanır. Bununla yanaşı, onlarda hipertoniya, mədə-bağırsaq xəstəliklərinə də rast gəlirik.

Ərazidəki Mənzil İstismar Sahələrində çalışanlar, tikinti şirkətlərindəki fəhlələr də müayinə edilir. Bəzi hallarda xəstə rayonda yaşayan qohumu ilə müraciət edir, biz onları da geri çevirmirik, müayinə edirik. Mənzil İstismar Sahələrinin küçələrdə təmizlik işləri görən əməkdaşlarında əsasən ağciyər və mədə-bağırsaq xəstəlikləri aşkarlanır. Bunun da səbəbi daim tozla işləmələri, düzgün qidalanmaya əməl etməmələridir. Tikintidə işləyənlərdə isə ağciyər xəstəlikləri aşkarlanır”.

33 faiz niyə müayinədən kənarda qalıb?

Poliklinikada qeydiyyatda olan 46500 nəfərin ötən il 67 faizi müayinədən keçib. Qalan qrupun müayinə edilməməsini K.Cabbarova bir neçə səbəblə əlaqələndirdi:

“Poliklinikamız şəhər mərkəzindədir, burada yaşayanların əksəriyyəti imkanlı şəxslərdir və onlar adətən, müayinə üçün xaricə üz tuturlar. Bir qisim isə sığortalı işlərdə çalışırlar. Ona görə onlar müayinə üçün özəl klinikalara müraciət edirlər”.

Baş həkim onların poliklinikaya müraciət etməmələrinin səbəblərindən birini də bu tibb müəssisəsinə inamın aşağı olması ilə əlaqələndirib:

“Bunu tam mənada inkar edə bilmərik. Deyə bilmərəm ki, bütün poliklinikalar yaxşı işləyir. Bizim poliklinikada belə əla və pis işləyən də var. Lakin özəl klinikaya müraciət edib nəticədən razı qalmayıb, sağlamlığına bizim poliklinikada qovuşanlar da az deyil. Bəzən özəl müəssisədə bütün müasir avadanlıqlar olsa da, orada yaxşı mütəxəssislər olmur”.

Baş həkim hər bir şəxsə ildə iki dəfə flüoqraf, bir dəfə isə rentgen müayinəsindən keçməyi tövsiyə etdi.

Pulsuz müayinə və əməliyyat

Baş həkimlə söhbətdən sonra qəbul otaqlarında olub, dəhlizdə növbə gözləyən xəstələrlə söhbət etdik. Bu gün poliklinikaya əsasən tələbələr və yaşlı təbəqədən olanlar müraciət etmişdi. Onlar əvvəlcə terapevt qəbulunda olur, sonra aidiyyəti üzrə həkimlərə yönləndirilirdilər.

Ürək və şəkər xəstəliklərindən əziyyət çəkən Xatirə Adıgözəlova qardaşının xəstəliyinin aşkarlanması və əməliyyatının bu müayinələrə borclu olduğunu deyir:

“Qardaşım bir müddət əvvəl infarkt keçirmişdi. Bu günlərdə isə icbari müayinələr aparıldığına görə təkrar müayinədən keçdi. Ürəyində əməliyyata ehtiyac olduğunu bildirdilər. Poliklinikadan bizi Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə göndərdilər, indi orada da müayinə edilib. Qardaşım pulsuz əməliyyat olunacaq. Bu əməliyyat özəl klinikada çox bahadır. Bizim isə ona imkanımız yoxdur”.

94 yaşlı Ağababa İsgəndərov da poliklinikanın dispanser qeydiyyatındadır. II dünya müharibəsinin iştirakçısı olan, veteran icbari müayinələrə görə poliklinikaya müraciət edib. Həkimlər deyir ki, yaşına görə ürəyin işemik və hipertoniya xəstəliyindən əziyyət çəkir.

A.İsgəndərovun sözlərinə görə, bu yaşına qədər sağlam qalmasına, poliklinikaya özünün gəlib-getməsinə görə həkimlərə borcludur.

Ürək və şəkər xəstəsi olan Şəhla Məmmədova hər ay poliklinikaya müraciət etdiyini deyir:

“İldə bir dəfə də olsa əhalinin pulsuz müayinə edilməsi yaxşıdır. Xəstəliklər vaxtında aşkarlanır. Nə qədər geciksə, müalicə bir o qədər də ağır olur”.

Dispanser qeydiyyatda olan Ziyafət Məmmədrəsulqızı xroniki karit, hepatoz, xolisistit, mədə xorası xəstəliklərindən əziyyət çəkir. İndi də icbari tibbi müayinələrin aparıldığı üçün poliklinikaya gəlib. İldə bir dəfə müayinədən keçməyin mütləq olduğunu deyən, Z.Məmmədrəsulqızı bizimlə danışarkən qan analizi vermişdi və nəticəsini gözləyirdi.

Ürəyindən ən çox şikayətçi olanlar

Terapevt Gülsabə Hacızadə bildirir ki, çox zaman müraciət edən xəstələr ciddi bir narahatlıqlarının olmadığını deyir, lakin müayinə zamanı xəstəliklər aşkarlanır:

“Bu gün ərzində Mənzil İstismar Sahəsinin üç əməkdaşı müraciət etmişdi. Sorğu-sual əsasında bəzi xəstəliklərdən şübhələr yarandı, onları müvafiq sahə həkimlərinə yönləndirdik. Adi günlərlə müqayisədə xəstələrin sayı daha çox olur. Bu vaxta qədər bizə heç müraciət etməyən xəstələr də icbari müayinələr ərəfəsində poliklinikaya gəlir”.

Kardioloq Könül Naibova son bir ayda icbari tibbi müayinə ilə əlaqədar müraciətlərin sayında artımın müşahidə olunduğunu dilə gətirir. Aşkarlanan ürək xəstəliklərinə gəldikdə, kardioloq hipertoniya, stenokardiyaya daha çox rast gəldiklərini deyir:

“Adətən, xəstələr birbaşa ürək xəstəliyi ilə bağlı müraciət etmir. Terapevt xəstəni qəbul edir, onun məsləhəti ilə bizə yönləndirilir. Ən çox müraciətlər 40-70 yaş arasındadır. Ürək xəstəliklərində cavanlaşma müşahidə olunur. Artıq 35-40 yaşlarında ürək xəstələrimiz var. Təəssüf ki, bizdə insanlar ən son məqamda həkimə müraciət edir. Lakin bu cür ildə bir dəfə təşkil edilən tibbi müayinələr xəstəliklərin vaxtında aşkarlanmasına imkan verir”.

Son olaraq qeyd edək ki, sizin də pulsuz müayinələrdən keçmək üçün mayın 12-dək vaxtınız var. Lakin nə qədər tez müayinədən keçsəniz, müalicə bir o qədər rahat olacaq. Nə qədər ki, gec deyil, müayinə olunun. Buna ki, pul lazım deyil...

Gülxar,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm