"Sovetski"də yeni tikilmiş hündürmərtəbəli bina sökülür? - RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO
Bizi izləyin

Sosial

"Sovetski"də yeni tikilmiş hündürmərtəbəli bina sökülür? - RƏSMİ AÇIQLAMA - FOTO/VİDEO

14 mərtəbəli və 49 mənzilli bina söküntü ərazisinə düşür

Bakı şəhəri Yasamal rayonunun keçmiş Sovetski küçəsinin 26 hektarı əhatə edən Füzuli meydanından Nərimanov prospektinə qədər ərazisi və Təzəpir Məscidi istiqamətində yollar genişləndirilir, inşaat və abadlıq işləri aparılır. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Lakin görülən bu işlər Yasamal rayonu Çingiz Mustafayev küçəsi, 43 saylı binanın sakinlərinin narazılığına səbəb olub. Onları narazı salan səbəb isə yol çəkilişi səbəbindən binanın sökülməsi qərarıdır. Sakinlər binanın sökülməsini istəmir. Bu barədə 1news.az saytına müraciət edən sakinlər bildirib ki, onlara təklif edilən kompensasiya ilə bu rayonda mənzil ala bilməyəcəklər. Üstəlik onlar pul yox, məhz öz mənzillərində qalmaq istədiklərini deyirlər. Qeyd edək ki, bina 2008-ci ildə istifadəyə verilib.

Məsələ ilə bağlı ərazidə iş aparan “Azəravtoyol” ASC-yə müraciət edik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli adıçəkilən binanın sökülməsinin planda olmadığını dedi.

Yasamal rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Səməd İslamov isə Publika.az-a açıqlamasında bildirib ki, yolda aparılan təmir işləri ilə əlaqədar olaraq 14 mərtəbəli və 49 mənzilli bina söküntü ərazisinə düşür: “Bununla əlaqədar hazırda mənzil sahibləri ilə danışıqlar aparırıq, təkliflər hazırlayırıq. Layihədə həmin binanın saxlanılması nəzərdə tutulmayıb. Həmin bina yeni layihənin görkəminə uyğun deyil. Ona görə də, binanın köçürülməsi nəzərdə tutulub. Böyük bir binadır və oradakı sakinlərin köçürülməsi üçün kifayət qədər maliyyə vəsaiti lazımdır. Hesablamaların son nəticəsi olaraq Yasamal rayon İcra Hakimiyyəti ilə Maliyyə Nazirliyi arasında danışıqlar aparıldıqdan sonra hesablanmış vəsaitlər əlaqədar hökümətə təkliflər veriləcək. Ondan sonra qərar qəbul ediləcək”.

İcra Hakimiyyəti rəsmisi sakinlərin razı olmadığı halda, məsələnin hüquqi müstəvi həll ediləcəyini dedi: “Həmin ərazidəki sakinlərin köçürülməsi Nazirlər Kabinetinin 2 müvafiq – 11 noyabr 2015-ci il tarixli 358 saylı və 30 dekabr 2016-cı il tarixli 533 saylı qərarı əsasında həyata keçiriləcək. Ərazidən vətəndaşların köçürülməsini torpaqların dövlət ehtiyacına görə alınması qanununa əsasən reallaşdırılacaq. Qərar qəbul ediləndən sonra bununla razılaşmayanlarla bağlı məsələ hüquqi müstəvidə həll ediləcək. Sakinləri köçürüləndən sonra həmin bina söküləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm