• USD 1,7021 0,00% EUR 1,9133 +0,54%
    • GBP 2,2098 +0,06% RUB 0,0302 0,00%

Professor: “Ziya Bünyadovun sözləri qərbi azərbaycanlılarda qıcıq yaradırdı” - MÜSAHİBƏ - FOTOLAR

  • Sosial
  • 18 Aprel 2017 11:06
  • 9 930 Baxış
Professor: “Ziya Bünyadovun sözləri qərbi azərbaycanlılarda qıcıq yaradırdı” - MÜSAHİBƏ

Bakı Dövlət Universitetinin (BDU) professoru, fizika-riyaziyyat elmləri doktoru Niftalı Qocayevin Publika.az-a müsahibəsi:

- Azərbaycan elminin indiki səviyyəsini necə qiymətləndirirsiz?

- Azərbaycanda dövlət tərəfindən elmə maliyyə dəstəyi verilir və digər yardımlar edilir. Dövlətimizin bu sahədə öz siyasəti var. Hazırda da bu siyasət uğurla həyata keçirilir. Bundan başqa, Azərbaycanda Prezident yanında Elmin İnkişafı Fondu fəaliyyət göstərir. Bu fond tərəfindən alimlərin apardığı işlərə dəstək verilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkədir. Biz çalışmalıyıq ki, ilk növbədə ordumuz güclü olsun və torpaqlarımız işğaldan azad edilsin. Düşünürəm ki, bu problem aradan qalxandan sonra dövlətin elmə ayırdığı vəsaitin həcmi daha çox olacaq.

- Nə üçün Azərbaycan alimləri “Nobel” mükafatı ala bilmirlər?

- “Nobel” mükafatı almaq üçün mühit lazımdır. Müsəlmanlar arasında cəmi 4 nəfər “Nobel” mükafat alıb ki, onların da heç biri öz ölkəsində yaşamayıb. Ən son mükafat alan türk alimi Əziz Sancardır. O, 2015-ci ildə amerikalı Paul Modriç və isveçli Tomas Lindahl ilə birlikdə Kimya üzrə “Nobel” mükafatını qazanıb. Təbii ki, Əziz Sancar çox yüksək və bahalı texnologiyalarla araşdırmalar aparıb, çalışıb və nəticədə hədəfinə çatıb. Onun çalışdığı cihazlar çox bahalıdır. Bəlkə də qiymətdə Azərbaycanın elmə ayırdığı büdcədən ağır gələr. Buna görə də Azərbaycanda alimlərin “Nobel” mükafatı alması o qədər də asan məsələ deyil. Yəni düşünmək olmaz ki, Azərbaycan xalqı içərisində “Nobel” almaq qabiliyyətinə malik alim yoxdur. Əlbəttə ki, var. Ancaq lazımı mühit və texniki avadanlıqlar yoxdur.

Bu mükafatı almaq çox mürəkkəb prosesdir. Azərbaycanda çox işlər görülür. Ancaq “Nobel” mükafatı almaq üçün elmə çox vacib bir yenilik gətirməlisən, inqilabi kəşfə imza atmalısan. Bunun üçün də yüksək texnologiyalara malik olmalısan. Türkün alimi Əziz Sancarın “Nobel” mükafatı aldığı iş çox inqilabi işdir. O sübut edib ki, insan orqanizminin özü xərçəng xəstəliyinin əlamətlərinə qarşı mübarizə aparır. Onlar bildirir ki, yaxın 5 il ərzində bu xəstəliyin real müalicəsi mümkün olacaq.

Digər tərəfdən isə “Nobel” mükafatı sifarişlə olmur. İnşallah, torpaqlarımız işğaldan azad olunandan sonra Azərbaycanda elmə münasibət tamam dəyişəcək. Bundan sonra da “Nobel” mükafatı almaqla bağlı söhbət aparıla bilər. Yəni, torpaqlarımız işğaldan azad olunandan sonra orduya ayrılan vəsaitdən elmə də pay düşəcək. Düzdü, hazırda Azərbaycanda dövlət büdcəsindən elmə vəsait ayrılır. Ancaq indi büdcəmizin prioritet istiqaməti elm deyil, ordudur. Buna məcburuq. Bilirsiz ki, Rusiya və digər dövlətlər işğalçı Ermənistana müasir silahlar verirlər. Biz də bunun qarşısını almaq və torpaqlarımızı işğaldan azad etmək üçün olan vəsaiti daha çox orduya yönəldirik. Torpaqlarımızı azad etmək üçün zəruri olan silahları almalıyıq. Bütün bunlara görə də elmə az vəsaitin ayrılmasından şikayət etmək olmaz. Biz düşmənlə üz-üzəyik.

Bu gün Azərbaycanda elmin inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Ancaq bunun üçün bir məktəb lazımdır.

- Lütfi Zadə bizim məktəb sayılmır?

- Xeyr, bizdə Lütfi Zadə məktəbi yoxdur, o məktəbin nümayəndəsi var. Bunlar fərqli-fərqli məsələlərdir. Misal üçün, bizim universitetdə Yüksək Texnologiyalar Elmi Tədqiqat Mərkəzi yaradılacaq. Güman edirəm ki, bu mərkəzə nanotexnologiyalar laboratoriyası da daxil ediləcək.

Bir daha təkrar edirəm, “Nobel” mükafatını elmdə inqilab yaradan insanlara verirlər. İndi bizdə tez-tez deyirlər ki, mən filan şeyi kəşf etdim və sairə. Alınan nəticəyə də kəşf deyirlər. Kəşf başqa şeydir.

- Rəhmətlik Nizami Süleymanovun da bir sıra kəşfləri var idi.

- İstəməzdim rəhmətə getmiş adam haqqında danışım. Onun inqilabi kəşfi olsaydı, bu gün üzdə olardı.

- Bu yaxınlarda akademik Çingiz Qacar bildirmişdi ki, Lütfi Zadə ona görə güclü alim deyil...

- İnanmıram ki, Çingiz müəllim elə desin. Çingiz Qacar sanballı alimdir. O, belə söz deməz. Lütfi Zadə çox böyük alimdir. Ancaq dünyada onu qəbul etməyən adamlar var. Mən sizə bir misal çəkim. Fizikada Kvant mexanikası anlayışı mövcuddur. Bu nəzəriyyə 1927-1928-ci illərdə reallaşmağa başladı. Həmin dövrdə Kvant mexanikasını da qəbul etmək istəmirdilər. Deyirdilər ki, bu uydurmadır və sairə.

1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülən qeyri-səlis məntiq nəzəriyyəsi də inqilabi kəşf idi. Lütfi Zadənin həmin nəzəriyyəsindən bu gün informasiya kommunikasiya texnologiyaları sahəsində çox geniş istifadə olunur. Bu baxımdan da Lütfi Zadə çox güclü alimdir. Doğrusu, mən eşitməmişəm ki, Azərbaycanda kimsə Lütfi Zadə haqqında mənfi fikirlər söyləsin. Ancaq xarici dövlətlərdən bunu deyə bilərlər.

Onu da bildirim ki, heç vaxt yenilik birdən-birə qəbul edilmir. Adi misal deyim: bir avtomobilin yeni modeli çıxan kimi, “köhnəsi bundan yaxşı idi” deyirlər. Yəni, yenilik hər zaman başlanğıcda yaxşı qəbul edilmir.

- Bu yaxınlarda ölkə başçısı da keçirdiyi müşavirədə bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atılır, yeni müəssisələr yaradılır və sairə. Bu sahənin inkişafı üçün fizika və digər elmlər üzrə fəaliyyət göstərən alimlərin hansı elmi töhfələri ola bilər?

- Bu, çox doğru siyasətdir. Çünki hər şeyin bir sonu olduğu kimi, neftin də sonu olacaq. Ona görə də cənab Prezident qeyri-neft sektorunu zamanında inkişaf etdirir. Azərbaycanda elmlə sənayenin qarşılıqlı vəhdəti o zaman yaranacaq ki, sənayeçilər elmin nə olduğunu anlasın. Çünki Azərbaycanda sənaye sahəsində çalışan adamlar elmi hələ qəbul etmir, elmin faydasını görə bilmir. Bizdə belə adət formalaşıb ki, hər hansı sahəyə bu gün qoyduğum vəsaiti sabah çıxartmalıyam. Hazırda yanaşma bu cürdür. Ola bilər ki, elmə qoyulan pulu 1-2 ilə çıxartmaya bilərsən. Azərbaycanda elm sahəsində güclü inkişaf o zaman olacaq ki, alimlərlə sənayeçilər arasında sıx əməkdaşlıq və qarşılıqlı əlaqələr olsun. Misal üçün, qardaş Türkiyədə bir əczaçı şirkətin böyük elmi-tədqiqat institutu var. Bu gün həmin iş adamı elmi-tədqiqat institutuna qoyduğu xərcdən dəfələrlə artıq fayda görür. Bu cür örnəklər bizdə də olmalıdır.

İnanıram ki, elə bir dövr gələcək, Azərbaycanda da ayrı-ayrı iş adamları, sənaye müəssisələrində çalışan insanlar elmin dəyərini dərindən anlayıb, alimlərlə yaxından işləyəcəklər.

- Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və yerli istehsalımız olan hərbi texnikalar, silah-sursatlar da mövcuddur. Bəs bu sahədə necə? ABŞ, Rusiya, İsrail və digər ölkələrdə olduğu kimi, bizdə də alimlərlə əməkdaşlıq edilirmi?

- Konkret hansı əməkdaşlığın olduğunu deyə bilmərəm. Ancaq misal kimi söyləyim. Vaxtilə SSRİ-də atom bombasının hazırlanması zamanı bütün güclü alimlər ora cəlb olunmuşdu, onlar üçün xüsusi şərait yaradılmışdı, hətta təhlükəsizlikləri belə təmin olunurdu. Bu işin başına isə SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini olmuş Lavrenti Beriya qoyulmuşdu. Dünyanın ən məşhur alimləri ora cəlb olunmuşdu. Ona görə də bütün bu işlər çox ciddi və səmərəli nəticələr vermişdi. Azərbaycanda da buna bənzər nə isə etmək olar. Ancaq əsas məsələ odur ki, bu işdə dost-tanışlıq, qohumluq ayrı-seçkiliyi olmamalıdır. Yəni, filankəs mənim qohumumdur, bunu da cəlb edək, gəlib maaş alsın və sairə bu kimi addımlarla heç bir nəticə əldə etmək olmaz. Bunun üçün ciddi dövlətçilik amili nəzərə alınmalıdır.

Hesab edirəm ki, Azərbaycan dövləti ordunun ən güclü hərbi texnika və silahlarla təmin olunması istiqamətində mühüm işlər görür. Bu barədə cənab Prezident də dəfələrlə çıxışlar edib.

Eyni zamanda, Azərbaycanda müdafiə sənayesi sahəsi də inkişaf etdirilir. Yəqin ki, ora görkəmli alimlərimizdən də cəlb edilənləri var. Artıq Azərbaycanın bir neçə silahları var ki, onlar xarici ölkələrə də satılır. Ancaq həlledici və böyük milli silahlarımızın hazırlanması üçün müəyyən zaman lazımdır. Bu, dünyanın ən inkişaf etmiş dövlətlərində belə birdən-birə olmur. Misal üçün, bu yaxınlarda ABŞ ordusu Suriyaya 59 raket atdı. Ancaq Rusiyanın Suriyada yerləşdirilən “S-300” və “S-400” hava hücumundan müdafiə silahları ABŞ-ın atdığı raketlərin birini belə zərərsizləşdirə bilmədi. Halbuki, bu vaxta qədər Rusiya dünyaya hay-küy salmışdı, öyünə-öyünə deyirdi ki, “S-400” raketlərim var və sairə. İndi də ruslar deyir ki, Yer kürə şəklində olduğu üçün həmin raketləri vurmaq mümkün olmayıb. Məgər, həmin “S-400”-ü hazırlayan adamlar Yerin kürə şəklində olduğunu nəzərə almayıb? Rusiyanın ən çox öyündüyü hərbi texnikası ABŞ raketlərinin birini belə tuta bilmirsə, bizim hələ öyrənəcəyimiz çox məsələ var.

- Son vaxtlar Ermənistan Rusiyadan aldığı “İsgəndər-M” raketləri ilə bizi təhdid edir. Sizcə, bu raketlər də zay çıxa bilərmi?

- Ermənilər çox çığır-bağır sala bilər. Ancaq mən inanıram ki, lazım olan bütün təhlükəsizlik tədbirləri görülür. Dövlət başçımız bəyan edir ki, Azərbaycan ordusunun heç bir maddi-texniki təminat problemi yoxdur. Daha bundan böyük nə ola bilər? Yəni, orduya nə lazımdırsa, o alına bilir.

Rusiyanın Ermənistana verdiyi “İsgəndər-M” raketlərindən istifadəyə gəldikdə isə inanmıram ki, bu baş versin.

- Vaxtilə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinə rəhbərlik etmisiniz. Bu cəmiyyət ermənilərin törətdikləri faciələri dünyaya niyə çatdıra bilmədi?

- O cəmiyyətdə çox qısa dövrdə olmuşam. Qaçqınlar Cəmiyyəti 1989-cu ildə yarandı. Cəmiyyətin əsas fəaliyyəti qaçqınların problemlərinin öyrənilməsi ilə bağlı idi. Ancaq sonradan qaçqınlarla bağlı çoxlu məlumatlar yayıldı. Deyirsiz ki, cəmiyyət ermənilərin törətdikləri faciələri kifayət qədər dünyaya çatdıra bilmədi. Axı necə çatdıra bilərdi? Cəmiyyət deyəndə, İdarə Heyətinin üzvü olan bir neçə adamdan söhbət gedirdi. Onlar da mövcud problemlərin həlli ilə məşğul olurdu. Bu cür işlərlə daha geniş məşğul olmaq üçün geniş imkanlara malik olmaq lazım idi. Ona görə də cəmiyyəti bu məsələdə qınamaq da düzgün deyil.

Digər tərəfdən isə həmin dövrdə Qərbi Azərbaycandan gələn camaatı döyüb-vururdular, aşağı münasibət bəsləyirdilər. Cəmiyyət çalışırdı ki, bu cür halların qarşısının alınmasına köməklik etsin. Cəmiyyətin rolu bundan ibarət idi. Ayrıca olaraq, dövlətin Qaçqınlar Komitəsi var idi. Dediyiniz məsələlərlə həmin komitə məşğul olurdu.

Azərbaycan Qaçqınlar Cəmiyyəti isə qaçqınlara mənəvi yardım edirdi. Mən bu cəmiyyətdə çox az müddətdə oldum. 1993-cü ildə məni Türkiyəyə dəvət etdilər. Həmin vaxtı dəvətlə Ərzurum Atatürk Universitetinə, oradan isə İstanbul Universitetində professor vəzifəsinə getdim.

- O vaxt Azərbaycanı tərk etməyiniz birmənalı qarşılanmamışdı. Sizin ölkədən qaçdığınız deyilirdi...

- Hə, elədir. Deyirdilər ki, guya Azərbaycandan qaçmışam. Ancaq bütün bu söz-söhbətlər mənə gülməli gəlirdi. Buna görə də danışılanlara çox əhəmiyyət vermədim. Bu cür məsələləri təbii qəbul edirəm. Elə insanlar var ki, istənilən hadisədən özü üçün istifadə etməyə çalışır. Baxışlar müxtəlif olur.

- Həmin dövrdə kimlərin təzyiqlərinə məruz qalırdınız?

- Şübhəsiz ki, o dövrdə bizə qarşı təzyiqlər var idi. Birinci təzyiq o idi ki, Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov hakimiyyəti Ermənistandan deportasiya edilən soydaşlarımızın Qarabağda yerləşdirilməsinə imkan vermirdilər, buna qarşı çıxırdılar. Hətta, onlar Qarabağda yerləşən insanları belə çıxartdılar. Həmin insanlar Qərbi Azərbaycandan gəlib Qarabağda, Fizuli, Cəbrayıl və Şuşada yerləşmişdilər. Ermənistandan deporatsiya edilən insanlar Qarabağda yerləşdirilsəydi, bəlkə də indiki kimi olmayacaqdı.

- Axı Ayaz Mütəllibov müsahibələrində deyir ki, qərbi azərbaycanlılara qarşı təzyiq siyasəti olmayıb, əksinə onlara daha çox diqqət göstərib və sairə. Necə düşünürsünüz, başınıza gətirilən hadisələrin arxasında konkret olaraq Ayaz Mütəllibov dayanırdı?

- O dövrdə Qərbi Azərbaycandan olan soydaşlarımız bura deportasiya edilmişdi. Həmin insanları Azərbaycanda qarşılamaq və yer vermək lazım idi. Mən dəqiq deyə bilmərəm ki, bütün bunların arxasında konkret olaraq Ayaz Mütəllibov dayanırdı. Ancaq bir sözü dəqiq deyə bilərəm ki, həmin dövrdə qərbi azərbaycanlılara münasibət lazımı səviyyədə deyildi. Təbii ki, həmin vaxtı hakimiyyətdə Əbdürrəhman Vəzirov, daha sonra isə Ayaz Mütəllibov idi. Misal üçün o dövrdə Bakı şəhər partiya komitəsinin birinci katibi vəzifəsində çalışan Rüfət Ağayev vardı. Ayaz Mütəllibovun komandasının üzvü idi. O, qərbi azərbaycanlılara qarşı sərt mövqe tutmuşdu. Ancaq o zaman Azərbaycan Nazirlər Kabinetinin sədr müavini, rəhmətlik Zülfü Hacıyevin bizlərə çox böyük köməyi oldu.

Bundan başqa, rəhmətlik Ziya Bünyadovun da qərbi azərbaycanlılara ögey münasibəti var idi. Hətta, “yeraz” sözünü də ilk dəfə o işlətmişdi və insanlarda qıcıq yaradırdı. Sonra Ziya Bünyadov demişdi ki, Azərbaycandakı erməni ustaları getdi, bu ölkədə işlər necə olacaq? Sonra qaçqınlar bura gələndə, iqtidarda olan çox adam bu insanlara qarşı çıxırdı. Bütün bunlar çox ağır proses idi.

- Bəzi adamlar özlərini qərbi azərbaycanlıların lideri hesab edir. Buna münasibətiniz necədir?

- Çox mənfi münasibət bəsləyirəm. Çünki Qərbi Azərbaycandan olan soydaşlarımız da bu xalqın tərkib hissəsidir. Bu gün hər birimizin bir lideri var, o da Prezident İlham Əliyevdir.

Ümumiyyətlə, liderlik xəstəliyinə tutulan adamlar bu xəstəliyin virusu ilə də məhv olurlar. Hesab edirəm ki, Azərbaycanda ayrı-ayrı lider axtarmağa heç bir ehtiyac yoxdur. Azərbaycanın yalnız bir lideri var, bu da ölkə başçısıdır. Hamımız bu liderə söykənməliyik. Kimsə liderlik iddiasına düşürsə, deməli ya vəzifəyə, ya da mal-mülkə sahiblənmək istəyir. Yəni, onların məqsədi xalqın işinə yaramaq olmur. Ancaq liderlik arzu ilə olmur. Liderlik onu göstərməklə olur.

Əminliklə deyirəm ki, bu gün qərbi azərbaycanlılar üçün İlham Əliyevdən başqa lider yoxdur. Ona görə də qərbi azərbaycanlılar özünə ayrı lider axtarmır.

Misal üçün tutaq ki, sabah Qərbi Azərbaycandan biri çıxıb liderlik etmək istədi. Axı o adam qərbi azərbaycanlılara liderlik edib nə qazanacaq? Ümumiyyətə, o adam ölkə Prezidentindən daha çox xalqa nə edə bilər? Ona görə də liderlik xəstəliyinə tutulan adamlar elə həmin virusla da məhv olur.

- Bu gün qərbi azərbaycanlılar hansısa qurumda birləşə bilirlərmi?

- Qərbi azərbaycanlılar öz xalqının içərisinə inteqrasiya ediblər. Ayrılmalarının tərəfdarı da deyiləm. Niyə də ayrılmalıdılar? Bu məsələdə ayrı-seçkilik etmək lazım deyil. Bu gün Azərbaycanda heç kəsə doğulduğu əraziyə və millətinə görə fərq qoyulmur. Hər kəs Azərbaycan vətəndaşıdır. Qərbi Azərbaycanlılarla bağlı da ayrı-seçkiliyi yalnız xəstə adamlar düşünə bilərlər.

Əgər dövlətin istəyi ilə qərbi azərbaycanlıların tarixi ilə bağlı nə isə öyrənilərsə, bunu da ayrı-ayrı adamlar etməməlidir. Bunun üçün Tarix İnstitutu mövcuddur. Kiminsə liderlik iddiasına düşüb Azərbaycanda ayrı-seçkilik etməsinin qəti şəkildə əleyhinəyəm. Vaxtilə Əli İnsanov da qərbi azərbaycanlıların lideri olmaq istəyirdi, ancaq insanlar onu lider kimi qəbul etmirdi. Lider olmağın əsas cəhətlərindən biri də sənin insanlar tərəfindən qəbul olunmağındır.

- Qərbi azərbaycanlılarla bağlı keçirilən tədbirlərdə görünmürsünüz. Səbəb nədir?

- Ümumiyyətlə, mən separatçı xarakterli fəaliyyətlərdən uzaq adamam. Bu, mənasız bir şeydir və separatizmə meyli olan adamların işidir. Ona görə də hay-küylü, siyasi fəaliyyətdən uzaq dayanmağa çalışıram. Elm və təhsillə məşğul oluram.

Ulu öndər Heydər Əliyevi də hər zaman böyük şəxsiyyət kimi görmüşəm. Bu mənim üçün belə də qalacaq.

Vasif Həsənli

Fotolar: Nurlan Gülməmmədov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR