RGEM: Məqsədimiz vaksinlərin xəstəliklərdən müdafiə etdiyini sübut eləməkdir
Bizi izləyin

Səhiyyə

RGEM: Məqsədimiz vaksinlərin xəstəliklərdən müdafiə etdiyini sübut eləməkdir

Bu gün Səhiyyə Nazirliyi tərəfindən Respublika Gigiyena Epidemiologiya Mərkəzində "İmmunlaşdırma həftəsi” çərçivəsində tədbir keçirilib.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva 2014-cü ildən etibarən vaksin preparatların Azərbaycana UNİCEF xətti ilə gətirildiyini deyib:

"Ölkəyə daxil olan vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan vaksinlər nazirliyin Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir".

A.Əliyeva onu da əlavə edib ki, uşaqlar peyvənddən əvvəl yoxlanılmalıdır:

"Bəzən peyvəndlər kəskin tibbi əks göstərişlər verir. Bütün bunlar valideynləri narahat edir. Əks göstərişlərin qarşısını almaq üçün mütləqdir ki, uşaqlar geniş yoxlamalardan keçsinlər. Göy öskürək, məxmərək, difteriya xəstəlikləri peyvəndlə idarə olunsa da, suçiçəyi peyvəndlə idarə edilə bilmir. Xüsusilə noyabr-dekabr aylarında artım göstərən bu xəstəliyə son 2 ildə Azərbaycanda o qədər də çox rast gəlinmir".

Ölkədə əsasən Amerikadan alınan 1 faizli dozalarda vaksinlərin istifadə olunduğunu bildirən A.Əliyeva Azərbaycanda qızılcaya da çox rast gəlinmədiyini deyib:

"Azərbaycanda qızılca xəstəliyi vaksinlərlə idarə olunsa da, məsələn, Ukraynada səhiyyə sistemi peyvənd prosesini aktiv və effektli aparmadığı üçün qızılca xəstəliyi sürətlə alovlanıb".

RGEM -in baş direktoru İmran Abdullayev isə bildirib ki, Azərbaycanda hər il olduğu kimi bu il də immunlaşdırma həftəsi keçirilib:

"Bu dəfə də hər hansı səbəbdən peyvəndlərdən kənarda qalmış uşaqların immunlaşdırılması davam etdirilir. Aprelin 23-29-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsində məqsəd vaksinlərlə bir sıra xəstəliklərdən müdafiəni sübut etməkdir. Ölkədə qızılca, məxmərək, poliomielit xəstəliklərinin qarşısının alınması xüsusilə diqqətə çatdırılır. Bu adi immunlaşdırma həftəsi deyil. Artıq 2007-ci ildən eibarən biz bu prosedurları keçiririk. Dünya praktikasında uşaqlar 100 faiz immunlaşdırmaya cəlb edilir. Bütün uşaqlar peyvənd təqviminə uyğun olaraq bu prosesə cəlb edilir".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm