“Köçkünlərlə bağlı dəyişiklik dövlət vəsaitlərinin səmərəli idarə olunmasını təmin edəcək”
Bizi izləyin

Sosial

“Köçkünlərlə bağlı dəyişiklik dövlət vəsaitlərinin səmərəli idarə olunmasını təmin edəcək”

Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzayıb. Fərmanda deyilir ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilir.

Hər bir məcburi köçkün ailəsinin minimum 4-5 nəfərdən olduğunu nəzərə alsaq, onda bu məbləğ onların aylıq kommunal ödənişlərini rahat şəkildə ödəməyə imkan verəcək. Dövlət bu yolla həm məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsini gücləndirir, həm də ünvanlılıq məsələsini daha da dəqiqləşdirir

Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, xərc və kommunal müavinətlərin ayrılmasında müəyyən mübahisələr yaranırdı:

“İndiyə qədər büdcədən bu ödənişlərin həyata keçirilməsi mexanizmi fərqli idi. Həmin vəsaitlər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçürülür, daha sonra müvafiq dövlət qurumlarına ödəniş həyata keçirilirdi. Bir neçə mərhələdən ibarət olan köçürülmə müəyyən ləngimələrə yol açır, ünvanlılıq pozulurdu. Bundan sonra isə vahid aylıq müavinətin məcburi köçkünlərə çatdırılması mexanizmi daha sadə və ünvanlı olaraq onların öz hesabına köçürüləcək. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi indiyə qədər bu sistemdə mövcud olan problemlərin aradan qalxmasına gətirib çıxaracaq. Çünki mexanizmi sadələşdirir, yayınma hallarının qarşısını alır. Eyni zamanda aylıq məbləğin tərkibində əksini tapan kommunal xidmətlər üçün xərcləri vətəndaş öz sərəncamındakı vəsait kimi idarə edə bilir. Vətəndaş məbləğdən qənaətlə istifadə etməklə xərclərini azalda bilər”.

R.Həsənov deyir ki, dəyişiklik dövlət vəsaitlərinin səmərəli idarə olunması, korrupsiya hallarına yol açılmaması kimi də xarakterizə edilə bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm