Direktorun təcavüz etdiyi qız: "Fahişə idin, səni arvad elədim"
Bizi izləyin

Sosial

Direktorun təcavüz etdiyi qız: "Fahişə idin, səni arvad elədim"

Anası rus, atası azərbaycanlı olan Sebelin həyatı elə əvvəldən gətirməyib, üzü gülməyib.

Həyat çox təzadlıdır. Elə insanlar var ki, dünyaya övlad gətirə bilmək üçün hər şey edir, illərlə müalicə alır, doğulmayan körpəsi üçün hər cür şərait yaradırlar. Elə insanlar da var ki, dünyaya övlad gətirsə də, ona sahib çıxa bilmir, uşağından imtina edir, onu küçəyə atırlar. Dövlət bu uşaqlara sahib çıxsa da, valideyn qayğısı, sevgisi görmədən böyüyən körpələrin həyatda normal insan kimi formalaşa bilməsi çox zaman mümkün olmur. İnternat məktəbini bitirən qızlar yeni həyata alışa bilmirlər. Ana qayğısı, öyüd-nəsihəti almadıqları üçün yalnış yollara düşürlər.

Sebel də valideyn qayğısından məhrum olan belə uşaqlardan olub. Bəlkə elə buna görə də, o, həyatını düzgün qura bilməyib. Tərk edilib, aldanıb, sevib, sevilib, ana olub, uduzub… Az yaşında çox şey yaşayıb, həyatın tərs üzünü görüb.

Sebel Cəfərova 1994-cü ildə Bakıda doğulub. Anası rus, atası azərbaycanlı olan Sebelin həyatı elə əvvəldən gətirməyib, üzü gülməyib. Atası ilə anası ayrıldığı üçün, körpə Sebeli ana nənəsi ata nənəsinə verir: "Ata nənəm yaşlı olduğu üçün mənə baxa bilmirmiş. Həm də xərçəng xəstəsi olub. 5 yaşım olanda məni körpələr evinə verib. Müxtəlif uşaq evlərində olmuşam. 9-cu sinifi bitirdikdən sonra mənə baxan müəlliməm məni himayəsinə götürdü. Bir müddət onun evində qaldım. Sonsuz qadın olduğu üçün məni himayəsinə götürmüşdü. Onun öz evi deyildi, bacısının evində qalırdı. Mənim o evdə olmağım söz-söhbətə səbəb olduğu üçün evdən qaçdım". Daha sonra internat məktəbinə yerləşdirilən Sebel, orada həyatının ən böyük zərbələrindən birini aldığını — 12 yaşında internat məktəbinin direktorunun təcavüzünə uğradığını deyir (Bu hadisədən sonra direktor işdən çıxarıldığı üçün, həmin internat məktəbinin və sözügedən direktorun adını qeyd etmirik — red.): "Uşaq evində vəziyyət elədir ki, dərdini deməyə heç kimin olmur. Stressdə idim. Mən astma xəstəliyindən əziyyət çəkirəm. Həmin gün də astmam tutmuşdu. Direktor yuxu dərmanını meyvə şirəsinə qarışdırıb mənə veribmiş. Xəbərim olmayıb. Səhər ayıldım ki, artıq bakirəliyim pozulub. Bütün həyatım məhv oldu. Yemək yeyə bilmirdim, insanlara nifrət edirdim. Sonradan direktorla bir dəfə də münaisbətim oldu. Amma bu dəfə könüllü bir yerə olduq. Qadın olandan sonra bədən dəyişir, tələbat yaranır". Sebel məktəbi bitirdikdən sonra kafelərdə işləməyə başlayır. Kafedə işləməklə yanaşı, axşamlar müğənnilik də edir. Deyir ki, aya 200-300 manat qazancı olurmuş. Həmin dövrdə çalışdığı kafedə də gecələyirmiş. Sebelin ilk sevgisi də elə işlədiyi kafedə başlayır. Müdirinə aşiq olur və bir müddət onunla bir yerdə yaşayır: "Sevirdim onu. 34 yaşı vardı. Amma ailəsi biləndən sonra özüm ayrıldım. İstəmədim ki, mənə görə başqa bir qadın bədbəxt olsun. Amma ürəyimdə qalmışdı. Ara-sıra zəngləşirdik. Bu həyat məni yormuşdu. İstəyirdim ki, başımın üstündə daimi biri olsun".

Qadının gələcək taleyi də xoş olmayıb. Heç bu gün də xoşbəxt deyil: "Kafelərdə işləyirdim. Gah ofisiant işlədim, gah müğənnilik elədim, gah da model oldum. Bir müddət beləcə keçdi. Həyatımın tam bitdiyini düşündüyüm yerdə indiki yoldaşımla tanış oldum".

"2012-ci il dekabrın 31-i idi. O, qarşıma çıxdı. Baxmayaraq ki, aramızda yaş fərqi çox idi, mən onun təklifi ilə razılaşdım. Məcbur idim. Başımın üstündə birisinin olması üçün bu münasibətə razılaşmağa məcbur idim. Əvvəllər mənə çox yaxşı baxırdı. Onu sevməsəm də, mənə ailə lazım idi. Hamilə qalanda özümü dünyanın ən xoşbəxti hiss edirdim. Ana olmaq ən böyük arzum idi. Yoldaşım da sevinirdi. Deyirdi ki, "səni sevirəm, istəyirəm səndən uşağım olsun" — deyir qadın.

Amma uşaq doğulandan sonra Sebel daha böyük problemlərlə qarşılaşır. Həyat yoldaşı "Bar fahişəsi idin, səni arvad elədim" deyərək dəfələrlə təhqir edir: "Ailə qurandan sonra cəmi bircə dəfə keçmiş sevgilimlə görüşmüşdüm. Çünki onu unuda bilmirdim. Yoldaşım isə məni döyür, təhqir edirdi. Hər dəfə deyirdi ki, "o, sənin üçün nə edib ki, onu sevirsən, məni yox?". Sebel dəfələrlə "həyat yoldaşım" dediyi şəxsdən ayrılmaq istəsə də, bacarmayıb. Sonra ikinci övladına hamilə qalıb: "Düzdür, sevmirəm bu adamı. Amma o, məndən əl çəkmir. İkinci övlad da istəmirdim, bilmədən hamilə qalmışdım. Abort üçün pulum da yox idi. Məcbur olub dünyaya gətirdim. Uşaqların atası uşaqlarına bir gün baxır, 10 gün baxmır. Heç nə də deyə bilmirəm, adam evlidir. Öz ailəsi, öz həyatı var. Uşaqlara heç adını-soyadını da verməyib. Bilmirəm gələcəyimiz necə olacaq. İşləmək istəyirəm, amma uşaqlarıma baxan yoxdur. İki oğlum var. Gələcəyim isə sual altındadır".

Hazırda Sebel iki uşağı ilə tək yaşayır. Heç bir yerdə işləməyən qadın uşaqlarını dost-tanışın etdiyi yardımlarla saxlayır. Maddi çətinlik ucbatından səhhətindəki problemlər dərinləşib, tez-tez xəstələnir. Elə həyatını mənə danışanda da ayaq üstə güclə dururdu…

O, yaşıdlarına və özündən kiçiklərə məsləhət də verir: "İstəmirəm, heç bir gənc mənim taleyimi yaşasın. Həyat çox qısadır. İnsanlar əllərindəki şanslardan istifadə etsinlər. Heç kimin sabahı sığortalanmayıb. Başqalarının həyatına baxıb, öz həyatlarına şükür etsinlər".

Qeyd edək ki, Sebel Cəfərova "Evrovision 2013"ün seçim turunun iştirakçılarından olub.

P.S. Yazı hazır olanda xəbər tutduq ki, Sebel xəstəxanaya yerləşdirilib. Həkimlər onun immun sisteminin həddən artıq zəiflədiyini və onun hələ bir müddət xəstəxanada qalmalı olacağını bildirirlər. (sputnik.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm