Tarif Şurasından qiymət AÇIQLAMASI
Bizi izləyin

Sosial

Tarif Şurasından qiymət AÇIQLAMASI

Təbii qaz və elektrik enerjisi tariflərinin diferensiasiyası həm əhalinin, həm də istehsalçıların maraqlarını qorumağa yardım edəcək.

Təbii qaz və elektrik enerjisi tariflərinin diferensiasiyası həm əhalinin, həm də istehsalçıların maraqlarını qorumağa yardım edəcək.

Publika.az xəbər verir ki, bu sözləri Trend-ə Azərbaycan Tarif (qiymət) Şurasının ikinci katibi İlkin Məcidov deyib.

Onun sözlərinə görə, Azərbaycanda siyasətin sosial yönümlü olması səbəbi ilə tarif siyasəti kifayət qədər mühafizəkardır. Yəni qurumun prioriteti tariflərin minimal səviyyədə saxlanmasıdır: “Ona görə otpimal qiymətlərin tətbiq olunması zərurəti yaranır. Təbii ki, istehsalçılar yüksək tariflərin, əhali isə aşağı tariflərin tətbiq olunmasının tərəfdarıdır. Amma biz bu və ya digər kateqoriyanın arzusuna uyğun tarif tətbiq edə bilmərik. Bizim məqsədimiz ən optimal tarifi tətbiq etməkdir.”

Tarif Şurasının katibi qeyd edib ki, qaz tariflərinə yenidən baxılması qaçılmaz idi: “Məlumdur ki, əhali qrupundan olan istehlakçılar üçün təbii qaz tarifləri sonuncu dəfə 2009-cu ildə, digər qrup istehlakçılar üçün isə 2007-ci ildə nəzərdən keçirilmişdi. O zaman tarif 1000 kubmetr qaz üçün 100 manat həcmində müəyyən olunmuşdu. Ötən dövr ərzində istehsalçılar xərclərdəki dəyişikliklər səbəbi ilə tariflərə yenidən baxılması üçün dəfələrlə bizə müraciət edib. Bu gün SOCAR təbii qazı bir neçə mənbədən əldə edir və “Azəriqaz” İB-nin yardımı ilə ölkə üzrə paylayır. Buraya SOCAR-ın neft və qaz hasilatı müəssisələri tərəfindən hasil olunan təbii qaz, “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan qaz və “Şahdəniz” yatağından əldə olunan təbii qaz daxildir. “Şahdəniz” yatağından hasil olunan təbii qazın qiyməti dollar müqavilələrinə əsasən təyin olunur. Bundan başqa, maya dəyərinin formalaşmasına nəqliyyat xərcləri də təsir göstərir”.

Onun sözlərinə görə, aparılan təhlil nəticəsində müəyyən olunub ki, Azərbaycanda istehlak olunan qazın 50 faizə yaxını elektrik enerjisinin istehsalı məqsədilə “Azərenerji”nin payına düşür.

İ.Məcidov deyib: “”Azərenerji” tərəfindən qazın bu qədər istehlak olunması elektrik enerjisi qiymətlərinin artmasını qaçılmaz edə bilərdi. Ona görə Tarif Şurası ilk növbədə “Azərenerji”yə satılan qazın tariflərini maksimal aşağı səviyyədə saxlamaq qərarını qəbul etdi. Təkrar nəzərdən keçirilənədək bu tarif 1000 kubmetr üçün 80 manat səviyyəsində idi, bundan sonra isə 1000 kubmetr üçün 120 manat təyin edildi”.

Onun sözlərinə görə, əhalinin xərclərini nəzərə almaq lazım idi. Bu, əsas prioritetlərdən biridir: “Bizim tədqiqatlarımıza əsasən, əhalinin 62 faizi ildə 1500 kubmetrdən az qaz istehlak edir. Eyni zamanda əhalinin 72 faizi ayda 250 kilovatt/saat-dan çox elektrik enerjisi istehlak etmir. Ona görə, Tarif Şurası həm əhalinin böyük hissəsinin, həm də istehsalçıların maraqlarını qorumaq üçün tarifləri istehlak həcminə uyğun olaraq diferensiallaşdırmağı qərara aldı. Digər üsullarda diferensiallaşdırma qaçılmaz xərclərə səbəb ola bilərdi”.

Eyni zamanda İ.Məcidov qeyd edib ki, israfçılığın qarşısının alınması, qazın və elektrik enerjisinin daha qənaətli istifadəsi tarif artımının təsir etməyəcəyi əhali kateqoriyasını genişləndirəcək: “İstehlak səbətinə əsasən, Azərbaycanda adambaşına düşən qaz istehlakının orta aylıq həcmi 21 kubmetr təşkil edir. Nəzərə alsaq ki, ortalama azərbaycanlı ailəsi 4,7 nəfərdən ibarətdir, illik hesablamada bir ailə üçün orta illik qaz istehlakının həcmi 1200 kubmetrə bərabər olur. Elektrik enerjisinin adam başına düşən orta aylıq həcmi 50 kilovatt, ailə üçün isə 235 kilovatt təşkil edir. Eyni zamanda qaz və elektrik enerjisinin qənaətlə istehlakı tarif artımının şamil olunmayacağı əhali kateqoriyasını genişləndirə bilər. Hesab edirəm ki, tariflərin diferensiallaşdırılması qaz və elektrik enerjisinin istehlakında israfçılığı azaldacaq”.

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm