​​​​​​​İnsan alverinin qurbanı olmuş 68 nəfərə yardım edildi
Bizi izləyin

Sosial

​​​​​​​İnsan alverinin qurbanı olmuş 68 nəfərə yardım edildi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ötən il 96 nəfəri, o cümlədən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 68 nəfər insan alveri qurbanını və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 28 nəfər potensial insan alveri qurbanını (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsləri) müxtəlif növ yardımlarla təmin edib.

Bu barədə Publika.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. Onun sözlərinə görə, insanların hüquq və mənafelərinin müdafiəsi, zəruri yardımlarla təmin edilmələri, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü tədbirlər görülüb. Onların hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib olunub və bir sıra şəxslərə eyni vaxtda bir neçə növdə yardımlar göstərilib:

“İnsan alveri qurbanlarından və potensial insan alveri qurbanlarından ümumilikdə, 44 nəfərin tibbi, 52 nəfərin psixoloji, 53 nəfərin hüquqi yardımla təminatı həyata keçirilib. Dövlət Məşğulluq Xidməti ilə birgə onlardan 21 nəfərin münasib işlə təmin olunmasına, 10 nəfərin isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərilib. Həmçinin ehtiyaclarına uyğun olaraq, insan alveri qurbanlarından 14 nəfər sığınacaqla təmin edilib”.

E.Babayev onu da əlavə edib ki, insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları barədə ictimai məlumatlılığın artırılması işləri də davam etdirilib. Bu məqsədlə respublikamızın ayrı-ayrı bölgələrində (Biləsuvar, Masallı, Cəbrayıl, Astara, Siyəzən, Şabran, Qusar, Oğuz, Qax, Zaqatala, Balakən və s.) əsasən gənclərin iştirakı ilə tədbirlər təşkil olunub, iştirakçılara müvafiq mövzularda dolğun məlumatlar verilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm