"Azərsu"-dan Qaradağda su borusunun partlaması ilə bağlı AÇIQLAMA: "Bizim günahımız deyil" - - VİDEO
Bizi izləyin

Sosial

"Azərsu"-dan Qaradağda su borusunun partlaması ilə bağlı AÇIQLAMA: "Bizim günahımız deyil" - - VİDEO

"Qaradağ rayonu, Lökbatan qəsəbəsində su borusunun partlamasına səbəb ərazidə yaşayan insanların fərdi qaydada primitiv üsullarla kanalizasiya xətləri çəkməsidir".

Bu sözləri Publika.az-a Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, su borularının partladığı ərazi yeni massivdir:

"Ərazidə yaşayan insanlar özləri özlərinə problem yaradır. Hazırda sakinlər fərdi qaydada su və kanalizasiya xətləri çəkdikləri üçün bu məsələni bir anda həll etmək mümkün deyil. Əvvəldən bu ərazilərdə ev tikib kortəbii şəkildə su xətləri çəkiblər. Təbii ki burada heç bir standartdan söhbət gedə bilməz. Borular izolyasiya edilməyib və nəticədə çürüyərək qəzalı vəziyyətə düşüb. İndi də belə bir hadisə baş verib. İndi isə problem olan kimi günahı "Azərsu"da görürlər”.

O bildib ki, bu xətlər "Azərsu"nun balansında olmadığından onların tam dəyişdirilməsi hələlik mümkün deyil:

"Biz su itkilərinin qarşısını almaq üçün təmir işləri aparırıq, xəttin ən pis vəziyyətdə olan hissəsini dəyişdiririk. Bununla belə, ASC-nin layihəsi var və ona uyğun olaraq dövlət investisiyaları hesabına Lökbatan qəsəbəsinin yeni massivinin bir hissəsində yeni şəbəkə qurduq. Bir hissəsində isə hələ işlər görülməyib. Bu gün "Azərsu"nun o qədər sərbəst vəsaiti yoxdur ki, həmin ərazidəki xətləri başdan başa dəyişsin. Hər halda yaranan problemin qarşısını alacağıq. Vətəndaşlar özləri də həmin ərazidə bəzi tədbirlər görə bilərlər. Bakıətrafı əksər qəsəbələrdə - Masazır, Sulutəpə, kənd Binəqədi, Lökbatan, Biləcəri, 20-ci sahə və Badamdarda vətəndaşlar standartlara uyğun olmayan su xətləri çəkiblər. Bu gün ayrı-ayrı bələdiyyələr, məhəllə sakinləri yığışır və Azərsu ASC-ə yaşadıqları ərazilərə su xətti çəkilməsi üçün müraciət edirlər. Biz də onlara texniki şərtdən çıxarış veririk. Yəni, ərazidə hansı diametrdə, neçə xətt tikilməlidir. Onlar özləri yığdıqları vəsait hesabına podratçı şirkət tapıb bu işləri onlara gördürə bilərlər. Necə ki, bu gün Binə, Sulutəpə, Hövsan və digər qəsəbələrdə belə işlər görülür”.

Xatırladaq ki, ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində su borusu partlayıb və 10 evin həyətyanı sahəsini su basıb.

***

Bakıda gecə saatlarında su borusu partlayıb, bir neçə evi su basıb.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi 1 A massivində qeydə alınıb. Nəticədə təxminən 10 evin həyətyanı sahəsini su basıb.

Sakinlər bildirib ki, 14 ildir burada yerləşən su borusu mütəmadi olaraq qırılır. Nəticədə yollar keçilməz olur, evləri isə su basır.

Gecə saatlarında ev sahibləri həyətyanı sahələrinin suyunu təmizləyib. Borudan gələn suyun qarşısını isə Azərsu ASC-nin əməkdaşları alıb. Sakinlər bildirib ki, ASC əməkdaşları üç massivə verilən ana borudakı suyun verilməsini dayandırıb. İndi evlərə içməli su gəlmir. Bununla bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə və Azərsu ASC-yə dəfələrlə müraciət edilib.

Ərazidə yaşayan sakin Əfqan Məmmədov neçə ildir bu problemi yaşadığını deyib:

“AzərsuASC-nin əməkdaşları gəlib partlayan hissəyə taxta ilə yamaq vurdular. Buna baxmayaraq, hələdə su axır küçələrə. Bizə 14 ildir ki deyirlər ki, borunu təmir etdirəcəyik. Burda öz hesabımıza küçənin asfalt qatını düzəltdirmişdik. Lakin su borusuna görə küçələr keçilməz olub. Səhər uşaqları məktəbə aparanda palçığa bataraq gedirik. Su gələndə bir tərəfdən sevinirik, digər tərəfdən qorxu hissi keçiririk. Çünki su veriləndə boru partlayır, su evlərimizə daxil olur".

Massiv sakinlərinin dediyinə görə, partlayış ana boruda baş verir. Bunun əsas səbəbi kimi isə borunun istismara yararsız olması göstərilir.

Sakinlərdən Gülnarə Ağayeva da bu problemdən bir neçə ildir əziyyət çəkdiklərini söyləyib: "Küçəyə "Təcili tibbi yardım"maşınları da girmir. Çünki borudan axan içməli su yolu keçilməz hala salır".

Çəkiliş zamanı bir neçə evin həyətinə baxan zaman orada kiçik gölməçələrin olduğunu gördük. Ancaq ev sahibləri suyun daş hasarın üzərinə qoyduğu izlə sübut edir ki, həyətyanı sahə çəkiliş aparılmamışdan öncə təxminən bir-iki metr hündürlüyünə çatıb. Onlar bel vasitəsilə borudan hələ də sızan suyun qarşısını almaq üçün qazıntı işi aparıb. Sızan suyun istiqaməti dəyişdirilib.

Könül Cəfərli

(report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm