Azərbaycanlı qadınları sosial şəbəkədə GÖZLƏYƏN TƏHLÜKƏ
Bizi izləyin

Sosial

Azərbaycanlı qadınları sosial şəbəkədə GÖZLƏYƏN TƏHLÜKƏ

Sosial şəbəkədəki aktivlik qadınlara hansı problemlər yarada bilər?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qadınları sosial şəbəkələrə, pis vərdişlərə, dini sektalara aludə olmamağa çağırıb. H.Hüseyova bu fikirlərini tədbirlərin birində səsləndirib. Komitə sədri qadınları idman və digər sahələrdə aktiv olmağa səsləyib.

Bəs sosial şəbəkədəki aktivlik qadınlara hansı problemlər yarada bilər?

Sualımıza elə sosial şəbəkənin aktiv üzvlərindən olan qadınların fikirlərini öyrəndik.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, qadınları sosial şəbəkəyə aludə olmamağa çağırmaqla problem həll edə bilmərik:

“Sosial şəbəkədən hərə bir cür istifadə edir. Mən də sosial şəbəkənin aktiv üzvlərindənəm, bu, işimlə bağlıdır. Sosial şəbəkədə çox olmağımın məqsədi də insanları maarifləndirməkdir. Ancaq 18 yaşlı nəvəmin sosial şəbəkədəki səhifəsinə nəzarət edirəm, eləcə də yaxınlarımın səhifələrini izləyirəm. Şəbəkələrdə aktivliyim həm də adi bir yazışma və paylaşımın ev dağıda biləcəyini görməyimə imkan verir. Əlbəttə, burada əsas məsələ kimin, necə istifadə etməsidir. Ümumiyyətlə, sosial şəbəkə fikirlərini bölüşmə, məlumatlandırma baxımından çox yaxşıdır. Qadınlar burada yaratdıqları qruplarda mətbəxdən tutmuş bir çox məişət problemlərinə qədər bölüşürlər. Bu gün Bakıda, eləcə də rayonlarda qadın klubları və ya digər mərkəzlər yoxdur. Ona görə də, başqa ölkələrdə qadınlar bu cür məkanlarda problemlərini bölüşür və sosial şəbəkədən qeybət yeri kimi istifadə etmirlər. Bu mənada yaxşı olar ki, sosial şəbəkələrə aludə olmamağa çalışarkən həm də qadınlara alternativ imkanlar təşkil edək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi elə sosial şəbəkədə qadınların qoşulacağı normal qrupları yarada bilər. Burada qadınları maarifləndirib, məlumatlandırmaq olar. Xüsusən də, regionlardakı qadınlar paytaxtdakılar qədər məlumatlı deyil. Onlar sosial şəbəkədə tez bir zamanda yanlış qrupların toruna düşə bilər. Bunun üçün regionlarda qadınların bu istiqamətdə maarifləndirilməsinə ehtiyac var. İraddan çox mexanizm irəli sürülməsi vacibdir. Sosial şəbəkədə məlumatlandırıcı səhifələrin sayını artırmaqla, qadınların üzləşəcəyi təhlükələri azaltmaq olar”.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdən istifadə edən qadının ilk növbədə qarşılaşa biləcəyi problemlərdən xəbərdar olmasını mütləq sayır. Özünün də sosial şəbəkələrə ilk qoşulduğu günlərdə müəyyən çətinliklər yaşadığını deyir:

“Sosial şəbəkə aludəçiliyi evli qadının ailəsinə lazımi diqqət ayırmasına mane olur. Əlbəttə, bu həm də qadının məsuliyyəti, intellektindən asılı olan məsələdir. Məlumatlı qadınlar ailələrini sosial şəbəkəyə qurban vermir. İşlə bağlı, yeni informasiyalar əldə etmək, məlumatları ötürmək məqsədilə sosial şəbəkəyə qoşulmaq asılılıq yox, xeyirli məqsədlə istifadədir. Lakin depressiyada olan, ailəsində uğursuzluq yaşayanların bununla bağlı paylaşımları başqalarının toruna düşməsi üçün vasitə ola bilər. Bəzən tanımadığımız biri bundan qarmaq kimi istifadə edə bilər. Biz monitorun arxasında kimlərin oturduğundan xəbərsizik. Qarşı tərəfin bizi tanımadığını düşünürük, lakin sosial şəbəkədə paylaşdığımız məlumat qısa zamanda yayıla bilir. Bu məkanın öz “peşəkarları” var, onlar adi söz, şəkildən şantaj məqsədilə istifadə edə bilirlər. Sosial şəbəkəyə qoşulanda hər dostluq təklifini qəbul edirdim. Sonradan kobud mesajlar yazanlar da olub. Qaydaları və problemləri öyrənəndən sonra daha diqqətli olmağa başladım. Lakin tez tora düşən insanlar hələ də var. Ağıllı və məqsədli istifadə edənlər üçün isə sosial şəbəkə çox yaxşı vasitədir. İstənilən informasiyanı əldə etmək, fikirlərini yazmaq baxımından çox əlverişlidir. Bəzən radikal dini qrupların yanlış məlumatları ilə qarşılaşa bilirik. Odur ki, sosial şəbəkədən istifadə etməmişdən əvvəl məlumatlı, intellektli olmaq lazımdır”.

Asif Atalı ocağının üzvlərindən Nurtəkin Atalı özü də sosial şəbəkə istifadəçisidir. O, bu vaxta qədər hər hansı problemlə qarşılaşmasa da, məqsədsiz istifadənin qadınları yanlış istiqamətə yönəldə biləcəyini deyir:

“Mən özüm də sosial şəbəkədən istifadə edirəm. Lakin bura daxil olarkən lazımlı məlumatları əldə etməyə çalışıram. Mənim üçün bu vaxta qədər sosial şəbəkə problem yaratmayıb. Lakin sosial şəbəkədə meyar yoxdursa, həmin şəxsi başqa tərəflərə apara bilər. Biz Asif Ata ocağı olaraq heç bir dini qəbul etmirik. Sosial şəbəkə və ya başqa yollarla dini sektalara qoşulan şəxslər öz övladlarını da bu yöndə tərbiyə edəcək. Bu zaman isə həmin şəxslər millilikdən uzaqlaşacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm