Vidadi Zeynalovun balıq tutduğu gizli məkan - - FOTOLAR
Bizi izləyin

Sosial

Vidadi Zeynalovun balıq tutduğu gizli məkan - - FOTOLAR

Vidadi Zeynalova hələlik hökm oxunmayıb.

“MTN işi” çərçivəsində həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ümumilkdə dəyəri 43 milyon olan mülklərindən başqa, digər obyektləri də yox deyilmiş.

Salyan şossesinin 29-cu kilometrliyində (Bakı Dərin Özülləri Zavodunun arxası), Xəzər dənizinin sahilində yerləşən 30 sot ərazi də V.Zeynalova məxsusdur. Gözdən uzaq yerdə olub, kənardan diqqət çəkməyən bu ərazidə Zeynalov boş vaxtlarında balıq tutub, ov edirmiş. 30 sot ərazidə ikimərtəbəli tikili də var ki, burada da Vidadi Zeynalovun vaxtı ilə qonaqlarını qəbul etdiyi bildirilir.

Qeyd etdiyimiz ərazidə olduğumuz zaman müşahidə etdik ki, dörd tərəfi dəmir torlar vasitəsi ilə əhatələnən ərazi hazırda baxımsız vəziyyətdədir. Orada yalnız bir nəfər qalır ki, o da əraziyə nəzarət edən mühafizəçidir. Yaxınlıqda olan balıqçılar bildirdilər ki, əvvəllər tikilinin önündə dəmir çardaq da olub. Lakin təsadüfdən, ya da zərurətdən, Vidadi Zeynalov həbs olunan ərəfədə həmin çardağı da külək uçurub. Hələ də çardaq uçmuş vəziyyətdə ərazidədir.

Qeyd edək ki, V.Zeynalov 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Onun daha yüksək vəzifəyə təyinatında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolu olub. Həbsdəki eks-aparat rəhbəri ilə sabiq naziri onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun tanış etməsi haqda məlumatlar var. Bu əlaqələrə görə V.Zeynalov RYTN-də “MTN çetesi”nin adamı kimi tanınıb.

Xatırladaq ki, Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. O, qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla, həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi halda, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsinin və israf edilməsinin təşkilində təqsirləndirilir.

Vidadi Zeynalova hələlik hökm oxunmayıb. Məhkəmə prosesi yekunlaşmayıb. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm