Yeni ildə Azərbaycan turistlərlə DOLUB-DAŞACAQ - Ekspert AÇIQLADI
Bizi izləyin

Sosial

Yeni ildə Azərbaycan turistlərlə DOLUB-DAŞACAQ - Ekspert AÇIQLADI

Azərbaycana gələn turistlərin sayında irəliləyiş var və daha da artacaq. Xüsusən, yeni il ərəfəsində artım müşahidə ediləcək.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, bəzi turizm obyektlərində artıq yerlər tutulub:

“Bizim ölkə vətəndaşları qış tətilini Türkiyə, Dubay kimi ölkələrdə qeyd etməyi sevirlər. Başqa ölkələrdən də Yeni il şənliklərini Azərbaycanda keçirmək istəyənlər çoxdur. Bunun üçün Azərbaycanın Şəki, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı kimi bölgələrimizdə qış tətilini keçirmək üçün çox yaxşı infrasturuktur var. Bu gün internetin verdiyi imkanlarla bölgələrimizdəki şərait barədə xarici turistləri asanlıqla məlumatlandıra bilərik.

Ölkəmiz qış aylarında əsasən Ərəb ölkələrindən, Rusiya, Qazaxıstandan çoxlu turist gəlir. Bəzən qış vaxtı qeyd etdiyim bölgələrdəki turizm obyektlərində bir yer belə, tapmaq mümkün olmur. Həmçinin daxili turizm də inkişaf edir. Öz turistlərimiz də bu məkanlarda ailələri ilə istirahətə üstünlük verirlər”.

M.Ağakərimov Yeni İl bayramı ərəfəsində Rusiya, İraq və digər ərəb ölkələrindən Azərbaycana çoxlu turistin gələcəyini proqnozlaşdırdığını deyib: “Ərəb ölkələrindən gələnlər qar görmək üçün əsasən Qəbələdə Tufandağ, Qusarda Şahdağa gedirlər. Xarici ölkələrin Bakıdakı nümayəndəlikləri, səfirliklərinin əməkdaşları əsasən tətil günlərində Azərbaycanda dincəlməyə üstünlük verirlər. Hotellərdə artıq sifarişlər qeydə alınıb, hər bir hotel nə qədər turist qəbul edəcəyini təxmin edir. Düzdür, bu barədə Assosiasiyaya məlumat verilmir. Əlbəttə, hələ turistlər gəlmədən danışmaq tezdir. Artıq hotellərimiz də turistləri qəbul etməyə hazırdır. Turistlərlə hotellər arasında yaxşı əlaqə qurulub, bəzən onlar turizm şirkətləri yox, birbaşa hotellə əlaqə saxlayırlar”.

M.Ağakərimov bildirib ki, Ərəb ölkələri və Rusiya ilə yanaşı digər ölkələrdən turist cəlbi üçün konsepsiya hazırlanmasına ehtiyac var:

“Bu konsepsiyanın hazırlanmasında turizm qurumları, ekspertlər, aparıcı turizm şirkətləri iştirak etməlidir. Konsepsiyada başqa hansı ölkələrdən turistləri cəlb etmək istiqamətləri müəyyən edilə bilər. Turizmin inkişafında dayanmaq, arxayınlaşmaq olmaz. Ona görə də Belarus, Ukrayna, Bolqarıstan, Macarıstan kimi ölkələrdən turist cəlbi üçün düşünməliyik. Bu məsələnin diqqətli araşdırılmasına ehtiyac var. Məsələn, Rusiyadan gələn turistlər qışda dağlarda, yayda çimərlikdə istirahəti sevir, Ərəb ölkələrindən gələnlər daha çox muzey yox, əyləncə məkanları, restoranlara üstünlük verirlər. Hətta Ərəb ölkələri arasında da fərqlər var. Digər ölkələrdən gələcək turistlərin də Azərbaycanda nəyi görmək istəyəcəyi müəyyən olunmalıdır. Ekspertlərin də ümdə borcu ölkələrin turistlərinin psixologiyasına uyğun proqramlar təşkil etməkdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm