Azərbaycanı niyə qısqanırlar? - ÜÇ SAHƏ ÜZRƏ FAKTLAR
Bizi izləyin

Sosial

Azərbaycanı niyə qısqanırlar? - ÜÇ SAHƏ ÜZRƏ FAKTLAR

Bütün regionların dayanıqlı enerji ilə təbii qazla təminatı, kənd və qəsəbələrdə su və kanalizasiya sisteminin yenidən qurulması, suyun keyfiyyətinin yüksəldilməsi bu il də dövlətin sosial siyasətinin əsas qayəsinə çevrilib. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Publika.az xəbər verir ki, regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmaqla yanaşı, icrası da təmin edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu il də əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib. Bu siyasətin nəticəsini yüzlərlə vətəndaş gündəlik həyatında hiss edib.

Əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə ayrılan milyonlar bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən vacib şərti - infrastrukturun yenidən qurulmasını və inkişafını təmin edib. Həyata keçirilən layihələr çərçivəsində ölkə əhalisinin demək olar ki, bütün kommunal problemləri həll olunub. Bu il ərzində 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, bununla da ölkənin enerji təhlükəsizliyi tam təmin edilib.

İşıqlı günlər…

Bu il “Azərişıq” ASC-də 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilib və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqramının icrasına başlanılıb. Bu ilin mart ayında 35/10 kV-luq "Sarıcalı" yarımstansiyasının istifadəyə verilməsi də elektroenergetika sahəsində görülən işlərin bir örnəyidir.

Bu il ərzində düşmənlə təmas xəttində yerləşən Tapqaraqoyunlu kəndi ərazisində elektrik enerjisinin verilişinin fasiləsiz təşkili məqsədi ilə həmin kəndi qidalandıran 10 kV Əzizbəyov hava xətlərində 830 ədəd 6 kV izolyator yeni 10 kV izolyatorla dəyişdirilib.

Əhalini kefiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə Füzuli rayonundakı 10 ədəd yarımstansiyada, 728 ədəd KTM-də yerli elektrik şəbəkə tərəfindən cari və profılaktik tədbirlər planları həyata keçirilib. “Azərişıq” ASC tərəfindən Füzuli rayonunda 18 ədəd transformator məntəqəsi quraşdırılıb.

Ağdam rayonunun cəbhə bölgəsinə yaxın təmas xəttində yerləşən Əfətli kəndi ərazisində 1 ədəd yeni müasir tipli 35/10 kv-luq yarımstansiya inşa edilib. Eyni zamanda, 1.2 km məsafədə 35 kv-luq elektrik hava xətləri, cəbhə boyu və digər kəndlərdə 32 ədəd müasir tipli transformator məntəqələri quraşdırılıb. Həmçinin rayon ərazisində olan 1 ədəd 110/35/10 kv-luq, 10 ədəd 35/10 kv-luq yarımstansiyalarda, 5 ədəd güc transformatorlarında, 230 ədəd transformator məntəqələrində müxtəlif təmir-bərpa işləri görülüb.

Naftalan şəhərnin cəbhə bölgəsinə yaxın olan Qaşaltı-Qarqoyunlu kəndində 2 ədəd yeni komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb ki, bu da 320 kV güc artımına səbəb olub. Qazax rayonunun sərhəd kəndləri olan Cəfərli və Yuxarı Salahlı kəndləri arasinda 18,2 km uzunluğunda 35 kv-luq yeni hava xətt çəkilib. Həmçinin Birinci Şıxlı və İkinci Şıxlı kəndləri arasmda 11,2 km uzunluğunda 35 kv-luq Xramçay hava xətti də yenidən qurulub. Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Muncuqlu kəndində vaxtilə Erməni hərbiçilərinin atəş nöqtəsində olan və düşmən tərəfindən atılan mərmilərdən tez-tez qəzalı vəziyyətə düşən 850 metr 10 kV-luq hava xətləri həmin ərazidən çıxarılaraq, kəndin içərisi ilə çəkilərək istifadəyə verilib. Bununla yanaşı, Qaralar kəndində 1,5 km məsafədə yeni müasir tipli 10 kV-luq hava xətti çəkilib, digər sərhəd kəndləri olan Qonaqlı, Məşədivəllər, Böyük Qışlaq, Qaradaş, Ağbulaqın isə hava xətlərində təmir bərpa işləri görülüb. Həmçinin bu kəndlərin transformator məntəqələrində bərpa işləri görülüb.

Aran RETSİ (Regional Elektrik Təchizatı və Satış İdarəsi) Elektrik Şəbəkələrinin xidməti ərazisində 75,2 km məsafədə 0,4 kV-luq hava xətləri və 4069 ədəd dayaq yenilənib. İtkilərin azaldılması məqsədi ilə 532 ədəd 10/0,4 kV-luq KTM-lərin (Komplekt Transformator Məntəqəsi) yüklənmələrində simmetrik paylanma icra olunub. Bundan başqa, 0,4 kV-luq hava xətlərində 221,7 km məsafədə təmir işləri aparılıb, 100,5 km ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqillər) kabel xətti çəkilib.

Yevlax rayonunda 1 ədəd 35/10 kV-luq yeni yarımstansiya tikilib, 31 ədəd komplekt transformator məntəqəsi qurlaşdırılıb. Ölkə prezidentinin qarşıya qoyduğu məqsədlərə uyğun olaraq Şamaxı rayonunda 1 ədəd 35/10 kV-luq 1x1.6 MVA gücündə “Pirqulu” yarımstansiyası yeni inşa edilib və 1x2.5 MVA gücündə yeni transformator quraşdırılıb. Həmçinin Şamaxı EŞ-nin xidməti ərazisində 47 ədəd köhnə KTM-lər müxtəlif güclü yeni KTM-lərlə (Komplekt Transformator Məntəqəsi) əvəz edilib. Aprel döyüşlərində işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Horadiz” yarımstansiyasından 8600 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib, işğaldan azad olunan bu kənd ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq 2x6,3 MVA gücündə yeni yarımstansiya inşa edilib. Cocuq Mərcanlı kəndində özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan tam yeni 0,4 kV-luq şəbəkə yaradılıb.

Əhalinin 80 faizi fasiləsiz su ilə təmin edilir

Ölkədə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, idxal məhsullarının azaldılması, ixracyönümlü məhsulların istehsalının artırılması, yeni iş yerlərinin yaradılması istiqamətində meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşdüyündən bu sahədə də vacib addımlar atılıb. Regionlardan Bakıya çəkilmiş yeni su xətləri paytaxtın fasiləsiz su təminatını 80 faizə çatdırıb. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılıb ki, bu da əhalinin içməli su ilə təminatını yaxşılaşdırıb. Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. Dörd su anbarı - Taxtaköprü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib.

Son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, 347 min hektar sahədə suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1804 ədəd subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.

Taxtakörpü və Şəmkirçay su anbarları kimi XXI əsrin nəhəng layihələri reallaşdırılması nəticəsində 200 min hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılıb, 50 min hektara yaxın yeni suvarılan sahələrin dövriyyəyə cəlb olunması imkanları yaradılıb, Bakının, Sumqayıtın, Gəncənin, ətraf rayonların içməli su ilə təmin edilməsi kimi strateji əhəmiyyətli sosial problemin həlli mümkün olub.

270 milyon kubmetr su ilə doldurulan Taxtakörpü su anbarı vasitəsilə Xızı, Siyəzən və Şabran rayonlarında cari ildə daha 21 min hektara yaxın sahə suvarma suyu ilə təmin edilməsi gözlənilir. Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. Şəmkir və Göygöl rayonlarının 4 min hektar, eləcə də “Şəmkir Aqropark”ın 543 hektar yeni suvarılan sahələri suvarma suyu ilə təmin edilib.

Prezidentin ayırdığı vəsaitlər hesabına Kür çayında nasos stansiyasında və "H" kanalında tikinti işləri davam etdirilərək 2017-ci il mayın 1-nə birinci mərhələdə Sabirabad rayonunun 4 min hektardan çox əkin sahələrinin su təminatı yaxşılaşdırılıb. İlin sonunadək rayonun 5000 hektar qış otlaq sahələrinə də suvarma suyunun çatdırılması təmin olunacaq. Cari ildə Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək sentyabr ayında Neftçala rayonunun 5605 hektar və Ağcabədi rayonunun 2700 hektar yeni suvarılacaq torpaq sahələri istifadəyə veriləcək. Saatlı, Biləsuvar və İmişli rayonlarında 40 min hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma su mənbəyi yaratmaq məqsədilə Araz çayının yeni qolunun inşa olunmuş hissəsinin davamı olaraq, 54 kilometr uzunluğunda kanalın tikinti işlərinə başlanılıb və bu işlər oktyabr ayında tamamlanacaq. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına cari ildə 98 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib, ilin sonuna qədər daha 150 ədəd quyunun qazılması təmin ediləcək. Suvarma və kollektor-drenaj şəbəkələrində, hidrotexniki qurğularda, subartezian quyularında, nasos stansiyalarında təmir-bərpa və digər müvafiq tədbirlərin vaxtında həyata keçirilməsi ilə 1 milyon 376 min hektar sahədə, o cümlədən 136 min hektar pambıq, 518 min hektar taxıl, 3 min hektara yaxın tütün, 410 min hektar yem bitkiləri, 65 min hektar bostan-tərəvəz və digər bitkilər orta hesabla 2,5 dəfə suvarılıb.

Abonentlərin sayı 2 milyonu ötüb

Ölkə ərazisində qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb. Hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər nəticəsində böyük nailiyyətlər əldə edilib. Belə ki, ötən illərdə olduğu kimi, bu ilin 6 ayı ərzində də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilib. Ötən illərlə müqayisədə daha geniş vüsət almış yeni qazlaşdırma və qaz təminatının bərpası istiqamətində işlərin nəticəsi olaraq, birinci yarımildə Goranboy, Ağcabədi, Şəki, Ucar, Quba, Qusar, Oğuz, İmişli, Saatlı, Sabirabad, Lerik, Ağstafa, Xaçmaz və Masallı rayonları üzrə 35 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2017-ci ilin iyul ayının 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 050 664-ə çatıb. Yeni abonentlərin sayının artmasında qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri də mühüm rol oynayır.

2017-ci ildə 204 çoxmərtəbəli binada ümumilikdə, 10 min 139 mənzil təbii qazla təmin edilib. Bir faktı da qeyd edək ki, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması, yaşayış məntəqələrinin qazlaşdırılması üçün 954.3 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 98.1 km qaz kəməri əsaslı təmir olunub. Bundan əlavə Bakı RQİD, RQİİ-ləri və Sumqayıt QİS tərəfindən daxili imkanlar hesabına 2017-ci ilin yanvar-iyun aylarında 156,8 km uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilərək yenisi ilə əvəz edilib, 645 ədəd qaz tənzimləyici və 141 ədəd siyirtmə quraşdırılıb.

Bu ilin altı ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 58429 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm