Fövqəladə Hallar Nazirliydə kollegiya iclası keçirildi - FOTOLAR - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Fövqəladə Hallar Nazirliydə kollegiya iclası keçirildi - FOTOLAR - (YENİLƏNDİ)

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə nazirliyin genişləndirilmiş Kollegiya iclası keçirilib.

Kollegiya iclasında çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib ki, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində əhalinin təbii və texnogen fəlakətlərdən etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxlayıb: "Dahi rəhbərin siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan olub".

Cari ilin ötən dövründə əhalinin təhlükəsizliyinin qorunması, fövqəladə halların aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verən fövqəladə hallar naziri deyib ki, yeniyetmə və gənclərə fövqəladə hallarla bağlı davranış qaydalarını aşılamaq məqsədilə VI Gənc Xilasedici və Yanğınsöndürən Yarışları və V Beynəlxalq Gənc Xilasedici Yarışı keçirilib.

Cari ildə FHN-nin Akademiyasının bakalavr səviyyəsi üzrə 97 nəfər, magistratura səviyyəsi üzrə 5 nəfər bitirib. Nazirliyin Akademiyasının, Belarus Fövqəladə Hallar Nazirliyinin Mühəndis Komandirlər İnstitutunun, Ukrayna Milli Mülki Müdafiə Universitetinin 129 məzunu nazirliyin sərəncamına qəbul edilərək, hərbi və xüsusi rütbəli mütəxəssisələr təyin edilib: “FHN-nin xarici ölkələrin müvafiq dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələri inkişaf etdirilib. Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə və fövqəladə halların qarşısının alınması, aradan qaldırılması haqqında saziş, Azərbaycan və Özbəkistan Fövqəladə Hallar nazirlikləri arasında 2018-2019-cu illər üzrə tədbirlər planı imzalanıb. Bakıda ilk dəfə FHN-nin təşkilatçılığı, Rusiya, İran, Qazaxıstan, Türkmənistanın da iştirakı ilə 1100 nəfərlik şəxsi heyət, 208 müxtəlif təyinatlı texnika, 2 təyyarə, 5 helikopter, 10 sürətli kater və 8 gəmi cəlb edilməklə, “Xəzər-2017” beynəlxalq təlimi keçirilib”.

Azərbaycan prezidentinin tapşırığı ilə Cibuti və Myanma müsəlmanları ilə əlaqədar humanitar yardımların göndərildiyini xatırladan K. Heydərov FHN-nin adiyyəti qurumlarının, xilasetmə dəstələrinin bu ilin avqust-sentyabr Gürcüstanın bir sıra bölgələrində meşə yanğınlarının söndürülməsində fəal iştirak etdiyini, qarşıya qoyulan tapşırıqlara əməl edildiyini vurğulayıb: “FHN-nin 2018-ci il üçün İş Planının layihəsi hazırlanaraq razılaşdırılıb. Əminəm ki, FHN-nin şəxsi heyəti həmişə olduğu kimi, ölkə rəhbərliyinin qarşımıza qoyduğu vəzifələri daha yüksək keyfiyyətlə, daha operativ və daha böyük sədaqətlə yerinə yetirəcək. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə hər zaman verdiyi yüksək qiymətə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından möhtərəm prezident, Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Azərbaycan prezidentini əmin edirəm ki, ölkə əhalisinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi, maddi və mədəni sərvətlərimizin qorunması, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin davam etdirilməsi kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da bütün qüvvə və bacarıqlarımızı səfərbər edəcəyik”.

Sonda Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət qəbul olunub.

Qeyd edək ki, fövqəladə hallar naziri K. Heydərov başda olmaqla, FHN-in kollektivi bu gün Fəxri xiyabanda Heydər Əliyev və akademik Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər. (apa)

***

"Müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi insanların həyatının, xalqın və dövlətin əmlakının baş verə biləcək təbii, texnogen fəlakətlərdən qorunması baxımından mühüm addımlardan oldu".

Bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-da keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

K. Heydərov bildirib ki, bu il 90 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən və mənzillərdən çıxarılıb.

Hesabat dövründə nəzarət olunan çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşmiş 145 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində 151 nəfər olmaqla, cəmi 296 nəfər FHN xilasediciləri tərəfindən xilas edilib.

Nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batmış 47 nəfərin cəsədi tapılaraq təhvil verilib. Nəzarət olunan çimərliklərdə suda batma halı qeydə alınmayıb".

***

Bu il yanğın nəzarəti məqsədi ilə sosial, sənaye, nəqliyyat, kənd təsərrüfatı obyektlərində və xidmət sahələrində 38 mindən çox yanğın-texniki müayinə aparılıb". Bu barədə məlumat verən K. Heydərov bildirib ki, aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün obyekt sahiblərinə 210 mindən artıq tələbi özündə əks etdirən göstəriş və xəbərdarlıq verilib: "60 mindən artıq fəhlə və qulluqçu yanğın təhlükəsizliyi barədə təlimatlandırılıb".

Fövqəladə hallar naziri qeyd edib ki, xilasedicilər yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, texnogen mənşəli bina və qurğuların dağılması və uçması, mənzildə qaz sızması, təhlükəli bioloji hadisələrin qarşısının alınması, mənzildə və liftdə köməksiz vəziyyətdə qalma daxil olmaqla, 1138 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər: "Fövqəladə hadisələrin və bədbəxt hadisələrin aradan qaldırılması zamanı 423-ü uşaq olmaqla, 1442 nəfər zərərçəkmişə ilk yardım və təxirəsalınmaz yardım göstərilib. Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 43 dəfə nəqliyyat və digər qəzalarla bağlı çıxışlar olub, 79 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq xilas edilib".

***

"Cari ildə Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilib".

Fövqəladə hallar naziri bildirib ki, bu il əməliyyat şəraiti diqqət mərkəzində saxlanılıb, yanğın hadisələrinin qarşısı alınaraq ağır fəsadlarla nəticələnməsinə imkan verilməyib: "Hesabat dövründə respublika ərazisində 12371, o cümlədən Bakı şəhərində 3965 yanğın hadisəsi qeydə alınıb. Onlardan cəmi 8 yanğın yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 37 yanğın hadisəsi qeydə alınıb, hər 3 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə yanğınlarda xilas edilənlərin sayı 69 nəfər artıb".

K. Heydərov qeyd edib ki, bu il baş verən meşə yanğınları zamanı 25 min hektara yaxın meşə sahəsi, əkin sahələrində baş vermiş yanğınlar zamanı isə 85 min hektara yaxın ərazi yanğından mühafizə olunub: "Pambıq qəbulu məntəqələrinin yanğından mühafizə məntəqələrindən 16-da yanğından mühafizə qüvvə və bölmələrinin növbə çəkməsi təşkil edilib, pambıq sahələri və tayalarında baş vermiş 40 yanğının operativ söndürülməsi təmin olunub".

Fövqəladə hallar naziri nəzərə çatdırıb ki, hesabat dövründə yanğınların söndürülməsi zamanı 98 dövlət obyekti, 296 özəl obyekt, 289 çoxmərtəbəli, çoxmənzilli bina, 532 fərdi ev, 284 müxtəlif təyinatlı texnika mühafizə olunub, 109 nəfər yanğından xilas edilib: "Yanğınlar zamanı mindən artıq vətəndaş təhlükəsiz ərazilərə təxliyə olunub".

K. Heydərov qeyd edib ki, bu il 3400-dan çox mənzil və fərdi evdə qazla bağlı yanğından təhlükəsizliklə əlaqəli nöqsanlar aşkar edilib, həmin nöqsanların aradan qaldırılması üçün qaz istismar idarələrinə məlumat verilib: "İslam Həmrəyliyi Oyunları və "Formula 1" oyunları zamanı görülmüş tədbirlər nəticəsində tədbirlər keçirilən obyektlərdə yanğınlar baş verməyib".

***

"Nazirlər Kabinetinin tapşırıqlarının icrası ilə əlaqədar fəaliyyətdə olan qum-çınqıl karxanalarının ətraf mühitə, ekoloji duruma, infrastruktur obyektlərinə və digər mühəndis-texniki qurğulara təsirinin öyrənilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin və aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılan komissiya tərəfindən qum-çınqıl karxanalarında və çay yataqlarında monitorinqlər keçirilib".

Bu barədə danışan nazir K. Heydərov bildirib ki, araşdırmaların nəticələri əsasında tərtib edilmiş arayış Azərbaycan prezidentinə təqdim edilib: "Dövlət başçısının tapşırığına əsasən, bu məsələ Nazirlər Kabinetində keçirilmiş iclasda müzakirə olunub və qum-çınqıl karxanalarının fəaliyyətinin ətraf mühitə və infrastruktur obyektlərinə mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə aidiyyəti üzrə müvafiq qurumlara göstərişlər verilib". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm