NATO Rusiya və Azərbaycanla bağlı şok qərar qəbul etdi
Bizi izləyin

Son dəqiqə

NATO Rusiya və Azərbaycanla bağlı şok qərar qəbul etdi

NATO-dan şok qərar: Rusiya ilə əməkdaşlıq dayandırıldı, Azərbaycanla əməkdaşlıq dərinləşdirilir

NATO aprelin 1-də qərar verib ki, özünün Şərqi Avropadakı müttəfiqləri ilə əlaqələri dərinləşdirsin.

Publika.Az xəbər verir ki, “Azadlıq Radiosu”nun "Şərqi Avropadakı müttəfiqlər dedikdə Ermənistan, Azərbaycan və Moldovanı nəzərdə tutursunuzmu" sualına NATO-nun baş katibi Andres Foq Rasmussen "bəli" cavabını verib.

Rasmussen NATO xarici işlər nazirlərinin aprelin 1-də Brüsseldə keçirilən toplantısında iştirak edib. Toplantıda qəbul edilən əsas qərar o olub ki, alyans Krımı anneksiya edən Rusiya ilə əməkdaşlığı dayandırsın.

Rasmussen Azadlıq Radiosunun sualına tam olaraq belə cavab verib: "Bəli, Moldova, Ermənistan, Azərbaycanı nəzərdə tuturuq. Amma icazə verin vurğulayım ki, bu, yeni bir şey deyil. Bizim bu üç müttəfiq ölkə ilə onsuz da indiyəcən yaxşı oturuşmuş münasibətlərimiz olub. Və biz əslində sentyabrda Uelsdə keçiriləcək sammiti hədəfləyərək münasibətlərimizin dərinləşməsi yönündə xeyli vaxtdır ki işləməkdəyik".

Rasmussen deyib ki, sözügedən ölkələrlə münasibətləri mövcud əməkdaşlıq çərçivələri daxilində dərinləşdirəcəklər. Bu da, onun sözlərinə görə, həmin ölkələrin müdafiə sahəsində islahatlarını dəstəkləmək üçün yardım kimi cari əməkdaşlığı nəzərdə tutur.

Xatırladaq ki, NATO Ukraynanın Krım bölgəsini anneksiya edən Rusiya ilə praktiki, mülki və hərbi əməkdaşlığı dayandırıb.

Qərar NATO ölkələri xarici işlər nazirlərinin aprelin 1-də Brüsseldə keçirilən görüşündə qəbul edilib.Amma nazirlər Rusiya ilə siyasi dialoqun Rusiya-NATO şurası çərçivəsində davam etdiriləcəyini bildiriblər.

Bu, yaranan situasiyadan çıxış yolu tapmaq üçün danışıqlar imkanının saxlanması üçündür. Xarici işlər nazirləri Krımın işğalını bir daha pisləyərək bunu “qanunsuz hərəkət” adlandırıblar.

NATO-nun baş katibi xəbərdarlıq edib ki, Ukrayna böhranı Avropada yeni ayırıcı xətlər yarada bilər.Onun sözlərinə görə, Rusiyanın Ukrayna böhranı ilə bağlı gərginliyi azaltmaq üçün hər hansı addımları atdığı müşahidə edilmir.

Rusiya Ukrayna ilə sərhədə 40 minə qədər əsgər cəmləyib.Martın 31-də rus qoşunlarının bir hissəsinin oradan çıxarılacağı xəbəri yayılsa da, NATO hər hansı dəyişiklik hiss etmədiyini deyir.

Bundan başqa NATO strateqlərinə tapşırılıb ki, yaxın həftələrdə alyansın şərq sərhədlərini daha da möhkəmləndirmək, xüsusən şərqi Avropa ölkələrində narahatlığa son qoymaq üçün əlavə müdafiə tədbirləri görmək təkliflər hazırlasınlar.

Bu təkliflərdən biri Pribaltika ölkələrində hərbi bazalar yaradılması və oraya NATO qüvvələrinin yerləşdirilməsi ola bilər.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm