• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Uşaqlarını döyən valideynlər cinayət məsuliyyətinə cəlb ediləcək

  • Sosial
  • 3 Mart 2017 09:06
  • 340 Baxış
Uşaqlarını döyən valideynlər cinayət məsuliyyətinə cəlb ediləcək

Azərbaycanda uşaqların cismani cəzanın bütün növləri ilə cəzalandırılması qadağan edilə, uşağına qarşı cismani cəza törətmiş şəxslər valideynlik hüququndan məhrum edilə və ya onların valideynlik hüquqları məhdudlaşdırıla bilər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Trend-ə bildirib ki, bu məsələlər Ombudsman Aparatı və UNİCEF tərəfindən birgə hazırlanmış “Uşaqların cismani cəzalardan müdafiəsi haqqında” qanun layihəsinə daxil edilib.

Yeni layihənin əsas məqsədləri cismani cəzalara məruz qalmış uşaqların hüquqlarının müdafiəsi və onlara sosial-psixoloji yardımın göstərilməsi, uşaqlara qarşı törədilmiş cismani cəzaların səbəblərinin, həmçinin buna şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, uşaqların cismani cəzalara məruz qalması riskinin azaldılması, cismani cəzaların tətbiqinə yol vermiş şəxslərin Azərbaycanın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasıdır. Qanun layihəsində xarakterindən asılı olaraq, cismani cəza verənlərə intizam, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.

Qanun layihəsində cismani cəzanın qarşısının alınması sahəsində hüquqi, sosial və maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

A.Səfixanlı deyib ki, hüquqi tədbirlər dedikdə, cismani cəza hallarının araşdırılması, cismani cəzaya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi, cismani cəzadan zərərçəkmiş uşaqların hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində uşağın və müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, cismani cəzadan zərərçəkmiş uşaqların hüquqi yardımla təmin edilməsi, cismani cəza ilə bağlı əməlləri törətmiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması, eləcə də səlahiyyət sahiblərinin və ya digər şəxslərin peşə fəaliyyətinin məhdudlaşdırılması və müvəqqəti olaraq həmin fəaliyyətdən kənarlaşdırılması kimi tədbirlər başa düşülür.

Aparat rəhbərinin sözlərinə görə, sosial tədbirlər dedikdə cismani cəzadan zərər çəkmiş uşaqların sosial müdafiəsinin təşkili, tibbi yardımın göstərilməsi, psixoloji reabilitasiya kurslarının təşkili və s. bu kimi tədbirlər nəzərdə tutulur:

"Maarifləndirici tədbirlərə isə cismani cəzanın mənfi hüquqi, tibbi və sosial nəticələrinin əhali arasında izah edilməsi, cismani cəzaya səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmiş tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili, cismani cəzaya görə qanunverciliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi kimi tədbirlər aid edilir.

A.Səfixanlı əlavə edib ki, qanun layihəsi hazırlanarkən bir sıra Avropa ölkələrinin təcrübəsi və BMT-nin ixtisaslaşmış qurumlarının tövsiyələri nəzərə alınıb.

Onun sözlərinə görə, BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan Hökumətinə təqdim etdiyi son tövsiyələrində “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsini müsbət hal kimi qeyd edilib və ölkəmizdə bütün məkanlarda, o cümlədən ev şəraitində uşaqların cismani cəzanın bütün növləri ilə cəzalandırılmasını birmənalı qaydada qadağan edən qanunun qəbul edilməsi tövsiyə olunub: "Bununla yanaşı, Azərbaycan Hökumətinin ikinci məruzəsi ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə tövsiyələrində də ölkəmizdə “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanunun qəbul edilməsi qeyd edilib”.

Qeyd edək ki, layihəyə görə, cismani cəza uşaqlara qarşı valideyn və ya səlahiyyət sahibi olan şəxs tərəfindən dərəcəsindən asılı olmayaraq, hər hansı ağrı və ya narahatlığa səbəb olan fiziki qüvvənin tətbiq edilməsidir. Artıq layihə MM-ə təqdim edilib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>