Ölümü satın alanlar…
Bizi izləyin

Sosial

Ölümü satın alanlar…

GÜLLÜ YOLOĞLU

tarix elmləri doktoru

Son vaxtlar artan intihar hallarını hərə bir yerə yozur. Dinimizə görə, intihar günahdır. Bəziləri ölkədə insan hüquqlarının pozulması ilə əlaqələndirir, Avropa ölkələrindəki insan haqlarının qorunmasını gözümüzə soxurlar. Lakin onlar bilmirlər ki, Avropaya görə, intihar da insan haqlarının bir qoludur. Yəni insan özü yaşayıb-yaşamayacağına qərar verir. Can mənimdir, özüm bilərəm. Yaşamaq kimi, ölmək də mənim haqqımdır…

Ortada uzun müzakirələrə səbəb olan “evtanaziya” termini dolaşır. Bu yolla maraqlı tərəflər insanların ağzını arayırdılar. Əslində evtanaziya sağalmaz xəstəlikdən əzab çəkənlərin əzabına son qoymaq məqsədi güdürdü. Yunancada mənası “yaxşı ölüm” olan bu termini XVI əsrdə ortaya atan Frensis Bekon sonradan onun praktikada bu qədər geniş tətbiqini tapacağını və “yaxşı ölmək” istəyənlərin sayının artacağını ağlına belə gətirə bilməzdi. Əlbəttə ki, tələb olan yerdə təklif də özünü çox gözlətmir. Bəzi ölkələrdə ölmək istəyənlərə “yaxşı ölüm” təklifi ilə meydana çıxan şirkətlər, təşkilatlar yaradıldı və bu iş də biznesə çevrildi. Xospis, yəni insana ölmək imkanı vermək insan haqlarının bir parçası oldu.

Hələ II Dünya savaşına qədər də Avropada evtanaziya və yevgenikadan istifadə olunurdu. Z.Freyd də ağız boşluğundakı xərçəngdən əziyyət çəkdiyinə görə həkimi Şurun köməyi ilə bu dünyaya əlvida demişdir… Hərçənd ki, Hippokrat andı həkimə bunu etməyə icazə vermir…

(Bu barədə Nuran Gündüzoğlunun “Baal-Zevulun marionetləri” (Bakı, “Qanun” nəşriyyatı, 2015, 252 s.) kitabından geniş məlumat əldə etmək olar).

Avropada düşünürlər ki, hansısa binadan özünü atıb asfaltı çirkləndirmək, insanlar üçün təhlükə və ya qorxu, dəhşət yaratmaq yerinə sivil təşkilatla öncədən danışıb müəyyən məbləğ qarşılığında təmiz yerdə uzanaraq ölümcül dərman içirdilməsi və ya yeridilməsi nəticəsində gözlərini qapamaq daha yaxşıdır. Və bu “ölüm” cəmiyyətdə o qədər müsbət qarşılanıb ki (yəni insan haqları hərtərəfli təmin olunur), hətta bir sıra ölkələr qanunla bunu tənzimləməyə başlayaraq yaş həddini belə aradan qaldırıblar. Niderlandda azyaşlıların da həyatdan rahat gedə bilmə haqqı leqallaşaraq 12 yaş göstərilir. Yəni 12 yaşdan yuxarı uşaqların da hüququ təmin olunub… İntiharı leqallaşdıran ilk ölkə Niderland oldu. Ölkə məhkəməsi bunu 1984-cü ildə mümkün hesab etdi və 2002-ci ilin 1 aprelindən leqallaşdırıldı. Görəsən, 1 aprelin seçilməsi təsadüf idimi?!

2002-ci ildə Belçikada leqallaşan evtanaziya 200, 2004-cü ildə isə 360 xəstənin əziyyətinə son qoydu. 2014-cü ildən isə uşaqların evtanaziyası leqallaşdırıldı. Kanada, Lüksemburq, Belçika və bəzi digər ölkələrdə də düşünürlər ki, insanın yaşamaq hüququ olduğu kimi, ölmək hüququ da olmalıdır.

ABŞ-da 1994-cü ildən Oreqon ştatında müəyyən məhdudiyyətlərlə qəbul olunan evtanaziya 2008-ci ilin noyabrından Vaşinqton ştatında, 2013-cü ildə Vermont ştatında, 2015-ci ildə Kaliforniya ştatında da qüvvəyə mindi. İndi intihar etmək istəyən amerikalılar bu ştatlara və tərəddüd içində... Meksikaya gedirlər...

Azərbaycanda, Rusiyada, Qazaxıstanda evtanaziya qanunla qadağan olunub. Bu qadağa ilə, Avropaya görə, biz insan haqlarını pozuruq, onun ölmək hüququnu əlindən alırıq...

İstər xristian, istərsə də müsəlman din xadimləri evtanaziyanın əleyhinədir, lakin son vaxtlar din adına insanların boğazlanaraq qətlə yetirilməsi, bir çox ölkələrdə, o cümlədən də İran İslam Respublikasında ölüm hökmünün hələ də qalması və asılma yolu ilə həyata keçirilməsi halları dindanların dilini gödək edir...

Evtanaziyanın təbliğində əsas rol amerikalı həkim, erməni əsilli Cek Kevorkyana məxsusdur. Onu hətta “Ölüm Həkim” adlandırırlar... 130-dan çox insanı o dünyaya göndərən Kevorkyana 25 il həbs cəzası versələr də, 8 ildən sonra buraxdılar...

İsveçrə sayılan ölkələrdəndir. Lakin İsveçrəyə gələn turistlərin sayı həm də baha ölüm dalınca gələnlərin sayına artır. Cəmi 4 min avroya hər kəs burada rahat, “urvatlı” ölə bilər. İntiharçı turistlərin sayı durmadan artır. İş o yerə çatıb ki, Böyük Britaniyada “İsveçrəyə getmək” evtanaziyanın sinoniminə çevrilib. Dünyanın 31 ölkəsindən İsveçrəyə rahat ölməyə gedirlər. Qocalar arasında bu hal daha çox yayılıb. Yaşlı cütlüklərdən biri tək qalmaq qorxusundan ölümcül xəstə olan yarına qoşulur və hər ikisi bir yerdə “xoşbəxt” ölürlər. Bunun da əsas səbəbini övladların ailələri erkən tərk etməsində, ailə bağlarının zəifliyində, qocalar evlərində atılıb qalmalarında, övladlarının olmamasında görmək olar. Tənhalıq, lazımsızlıq hissi daha qorxuludur...

Təbii ki, bu qərarı həyata keçirən həkimlər gələnlərlə ciddi söhbət aparırlar. Yalnız geri dönüşün mümkün olmadığını gördükdə bu işə qol qoyurlar. Artıq ölkədə lazımi hüquqi və tibbi yardım göstərən 6 təşkilat var və onların sayının artacağı gələn intiharçı-turistlərin sayının artmasından bəllidir... Əsas gələnlər Almaniyadandır. İkinci yerdə Britaniya, üçüncü yerdə Fransa və İtaliya durur. Yaş həddi 23-97 arasında dəyişir. 60%-i isə qadınlardır...

İnsanlara rahat ölüm təklif edən təşkilatlar daim özlərini təkmilləşdirir, şirnikləndirici təkliflər irəli sürür, öz xidmətlərini təbliğ edirlər. Məsələn, intiharçı turistləri Sürixin maraqlı, görməli yerlərində gəzdirirlər. Sonra həkim müayinəsindən keçirir və sonda yuxuda ölüm gətirən mayeni stəkanda ona içirdirlər.... Əgər 4 min avronun üstünə 3 min də gəlibsə, təşkilat onu dəfn də edəcəkmiş... 2011-ci ildə Sürix gölündə tapılan xarici intiharçı turistlərin cəsədi olan 60 konteyner göstərir ki, dəfn məsələsi sual altındadır... İldə 150-200 intiharçı turist bu təşkilatların xidmətindən istifadə edir. İndi deyək, niyə bu təşkilatlar var və niyə o ölkələr buna icazə verir? Görürük ki, icazə verilməyən ölkələrdə də insanlar bu və ya digər səbəblərdən bu və ya digər yolla dünya ilə vidalaşmaq istəyirlər və bunu edirlər də...

Bu yaxınlarda bir qadınla söhbət edirdim. Ailə problemləri üzündən intihar etmək və binadan atılmaq istədiyini daha sonra dalının-başının açılaraq biabır olacağını düşünərək fikrindən vaz keçdiyini söylədi... Dedim, yaxşı ki, abır-həya varmış, yoxsa boş bir şeydən ölüb gedəcəkdin... İndi qadın o xəyala düşməyinə yumorla yanaşır... Yəni son anda insanı nə isə saxlamalıdır... Ya abır-həya, ya günah hissi, ya qalan övladları, ya ata-ana, ya cəmiyyətin qınağı, ya da heç nə... sadəcə bu addımın çıxış yolu olmadığını dərk etmə bacarığı, yəni iradə...

P.S. Heç birimiz sonumuzun necə gələcəyini bilmirik deyirik, amma... Bu, bahalı ölümü seçən intiharçı turistlərə daha çox aiddir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm