Azay Quliyev: “Bəzi səfirlərimiz özləri sürücü funksiyasını yerinə yetirirlər”
Bizi izləyin

Sosial

Azay Quliyev: “Bəzi səfirlərimiz özləri sürücü funksiyasını yerinə yetirirlər”

"Bəzən səfirlərimiz özləri sürücü funksiyasını yerinə yetirirlər. Bu mənada Azərbaycan hökumətini xaricdə təmsil edən qurumlara diqqətinin artırılmasına ehtiyac var".

Publika.az xəbər verir ki, bu fikirləri millət vəkili Azay Quliyev parlamentdə büdcə müzakirələri zamanı deyib.

Millət vəkili ən azından hər bir səfirliyə sürücü ştatı ayrılmalı olduğuna diqqət çəkib:

“Diplomatik xidmətdə olan vətəndaşlarımızın pensiya təminatında da müəyyən problemlər var. Onların xaricdə işlədikləri zaman aldıqları maaşdan tutulan vəsait pensiya təminatı kimi nəzərə alınmır. Azərbaycanda işlədiyi zaman aldığı maaşın 50 faizi civarında pensiya ayrılır. Düzdür, bu pensiya məsələlərinin müzakirəsi zamanı da gündəmə gələ bilər. Lakin bu gün məsələni burada qaldırmaq istədim”.

Millət vəkili Qeyri-Hökümət Təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitin də artırılmasını istəyib:

“Son 5-6 ildir bu məsələyə toxunmuram. Lakin bu dəfə bu məsələni deməyə məcburam. Çünki 2016-cı ildə QHT-lərə ayrılan vəsait təxminən 1.6 milyon manat azaldılıb. 2016-cı ildə Şuranın QHT-lərə müqavilə əsasında ödəməli olduğu vəsait də büdcədən bizə ödənilməyib. Ötən il QHT-lərə cəmi 4.6 milyon manat ayrılıb ki, bura şuranın, katibliyin saxlanılması və digər xərclər də daxildir. Təəssüf ki, növbəti ilin dövlət büdcəsində də ayrılan vəsaitin həcmi dəyişməyib. Azərbaycanda 3 mindən çox QHT qeydiyyatdan keçdiyini nəzərə alsaq, bu vəsaiti onlar arasında böləndə hər birinə 1000-1300 manat vəsait düşür. Bununla həmin təşkilatlar hansı işləri görə bilər? Həm də nəzərə almaq lazımdır ki, bu təşkilatların bir sıra layihələri xaricdə həyata keçirilir. Manatın devalivasiyasından sonra bizim xərclərimiz iki qat artıb. Bu zaman onlara xaricdəki layihələr üçün ayırdığımız vəsait bilet pulunun ödənilməsinə çatmır. Bu məsələyə diqqətlə yanaşmalıyıq. Düzdür, Gənclər Fonduna 2 milyon vəsait ayrılıb. Lakin bu fond yalnız gənclər təşkilatlarına vəsait ayırır. Növbəti il həm də seçki ilidir. QHT-lər də bu proseslərdə aktiv iştirak edir. Bunun üçün də onlar lazımı vəsaitlə təmin edilməlidirlər. Bu təşkilatlar ictimai sabitliyə töhfə verən, milli maraqları qoruyan önəmli aktyor, institutlardır. Hesab edirəm ki, onlara əlavə vasait ayırmaqla dəstək vermək lazımdır. Bu gün həmin təşkilatlara lazımı vəsait ayırmasaq, onlara xarici qüvvələr tərəfindən təsir edilə bilər. İnanıram ki, qaldırdığımız məsələ Maliyyə Nazirliyi tərəfindən növbəti ildən nəzərə alanacaq. Ən azı, bizə ödənilməyən 400 min manat vəsaitin ödənilməsi təmin edilə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm