• USD 1,7001 0,00% EUR 2,1108 -1,08%
    • GBP 2,3855 -0,76% RUB 0,0301 -0,33%

Şirəçəkən alarkən BUNA DİQQƏT EDİN

  • Sosial
  • 14 Fevral 2018 21:30
  • 1 128 Baxış
Şirəçəkən alarkən BUNA DİQQƏT EDİN

Şirəçəkən məişət təyinatlı mürəkkəb texniki mallar qrupuna daxil olan, meyvə və giləmeyvələrdən şirə çəkmək üçün istifadə edilən cihazdır. Şirəçəkənlərin əllə işləyən, mexaniki və elektriklə işləyən üç növü mövcuddur. Bu cihazlar sitrus meyvələri üçün, universal, kombinə olan və şnekli modellərə bölünür.

Sitrus meyvələri üçün olan model yığcam, istifadəsi asan, yuyulması rahat və müqayisədə nisbətən ucuzdur. Universal şirəçəkənlər bütün meyvə və tərəvəzlər üçün nəzərdə tutulub. Bu şirəçəkənlər mürəkkəb konstruksiyaya malikdir və nisbətən bahalıdır. Kombinə olan modellər bir çox əlavə daxili funksiyalara malikdir. Əsasən qeyd olunan iki növ şirəçəkənlərin funksiyalarını birləşdirən modeldir. Bəzən onlara mayenin qarışdırılması, tərəvəzlərin doğranılması üçün blenderin müəyyən funksiyaları daxil edilir. Şnekli modellərin iş prinsipi isə ətçəkən maşına bənzəyir. Onlar aşağı sürətlə işləyirlər və bu səbəbdən daha səssizdirlər. Belə şirəçəkənlərin məhsuldarlığı digərlərindən daha yüksəkdir və hər cür meyvə və tərəvəzdən, o cümlədən göyərti, kök və giləmeyvələrdən şirə alınmasına imkan verir.

Göründüyü kimi, istehlak bazarında ən müxtəlif çeşiddə şirəçəkənlər satılır. İstehlakçı öz tələbat və məqsədinə uyğun olaraq seçim etməlidir.

Şirəçəkənin vacib texniki xassələrindən biri onun fasiləsiz işləmə vaxtıdır. Yeni modelləri avtomatik özünütəmizləmə və mühərrikinin məcburi ventilyasiyası funksiyası olduğu üçün xeyli vaxt fasiləsiz istifadə etmək olur. Kiçik şirəçəkənləri isə vaxtaşırı söndürüb təmizləməyə ehtiyac yaranır. Şirəçəkən alarkən istifadə zamanı təhlükəsizliyi yüksək olan növlərə üstünlük vermək lazımdır. Hissələri düzgün yığılmamış cihazı hərəkətə gəlməkdən qoruyan sistemlə təchiz olunduğuna diqqət edilməlidir. Bu cihazlar işlədiyi zaman həddən artıq qızmadan mühafizə olunmalıdır. Bunun qarşısını almaq üçün onları istismar qaydalarında göstərilmiş vaxtdan çox istifadə etməmək tövsiyə olunur.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, müştəri şirəçəkən alarkən satıcıdan malın həmin mağazadan alınmasını təsdiq edən sənədləri (qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd) tələb etməlidir.

Hər bir istehlakçı bilməlidir ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti malın pasportunda və ya nişanlama kağızında (yarlıqda) yaxud mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkarlanarsa istehlakçı qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlarını tələb edə bilər. Şirəçəkən alarkən zəmanət müddəti daha çox olan mallara üstünlük verilməlidir.

İstehlakçı satıcı qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkarlanmış qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyənləşdirilmiş müddətdən gec olmamaq şərtilə öz tələblərini irəli sürmək hüququna malikdir.

İstehlakçının aldığı cihazda yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır.

Eyni zamanda, ölkə qanunvericiliyində istehlakçıların satıcıdan alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında təqdim olunan məlumata cavab verməsini tələb etmək hüququ təsbit edilib. Yəni istehlakçı şirəçəkən alarkən, ilk növbədə, onun keyfiyyəti ilə bağlı ticarət obyektindən zəruri məlumatları tələb edə bilər. İstehlakçı aldığı malın keyfiyyətini, komplektliyini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur. Ticarət obyekti texniki cəhətdən mürəkkəb malları satışa müvafiq qaydada hazırlamalı, satışı zamanı isə onların yoxlanması üçün müvafiq şərait yaratmalıdır.

Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.

Sonda bir məqamı da diqqətə çatdırırıq ki, məişət texnikası satılan bütün obyektlərdə şirəçəkənlər satılır. Şirəçəkənin ixtisaslaşdırılmış firma mağazalardan alınması məqsədəuyğundur. Şirəçəkən alan zaman orijinal mal aldığınıza əmin olmaq üçün keyfiyyət sertifikatı soruşulmalıdır. Hər bir istehlakçı şirəçəkən alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır. Əgər hər hansı qanun pozuntularına rast gəlinərsə dərhal Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmək lazımdır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>