Xocalı faciəsinə həsr edilmiş tamaşa nümayiş olundu
Bizi izləyin

Sosial

Xocalı faciəsinə həsr edilmiş tamaşa nümayiş olundu

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

Teatrdan Publika.az-a verilən məlumata görə, tədbir Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə reallaşıb.

Anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra teatrın pedaqoq-təşkilatçısı, Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışaraq Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb. Natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü, bu soyqırımı faktının dünyada tanısılmasını, cinayətkarların cəza alacağına inamı qeyd edib.

Tədbir iştirakçıları teatrın repertuarında yer alan S.Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşasına baxıblar. Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Tamaşaya baxışdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Aslanov adına Mərkəzi Zabitlər Evinin təbliğat və hərbi kütləvi iş bölməsinin rəisi, kapitan Ramil Qasımov çıxış edərək bildirdi ki, Xocalı soyqırımı tarixə qanla yazılan faciədir. Bu faciə illər, əsrlər ötsə də xalqımızın yaddaşından silinməyəcək və soyqırımı qurbanlarının xatirəsi daim yaddaşlarda yaşayaraq, ruhları əziz tutulacaq. Bu gün bizim güclü ordumuz var. O güclü ordunun rəşadətli oğulları soqırım qurbanlarının erməni daşnaklarından qisasını alacaq , ata-baba torpağını düşmən torpaqlarından azad edəcək , üçrəngli bayrağımızı Qarabağ torpaqlarında dalğalandıracaq.

Tədbirin sonunda MZE-nin nümayəndəsi kapitan R.Qasımov Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyevin adından teatrın rəhbərliyi və kollektivinə təşəkkürünü bildirib və tamaşanın yaradıcı heyəti gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində göstərdikləri təşəbbüsə görə Fəxri fərmanlar təltif edilib.

Qeyd edək ki, səhnə əsərində əsas obrazları Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev və İlham Əsədov ifa edib. Tamaşanı Müdafiə Nazirliyinin zabit, əsgər və kursant heyəti, Səbail rayon 50 saylı orta məktəbin müəllim və şagird kollektivi, Xocalı dəhşətlərinin şahidi olan sakinlər böyük maraq və həyəcanla izləyibilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm