Heç vaxt həkimə getməyən, ömründə iynə vurdurmayan əhali - HESABAT
Bizi izləyin

Səhiyyə

Heç vaxt həkimə getməyən, ömründə iynə vurdurmayan əhali - HESABAT

Prezident İlham Əliyev fevralın 12-dən mayın 12-dək Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırıq verib. Artıq rayonlarda “Sağlam həyatı seç, müayinədən keç” devizi altında əhalinin tibbi müayinəsi davam etdirilir. Səhiyyə Nazirliyi bölgələrdəki tibb müəssisələrində yaradılan şərait və müayinələrlə bağlı vəziyyəti öyrənmək məqsədilə Siyəzən və Quba rayonlarına press-tur təşkil edib.

Publika.az xəbər verir ki, tur çərçivəsində jurnalistlər ilk olaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində olublar. Burada keçirilən tibbi müayinələrin təşkili və nəticələri ilə tanış olublar. Mərkəzin baş həkimi Dadaş Hümbətov bildirib ki, hər ay müayinələrin təşkili ilə bağlı hesabat verilir.

Baş həkimin sözlərinə görə, bu müayinələrin məqsədi xəstəliklərin vaxtında aşkarlanması və düzgün müalicələrin tətbiq edilməsidir. Təkcə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzində 1 ay ərzində 12 min nəfər tibbi müayinədən keçirilib.

Müayinələr zamanı müraciət edən vətəndaşlara baxış keçirilir, xəstəliklər haqqında məlumat toplanır və gələcəkdə fəsad törədəcək risk faktorları barədə onlara tövsiyələr verilir:

“Elə xəstələrimiz var ki, illərlə həkim müayinəsindən keçməyib. Biri deyir ki, mən ömrümdə həkimə getməmişəm, ömrümdə iynə vurdurmamışam. Elə bilirsiniz bu, yaxşı haldır? Bəzən insanlar bununla fəxr edərək özlərini tamamilə sağlam hesab edirlər. Lakin bu, heç də elə deyil. İnsan orqanizmində elə xəstəliklər var ki, onları adi baxışla belə müəyyən etmək olmur. Həmin qeyri-sağlam həyat keçirən, ömründə həkim tanımayan insanlar bu müayinələrdən keçir, sağlamlıqları ilə bağlı müəyyən məlumatlara sahib olurlar. Heç olmasa 6 aydan bir mütləq həkim konsultasiyalarından keçilməlidir. Müayinələrə gələnlərin sayı isə ilbəil artmaqdadır”.

Siyəzən Mərkəzi rayon Poliklinikasının baş həkimi Əhməd Quliyev isə bildirib ki, rayon üzrə 5566 nəfər müayinəyə cəlb olunub: “Müayinələr zamanı aşkarlanan xəstəliklər arasında ürək-damar və şəkərli diabetdən əziyyət çəkənlər üstünlük təşkil edir. Şəkərli diabet aşkar olunan xəstələr qeydiyyata alınmaqla yanaşı, dövlət tərəfindən pulsuz dərmanlarla da təmin edilirlər. Aksiya çərçivəsində ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları yaradılıb. Onlar da əsaslı səbəbdən müayinəyə gələ bilməyən və ucqar kəndlərdə yaşayan xəstələri evlərində ziyarət edir, onlara səyyar tibbi xidmətlər göstyərirlər. Ümumilikdə, gün ərzində 250-yə yaxın insan tibbi müayinədən keçirilir”.

Daha sonra Xızı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev də bu günə qədər görülən işlərin haqqında jurnalistlərə məlumat verib. O bildirib ki, Xızı əhalisinin 3700-dən çoxu profilaktik tibbi müayinələrdən keçib. Onlardan 119-da ürək-damar, şəkər və ağciyər xəstəlikləri aşkarlanıb.

Şabran Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Kəmalə Süleymanova da müayinələrlə bağlı hesabat verərkən qeyd edib ki, əhali arasında ciddi fəsadlı xəstəliklərə çox az rast gəlinib. İlkin müayinələr nəticəsində aşkarlanan xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, həmin pasiyentləri ya öz xəstəxanamızda, ya da Bakıda ixtisaslaşmış xəstəxanalara göndəririk. Onlarla daim əlaqədə olub, vəziyyətləri ilə bağlı məlumat alırıq. Tədbirə qatılan Siyəzən ağsaqqalları, icra hakimiyyətinin nümayəndələri tibbi müayinələrin əhəmiyyətindən danışıblar.

Daha sonra jurnalistlər Quba rayonunda tibbi müayinələrin təşkili ilə tanış olublar.

Quba rayon xəstəxanasının baş həkimi Əliyar Sərvərov bildirib ki, 169796 min əhalinin 32994-ü profilaktik müayinələrə cəlb edilib. Xəstəlik aşkarlanmış rayon sakinlərindən 245-i cərrahiyyə əməliyyatı olunub. Əsasən aşkarlanan xəstəliklər arasında tənəffüs yolları, həzm sisteminin xəstəlikləri üstünlük təşkil edir.

Tədbirə qatılan Qusar rayon xəstəxanasının baş həkimi Mübariz Zeynalov isə deyib ki, bu müayinələr vaxtında profilaktik tədbirlərin görülməsi, fəsadların aradan qaldırılması və lazimi tibbi yardım göstərilməsi baxımından çox əhəmiyyətlidir. İllərdir həkimə getməyən rayon sakini tibbi müayinəyə cəlb edilir. Qusar rayon xəstəxanasında təcili tibbi yardım, qəbul şöbəsi, şüa diaqnostikası, laboratoriya, onkologiya, doğum, cərrahiyyə, reanimasiya, qadın məsləhətxanası, vərəm, infeksion xəstəliklər şöbələri fəaliyyət göstərir. Xəstəxanada qastroskopiya, kolonoskopiya, şüa diaqnostika şöbəsində ultrasəs, rentgen, rentengoskopiya və rentengoqrafiya müayinə metodları aparılır.

Həmçinin xəstəxanada müasir avadanlıqla təchiz olunmuş doğum şöbəsinin fəaliyyət göstərdiyini deyən baş həkim doğum şöbəsində yaradılan cərrahiyyə blokunda zərurət olduqda qeysəriyyə əməliyyatlarının da keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Xaçmaz rayon xəstəxanasının baş həkimi Səyyaf Tağıyev də çıxış edib. Baş həkim çıxışında rayonda 177600 əhalinin yaşadığını deyib. Əhalinin 52734 nəfəri profilaktik müayinələrdən keçib. Müayinədən keçənlərdən 16828-i ambulator müalicəyə cəlb edilib. Onlardan 69 nəfəri isə cərrahiyyə əməliyyat keçirib.

Qeyd edək ki, prezidentin tapşırığının icrası məqsədilə Səhiyyə Nazirliyi tərəfindən 4 briqada yaradılıb. Mütəxəssislər Lənkəran, Şəki, Gəncə və Quba bölgəsində fəaliyyət göstərən tibb müəssisələrinə ezam olunurlar. Ötən il respublika üzrə 2041388 nəfər müayinədən keçirilib, 68427 nəfər dispanser nəzarətinə alınıb, 27059 nəfəri hospitalizasiya olunub. Əhalinin müayinələrə cəlb edilməsini nazirlik nəzarətə götürüb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm