Yumurtalar kodlanır - Rəqəmlərin mənası nədir?
Bizi izləyin

Sosial

Yumurtalar kodlanır - Rəqəmlərin mənası nədir?

Son vaxtlar yumurta qiymətlərində dəyişiklik, hər satış şəbəkəsinin özünəuyğun qiymət müəyyən etməsi alıcılar arasında keyfiyyətli yumurta seçimində çaşqınlıq yaradır. Haqlı olaraq “baha satılan yumurta ən keyfiyyətlisidir, yoxsa bu, sadəcə marketin qiymət siyasətidir?” - deyə suallar yaranır. Xüsusən də, kənd yumurtası adı altında satılan yumurtalarda obyekt sahibləri istədikləri qiyməti müəyyən edir və bunu yumurtanın keyfiyyəti ilə əsaslandırırlar. Halbuki, həmin yumurtanın digərlərindən daha keyfiyyətli olmasını təsdiqləyici heç bir sənəd olmur.

Əlbəttə, bu problem təkcə bizim ölkə üçün aktual deyil. Oxşar problem zaman-zaman Türkiyədə də gündəmə gəlir. Amma orada bunun həll variantları təklif edilir. Ölkənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi bunun üçün yumurtaları “yetişdirilmə metodu kodu” məsələsini gündəmə gətirib. Bundan sonra üzərində kod olmayan yumurta satılmayacaq.

Yetişdirilmə metoduna görə yumurtalara kod vurulacaq. Məsələn, toyuğun yeminə və özünə heç bir hormon vurulmadan, təbii şəkildə əldə olunan yumurtalar “0” kodla işarələnəcək və ən bahalı yumurta olacaq.

Toyuğun saxlandığı mühitdə rahat hərəkət edə bilməsi üçün ərazi mövcuddursa, onun yumurtasına “1” kodu vurulacaq. Amma bu toyuqlara hormon və GMO-lu yem məhdudiyyəti olmaya bilər.

Saxlandığı mühitdə normal hərəkət edən bilən, lakin qidalarında heç bir məhdudiyyət olmayan toyuqların yumurtası “2” kodu ilə işarələnəcək.

Ancaq qəfəslərdə saxlanan, demək olar ki, hərəkət məhdudiyyəti olan toyuqların yumurtası “3” rəqəmi ilə kodlanacaq. Bunlar keyfiyyətsiz yumurtalar hesab ediləcək.

Ölkəmizdə də toyuqların saxlanma şəraitinə görə yumurtalara bu cür kodlanmanın tətbiq ediləməsi nə qədər realdır?

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev Publika.az-a açıqlamasında ölkəmizdə belə bir kodlanmaya ehtiyac olmadığını deyib:

“Toyuğun keyfiyyət kateqoriyası onun istehsal müddəti və çəkisi ilə bağlıdır. Bütün yumurtaların tərkibi eynidir. Lakin yumurtanın uzun müddətdə saxlanması onun keyfiyyətinə təsir edir, tərkibindəki bəzi maddələrin azalmasına səbəb olur. Bizim bütün istehsalçılar yumurtanın üzərinə istehsal tarixini yazır. Yumurtanın saxlanma müddəti 28 gündür. Üzərində istehsal müddəti yazılmayan yumurtalar onun həyət yumurtası olduğunu göstərir. Lakin bu yazının olmamasının insanlarda yumurta seçimində fikir ayrılığı yaratdığını düşünmürəm”.

Toyuğun saxlanma şəraiti və qidalanmasının yumurtanın keyfiyyətinə təsirinə gəldikdə, A.Vəliyev ölkəmizdəki yumurta istehsalçıların hamısının toyuğu eyni şəraitdə saxladığını, eyni qidadan istifadə etdiklərini bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm