DİQQƏT! Ölkədə sağlamlıq üçün təhlükəli məktəbli formaları satılır
Bizi izləyin

Sosial

DİQQƏT! Ölkədə sağlamlıq üçün təhlükəli məktəbli formaları satılır

"Bu bir problemdir".

"Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2017-2018-ci tədris ili üçün 17 min dəstdən artıq məktəbli forması istehsal edib.

Bu barədə Trend-ə açıqlamasında "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum öhdəlik əsasında işləmir: "Bizdə plan yoxdur. Sadəcə, tələbata uyğun istehsal edirik. Bu il 17 min dəst forma istehsal etmişik. Satış davam etdiyindən hələlik nə qədər məktəbli formasının satıldığı məlum deyil. Hazırda Bakıda 14 satış mərkəzimiz var. Bundan başqa, "Gənclik Mall", "28 Mall" və "Bravo" ticarət mərkəzlərində də formalar satılır".

E.Əzimov müəssisənin xammalla təminatı məsələsinə də toxunub. O qeyd edib ki, "Bakı Tikiş Evi" ASC-də istehsal olunan məktəbli formalarının xammalı Türkiyədən gətirilir: "Xammal xaricdən gətirilir və məhsula uyğunluq setifikatı verilir. İstehsal etdiyimiz formalara 1 illik zəmanət veririk. Bu müddətdə formanın rəngi solarsa və ya buna bənzər başqa hal aşkarlansa, məhsulu geri götürüb istehlakçıya dəymiş ziyanı ödəyirik".

Qurum rəsmisi ölkədə "Bakı Tikiş Evi" etiketi ilə saxta məktəbli formalarının da satıldığını və bununla bağlı aidiyyəti qurumlara müraciət etdiklərini deyib.

Onun sözlərinə görə, saxta məktəbli formalarından istifadə məktəblilərin həyatı üçün təhlükəlidir:

"Bu bir problemdir. Bizə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "BTİ" keyfiyyət nişanı verib və 4 model üzrə müəllif hüquqlarımızı tanıyıb. Artıq bir-neçə ildir ki, bəzi "işbazlar" Çinin Urumçi vilayətində bizim keyfiyyət nişanının saxtalaşdırılmış forması ilə mənşəyi məlum olmayan parçalardan məktəbli formaları tikib Bakıya gətirir. Bakıda həmin formalara "BTİ" keyfiyyət nişanı əlavə edilib satışa çıxarılır. Biz bu barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciət edərək bu faktın qarşısının alınmasını istəmişik. Keyfiyyətsiz və mənşəyi məlum olmayan parçalardan tikilən formalar məktəblilərin həyatına təhlükəlidir. Həmin geyimlər uşaq orqanizminə fəsadlar verə, onlarda səpki, stress yarada bilə. Valideynlər bu məsələdə diqqətli olmalıdırlar. Saxta formalar sağalmaz və ağır xəstəliklər də yaya bilər. Valideynlər məktəbli forması alarkən satış nöqtələrindən "Bakı Tikiş Evi"nin sertifikatını tələb etməlidirlər. Bizim bütün satış nöqtələrimizdə keyfiyyət sertifikatı var, "işbazlar"ın satdıqları saxta formalarda isə keyfiyyət sertifikatı yoxdur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm