Bakının "bərkgedən" restoranından gözlənilməz QADAĞA
Bizi izləyin

Sosial

Bakının "bərkgedən" restoranından gözlənilməz QADAĞA

Novxanıda "Amore" restoranı müştərilərə şortik geyinməyi qadağan edib.

Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən hadisə bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər restoran sahibinin qərarını gülüşlə qarşılayıblar. Yay fəslində, özəlliklə turistlərin axın etdiyi tanınmış məkanda belə qadağanın olması haqlı olaraq çoxuna inandırıcı gəlməyib.

Biz də məsələni dəqiqləşdirmək üçün restoranın administratoru Zaur Cəfərovla əlaqə saxladıq.

O, "Qafqazinfo"ya açıqlamasında şortik geyinən şəxslərin restorana buraxılmadığını təsdiqləyib:

"Bura ailəvi məkandır, hamı ailə, uşağı ilə gəlib oturur. Narazılıqlar olur, buna görə də qadağa qoymuşuq. Müştərilərimizin 80 faizi bu qaydanı bəyənir, deyirlər çox gözəldir. Təkcə şortiklə gələnləri yox, heyvan gətirənləri də, cavan uşaqları da buraxmırıq. Onlar üçün qıraqda yerlər var, ora getsinlər. Bizim ərazidə çimərlik yoxdu, sırf restorandır. Dənizə girib çimən, daha sonra bizim restorana çimərlik geyimində girmək istəyən şəxs buraxılmır".

Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Bahadur Bilalov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu qadağadan sonra insanlar o məkanı boykot etməlidir: "Bəs orda oturanlar yaxınlıqlarında dənizdə çimənləri görmürlər? Məsələn, "Sun Set"ə girən kimi gətirib stol qoyub deyirlər ki, "yesən də, yeməsən də 10 manatdır". Bu kimi məsələlər özbaşınalıqdır, bu formada turizmi inkişaf etdirə bilmərik. İnsanlar nəyə qadağa qoyduqlarını bilmirlər. Bolqarıstanın Bakı kimi dəniz kənarında yerləşən Varna şəhərində insanlar çimərlik paltarında küçələrdə gəzir, amma heç kim onlara bir söz demir. Azərbaycanda maarifləndirmə işləri aparılmalıdır. Bu nə deməkdir ki, dənizin qırağında şortiklə istirahət mərkəzinin həyətinə girmək olmaz? Bəlkə bir qayda da qoysunlar ki, ora girənlərin gözlərini bağlasınlar. Qoy, dənizdə çimənləri görməsinlər. Onda gedib meşənin içində istirahət mərkəzi açıb ora gələnlərə kostyum geyinməyi tələb etsinlər.

"Amore" sözü tərcümədə məhəbbət deməkdir, binanın da üstünə ürək şəkli çəkiblər. Bu o deməkdir ki, burada sevgililər ola bilər. Bir tərəfdən də qadağa qoyur ki, şortiklə girmək olmaz. Bəlkə də, onlar başqa işlərini bu qadağa altında gizlıdirlər. Azərbaycanda ailəvi istirahət yeri yazılan məkanların əksəriyyəti əxlaqsızlıq yuvasıdır. "Çimərlikdə şortiklə gəzmək olmaz" nonsensdir, yeni Azərbaycansayağı xidmətdir. Bunu paylaşmaq lazımdır ki, qoy xarici ölkələr bizdən nümunə götürsün. Belə "xidmətlər" Azərbaycan turizmini geriyə atır. Bu məkanların absurd qadağalarını mediada, sosial şəbəkələrdə yaymaq lazımdır ki, qoy, insanlar ora getməsin, onlar da gəlirlərindən məhrum olsunlar. Onda nəyə qadağa qoyduqlarını fikirləşərlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm