Deputat: “Avropa 300 min qaçqının əlində qalıb, Azərbaycanda köçkünlərə mənzil verilir”
Bizi izləyin

Sosial

Deputat: “Avropa 300 min qaçqının əlində qalıb, Azərbaycanda köçkünlərə mənzil verilir”

“Bu gün Avropa 200-300 min qaçqının əlində əsir qalıb. Bununla bağlı nə qədər münaqişələr yaranır, sərhədlər bağlanır, həmin ölkələrin daxilində qaçqın və məcburi köçkünlərə münasibət gəginləşir. Lakin Azərbaycan 1988-ci ildən bu prosesin içərisindədir. O zamandan 27 il ötməsinə baxmayaraq, ölkəmizdə olan məcburi köçkünlərin hamısı yerləşdirilib, yaşayış şəraiti yaxşılaşdırılıb, mənzillərlə təmin edilib, hətta bəziləri fərdi evlərlə təmin olunublar”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığa fərmanın əhəmiyyətinə münasibət bildirərkən deyib.

T.Rzayev bildirib ki, Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var:

“Ölkəmizdə bu həssas təbəqəyə göstərilən diqqət bu gün də davam etməkdədir. Bu qədər məcburi köçkünü saxlamaq elə də asan məsələ deyil. Bütün çətinliklərə, eləcə də dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, ölkə başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərman imzalaması göstərir ki, məcburi köçkünlərlə bağlı məsələ dövlət başçısının qarşısında duran ilk məsələlərdəndir və onlara göstərilən qayğı bundan sonra da yaxşılaşdırılmalıdır”.

T.Rzayev qeyd edib ki, dünyada mövcud olan iqtisadi böhran nəticəsində ölkədə müəyyən qiymət artımlarını başqa səmtə yönəltməyə çalışırlar:

“Lakin Prezident İlham Əliyevin son bir neçə gün ərzində həm minimum əmək haqlarının, həm pensiyaların sığorta hissəsinin artırılması, həm də ötən gün məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanları göstərir ki, sosial məsələlər, xüsusilə də əhalinin rifah halının yaxşılaşdırılması dövlət başçısının hər zaman diqqətindədir.

Digər tərəfdən isə məcburi köçkünlər respublikanın bütün ərazilərində yerləşdiyi üçün əvvəllər onlara ayrılan xərc və kommunal müavinətlərin ayrılmasında müəyyən mübahisələr yarada bilirdi. Bu baxımdan cənab Prezidentin fərmanı zamanında və düzgün atılan addımdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm