Alimdən MÜBAHİSƏLİ TƏKLİF: “Günlərin adları dəyişdirilməlidir, çünki...” - - MÜSAHİBƏ
Bizi izləyin

Sosial

Alimdən MÜBAHİSƏLİ TƏKLİF: “Günlərin adları dəyişdirilməlidir, çünki...” - - MÜSAHİBƏ

Alim həftənin günlərinə etiraz

“Xalqın minillik yaddaşında çərşənbə adı yoxdur; gün adlarını öz doğma dilimizdə bərpa edə bilsək, çərşənbə sözünə rast gəlmərik. Həftənin günlərini bu cür adlandırır: Bazarertəsi, Xas, Duz, Süd (tək), Adna, Adnaaxşamı, Bazar”.

Bu barədə Xalq yazıçısı Mövlud Süleymanlı “Yer üzünə məktub” tarixi-fəlsəfi və etnoqrafik əsərində yazıb.

Bu gün də müxtəlif bölgələrdə həftənin günlərinin fərqli formada adlandırılmanı müşahidə edirik. Hətta bəzi ifadələr xalq yazıçısının adlandırmasına da uyğun gəlir. Lakin həmin sözlərin heç biri həftə günlərinin sıralanma təqvimində rast gəlinmir. Bəs xalq yazıçısının bu sıralaması nə qədər doğrudur? Tarixən həftənin günlərini necə adlandırmışıq?

Publika.az-ın bu və digər suallarına Folklor İnstitutu Mərasim folklor şöbəsinin müdiri Ağaverdi Xəlilov cavab verdi.

- Xalq yazıçısının sıralaması barədə məlumat verdik və sualımızı ünvanladıq. Ağaverdi müəllim bəs həftənin günləri əslində necə adlandırılıb?

- Bizdə həftənin günlərinin milli sözlərlə adlandırılması problemi var. Bu günləri özümüzün ənənəmizdə tarixən mövcud olmuş, milli sözlərlə ifadəsinə ehtiyac görürəm. Bu məsələ ilə maraqlanmışam. Həftə günlərinin milli sözlərlə ifadəsində 4 sözü tapa bilmişəm. Bunlar: Süd, Duz, Adna və Xas günüdür. Adnadan Adnaaxşamı da düzəldilir. Bazar və Bazarertəsi sözləri bizə yad deyil. Bu adları da əlavə edərək sıralayıb həftənin günlərini yenidən hazırlaya bilərik.

- Bəs indi həftənin günlərini bu cür dəyişə bilərikmi?

- Əlbəttə, təqvim hazırlamaq ciddi işdir. Ənənədə mövcud olan sözləri tapıb, yerinə qoymaq lazımdır. Onun ədəbi dilə keçib, istifadə olunması gələcəyin işidir. Bu məsələ həm də dövlət siyasətinin bir hissədir. Elmi səviyyədə ənənədə mövcud olan adları tapmaq bizim işimizdir və bunu etməliyik. Dövlət nə zaman rəsmi şəkildə adların dəyişməsinə ehtiyac duyarsa, əlimizdə hazır ifadələrin olması üçün araşdırma aparmalıyıq. Bu mənada Mövlud Süleymanlının təklif etdiyi sıralamanı doğru hesab edirəm. Ümumiyyətlə isə, düşüncədə milliləşmə, özünəqayıdış üçün həftənin günlərinin milli sözlərimizlə adlandırılması vacibdir.

- Yeddi günlük həftənin sıralamasında cəmi dörd öz sözümüz tapıldı. Digər günlərin tarixən necə adlandırılması barədə hər hansı məlumat varmı?

- Tarixən türk xalqlarında həftə bölgüsü olmayıb. Mahmud Kaşğarinin “Divani-Lüğətit-türk” kitabında türklərdə vaxtın həftə bölgüsünün olmadığını yazır. Bu bölgü sonradan alınıb və həftə fars sözüdür. Slavyan xalqlarında da həftə 4-5 günlük olub. Onlar üçün də 7 günlük həftə sonradan qəbul edilib.

- Bizdə bölgü necə olub?

- Fikrimcə, vaxt 30-luq sistemlə bölünüb. Vaxtın günə bölgüsündə Günəşli saat, sutkalıq bölgü gecə və gündüz, aya bölmək 30 günlük vaxtı əsas tutulub. Çünki qədim türklərdə ay sözü işlənib. Ayın 30 günə hərəkət etdiyini bildiklərinə görə 14 gecəlik ay, dolu ay ifadələri işlədiblər. Yəni onlar günləri sayaraq aya çatdırıblar. Qədim türklərdə mövsüm və il bölgüsü olub. İl qış və yaya bölünür, sonradan qış, yay və yaza bölünür, dördə bölgü son dövrlərdə yaranıb. Anadolu türkcəsində yaza ilk bahar, payıza son bahar deyilməsi də bu bölgüdən xəbər verir. Hər iki fəsilin adlandırılmasında ətrafın yaşıllaşması əsas götürülüb. Çünki yazda olduğu kimi payız fəslində də yaşıllıq artır.

- Əgər bizdə aylıq bölgü olubsa, günlərin bu cür adlandırılmasına nə vaxtdan başlanılıb?

- Ən qədim bölgü gün bölgüsüdür. Bu bölgülərin nə vaxt yaranması ilə bağlı konkret tarix demək çətindir. Məsələn, duz kəşf edilməsə, həftənin günü necə duz adlandırıla bilər. Bu, insanların duzu kəşf edib, həyatlarında əhəmiyyətli bir rol oynamasından xəbər verir.

- Bəs digər günlərin mənaları necədir?

- Süd günü süd sağılıb, paylanması ilə əlaqədardır. Duz günü əhalinin duz topladığı gün olub. Həmin günlərdə hər kəs bu işlərlə məşğul olub. İnsanların həftənin günlərini bölməsi həm də təssürüfat həyatı ilə bağlıdır. Xas günü xüsusi gün deməkdir. Ola bilər ki, bu gündə insanlar şən hadisələri qeyd ediblər. Adna gününün məzmunu ibadət, dini inancla bağlıdır. Bu gündə insanlar bir yerdə ibadət edər, əcdad məzarlarını ziyarət edərdilər. Bazar çox güman ki, ticarət və alış-verişlə bağlıdır. Yəni insanlar həftədə bir gün mübadilə üçün mallarını bazara aparıblar. Çünki danışılmış gün olmasa idi, alıcı və satıcı bir-birini rahat tapa bilməzdi. Alan və satanın ticari məsələlərini məhz bu gündə həll edir.

- Günlərin adlandırılması və mənaları barədə fikirləriniz hansı mənbələrə əsaslanır?

- Azərbaycan dilində təqvimlə bağlı məsələnin araşdırılması məsələsində işlər çox məhduddur. Bu mövzu diqqətdən kənarda qalıb, araşdırılmayıb, bununla bağlı tədqiqat işi yoxdur. Düzdür, orta əsrlərdə abidə və qaynarlarımız var. Amma bu mövzunun araşdırılmasına lazımdır. Müəyyən abidələri oxumuşam. Danışdıqlarım da həm yazılı abidələrdən oxuduqlarım, həm də insanların yaddaşında yaşayan şifahi tarix, canlı ənənədir. Bu məsələdə hər iki qaynağı ümumiləşdirmək lazımdır. Məsələn, Qarabağ bölgəsində həftənin günlərindən biri tək adlandırılır. Bu, adətən çərşənbə axşamı mənasında işlədilir. Tək Duz və Süd günü ilə üst-üstə düşür. Ona görə də sıralanma məsələsində bütün bölgələrdə günlərin adlarını öyrənmək, istifadə genişliyini əsas tutaraq sıralamaq olar. Lakin bu məsələdə süniliyə yol vermək olmaz. Məsələn, türkmənlər ay adlarını süni formada adlandırıb. Adlandırma xalq dili, təfəkkürünə əsaslanmalıdır. Yəni istifadə edilən söz ən azı hər hansı bir kənddə işlənməlidir. Süni şəkildə yaratmaqdansa, beynəlxalq sözləri istifadə etmək daha yaxşıdır.

- Bu gün istifadə etdiyimiz həftənin günlərinin türklərlə əlaqəsi varmı?

- Həftə adları sırasında heç biri bizim sözümüz deyil. Məsələn, bazar mübahisəlidir. Bunun slavyan dillərindəki baza, yoxsa, Pazar sözündən yarandığı bəlli deyil. Çərşənbələr-çahar və şənbə sözlərinin birləşməsindən yaranıb. Çahar dörd, şənbə qədim yəhudi dilindən qalma şabbat sözündəndir. Bu söz tarixən digər xalqlara keçib və slavyanların subbota sözü də, qədim yəhudilərdəki şabbat sözündən yaranıb. Altı günlük həftə sistemində şabbat istirahət, ibadət günü olub. Qədim dövrdə istirahət günləri məhz ibadət günləri hesab edilir. İnsanlar işləmir, həmin günü ibadətlə məşğul olurlar. Müsəlmanlarda da cümə ibadət günü hesab edilir. Bu da ərəb dilində cəm, taplu, birlikdə mənasını bildirir. Şənbə də şabbat sözü ilə əlaqədardır. Yəni həftəni adlandırdığımız günlərin heç biri türk sözü deyil. Qonşu Türkiyədə də həftənin günləri bizim adlandırmamıza uyğundur. Yalnız Salı və pərşənbə sözləri fərqlidir. Salını araşdırmaq lazımdır, ancaq Pərşənbə qondarma ifadəyə oxşayır. Bir sözlə, türk xalqlarından da bəhrələnəcəyimiz mənbə yoxdur. Ona görə də mənbələri öyrənib, xalq ənənəsini əsas tutub öz təqvimimizi yarada bilərik.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm