“Yoldaşım 2 yaşlı qızıma pornofilm göstərirdi” – Gənc anadan DƏHŞƏTDOLU ETİRAF
Bizi izləyin

Sosial

“Yoldaşım 2 yaşlı qızıma pornofilm göstərirdi” – Gənc anadan DƏHŞƏTDOLU ETİRAF

O, hamıdan fərqlənirdi: ağbəniz, qonurgözlü idi.

Hər qadının istəyi onu xoşbəxt edən kişinin yanında olmaqdır. Bəzən isə qadının təsəvvür etdiyi və arzuladığı səadətin tam əksi olur, yəni hər gün onlarla qadın müxtəlif formalarda zorakılığa məruz qalır: fiziki, mənəvi, psixoloji və s.

Zorakılığa məruz qalan qadınların sığındığı yerlərdən biri də "Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyidir. Bura pənah gətirən qadınların hərəsinin özünəməxsus həyat hekayəsi var.

Sığınacaqda sanki burada həyat sönüb; öz dərdi ilə baş-başa qalan qadınların hər biri başlarını müxtəlif işlərlə qataraq, günlərini keçirirlər. Ətrafdakı gərgin ab-havanı yalnız uşaqların səs-küyü yumşaldırdı. Diqqətimi bir qadın çəkir. O, hamıdan fərqlənirdi: ağbəniz, qonurgözlü idi. Övladlarını bağrına basıb kənarda dayanmış, gözlərini pəncərədən uzaqlara zilləmişdi. Yaxınlaşıb salamlaşır, söhbət etmək istədiyimi deyirəm. Razılaşır.

– Adınızı bilmək olar?

– Adım Mələkdir (ad şərtidir – red.), 24 yaşım var, ailəliyəm və iki övlad anasıyam.

– Gözlərin yaman yol çəkir…

– Mənim taleyim çox acınacaqlıdır, heç bilmirəm hardan başlayım, nə danışım, nə deyim. Bura dekabr ayında gəlmişəm. Yoldaşım bizi kirayə qaldığımız evdə yiyəsiz qoyub getdi. Mən də çıxıb atam evinə getdim. Onlar da məni yola vermədilər, üz tutub sığınacağa gəldim. Nə öz tərəfim mənə sahib çıxır, nə də yoldaşım tərəf… Üç ildir ailəliyəm, mənim tərəfim də Ceyhundan boşanmağıma razı deyil. O, məndən 10 yaş böyükdür, əslən bakılıdır, fəhlə işləyir, anası, bacıları var.

– Səni niyə qəbul etmirlər ki?

– Əslində, Ceyhunu özüm də istəmişəm, ailəm də. Nişanlı vaxtlı münasibətlərimiz pozulmuşdu, üzüyü qaytarmaq istəyirdim. Ancaq anam icazə vermədi və mən də məcbur qalıb ailə qurdum. Elə problemlər də ondan sonra başladı.

Bizimlə söhbət edə-edə azyaşlı qızına baxır, onun başına sığal çəkib doluxsunur. Udquna-udquna özünü lənətləyir:

– Nəfəs aldığım hər saniyəyə nifrət edirəm, övladlarım olmasa bir gün belə yaşamaram. Çünki Ceyhun şərəfsiz hərəkətləri ilə məni elə iyrəndirib ki, sözlə ifadə edə bilmirəm. Bilirsiniz, o necə əclaf adamdır?

– Nə edib ki?

– Axı necə deyim sizə? O, öz övladına qarşı alçaqlıq edib. Ata da 2 yaşındakı qızına telefonda porno göstərər?

Sözünü bitirməmiş hönkürtüylə ağlayaraq əllərini üzünə sıxır:

– Demək, yayda bir evdə kirayə qalırdıq. Uşaqlı evin də işi həmişə çox olur. Yoldaşım evdə olmayanda uşaqları yatırdıb, işimi görürdüm. O evdə olanda da uşaqları ona tapşırırdım. Deyirdim ki, telefonda "Maşa və ayı”nı qoy qız baxsın, arxamca ağlamasın. Bir neçə dəfə qəfildən gəlib görürdüm ki, oğlanı beşiyə atıb, qızı da yanında uzandıraraq, telefonda pozğun görüntülər göstərir. Hər dəfə qırğına çıxıb dalaşırdım, məni döyüb deyirdi ki, "indidən gələcəyə hazırlaşdırıram”. Artıq eyni əməllərindən bezmişdim. Daha nə qədər dözmək olardı bu qədər şərəfsizliyə?

– Bəs Ceyhunun hərəkətlərini onun valideynlərinə demişdin?

– Ceyhun atasının kim olduğunu bilmir. Ancaq anasına demişdim. Anası da oğlundan betər əxlaqsızdır, içib-çəkən qadındır. Hətta öz valideynlərimə də demişdim, hamısı da deyir ki, "döz otur, qayıdıb gəlsən sənə yiyə durmayacağıq”. Qızıma nə etdiyini bilmirəm. Uşağımın qorxudan dili tutulub, nə soruşuramsa danışmır, ağlayır. Ancaq bir dəfə Ceyhun işdən gələndə qızım onun yanına qaçıb, əlini atasının şalvarına atdı. Çox təəccüblə baxıb, soruşdum ki "uşaq niyə elə etdi?”. Üzümə baxıb güldü, heç nə demədi. Amma qızımı möhkəm döydüm. Bu hərəkətlərdən sonra gözüm qorxdu, qızı ona yaxın buraxmadım. Hətta yatanda uzun şal varım idi, şalın bir ucunu qızımın ayağına, bir ucunu da öz qoluma bağlayırdım ki, yuxudan ayıla bilim.

– Onun belə etməyinin səbəbi nədir?

– Bilmirəm… Özü də deyirdi ki, mən manyakam. (oğlunu göstərir) Bu uşağın nə günahı var?

O qədər əclafdır ki, pornolara baxıb məni də eyni hərəkətləri etməyə məcbur edirdi. Etmədikdə isə döyürdü. Dəfələrlə deyirdim ki, "mən sənin həyat yoldaşınam, fahişən yox”. Hətta mənimlə olan münasibətini işdə Anar adlı iş yoldaşına da danışmışdı. Bunu da bir dəfə sərxoş olanda dilindən qaçırtdı. O an sanki başımdan qaynar su tökdülər. Özümdən çıxdım, daha nələr demədim. O da gülə-gülə qayıtdı ki, "xoşun gəlmir çıx get, səndən mini tapılar”. İndi siz deyin, bu cür adamla yaşamaq olar?! O əclaf öz anasından, bacısından, arvadından yad kişilərə danışan adamdır. Bu dəqiqə onun telefonun baxsanız, ancaq lüt qız şəkilləri və pornolarla doludur. O adicə evdə mənimlə söhbət edəndə deyirdi ki, "mənim anamın aşnası var”. Ceyhundan olsaydı məni çoxdan satmışdı. Uşağın yeməyi qurtarırdı deyirdim "yemək al”. Qayıdırdı ki, "get pozğunluq elə, özün al. Mənim sizi saxlamağa pulum yoxdur”.

– Qızını həkim müayinəsindən keçirtmisən?

– Bəli, burda xahiş etdim keçirtdilər. Uşaq nevrozdur, kimsə yaxın gedəndə ağlamağa başlayır, söz soruşanda saçlarını yolur. Hamıdan qorxur, dili tutulub, heç nə də danışmır.

İnanın, hər baş verənlər yadıma düşdükcə, elə bilirəm bu dəqiqə boğulacam. İndi də məni hədələyir ki, "qızı səndən alacağıq”. Niyə, məhz qızı, oğlanı istəyin də?! Mən qızımı onlara verə bilmərəm. Ölərəm, ancaq vermərəm.

– Ceyhun burada olduğunuzu bilir?

– Yox, bilmir. Ancaq boşanacam. Boşanmağa da qorxuram, birdən məhkəmə qızımı alıb, onlara verər. Qızımı da özləri kimi pozğun edərlər. Çünki həmişə mənə deyirdilər ki, "sən boşansan, pulla da olsa qızı səndən alacağıq”. Hətta bacısı mənə deyirdi ki, "əlim hər yerə çatır, cibinə nəşə atdırıb səni tutduracam. Mən polislərlə əlbirəm”. Onlarda qeyrət, namus deyilən bir şey yoxdur.

Söhbət etdikcə aura daha da ağırlaşırdı, həm Mələk, həm də biz bu söhbətlərdən çox gərgin idik. Sağollaşıb qalxırıq. Bir-iki addım atmışdıq ki, arxamızca səslənir: mənə dua edin, nolar… (Yeniçağ.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm