“İdeal”dan Azərbaycan xalqına BÖYÜK HÖRMƏTSİZLİK - FOTO
Bizi izləyin

Sosial

“İdeal”dan Azərbaycan xalqına BÖYÜK HÖRMƏTSİZLİK - FOTO

“İdeal” mağazalar şəbəkəsində yalnız bu günlə məhdudlaşan endirim aksiyası həyata keçirilir. Aksiyada kişi ətirlərinə endirim edilməsi və bu aksiyanın məhz bir gün - 23 fevralda keçirilməsi sosial şəbəkədə böyük tənqidlə qarşılanıb.

Belə ki, sovet dövründə 23 fevral ordunun yaranma günü kimi qeyd edilirdi. Sovet dövrü isə çoxdan tarixə qovuşub və artıq Azərbaycan müstəqildir. Müstəqillik isə heç də asan əldə edilməyib. Məhz 23 fevralda yaranan həmin sovet ordusu tərəfindən yüzlərlə azərbaycanlı həyatını itirib. Elə o qəhrəmanlarımızın qanı bahasına Azərbaycan müstəqilliyinə qovuşub. Bəs xalqımızın yaddaşına acı bir gün kimi iz buraxan belə bir gündə “İdeal” mağazasının kişilər üçün aksiya keçirməsi nə ilə izah edilə bilər? Bu, Azərbaycan xalqına, şəhidlərimizə hörmətsizlik deyilmi?

Elə odur ki, insanlar bu aksiyanı sərt tənqid atəşinə tutublar. “İdeal” mağazanın sosial şəbəkədəki səhifəsində aksiya ilə bağlı hər bir paylaşımın altına bu cür tənqidi şərhlər yazılıb. İstifadəçilər səhifə idarəçilərindən və dolayısı ilə mağaza sahiblərindən bu məsələyə aydınlıq gətirmələrini tələb ediblər. Lakin İdeal adından yazılan cavablarda həmin şərhlər görməzlikdən gəlinir. Necə deyərlər, onlar sadəcə “ciblərini” düşünürlər.

“Bilirsiniz ki, 23 fevral 20 yanvarda Bakıda günahsız insanları öldürən Sovet ordusunun yaranma günüdür? Bəs bilirsiniz ki, artıq bizim öz ordumuzu yaranması günü - 26 iyunumuz var? Bu gündə aksiya keçirdiyinizə görə elə fikir yaranır ki, bunları bilmirsiniz. Yox, əgər bilərək aksiya keçirirsinizsə, bu ikiqat ayıbdır. Çox-çox ümid edirəm ki, gələn ildən bu aksiyanı dayandıracaqsınız”, - deyə izləyicilərindən birinin şərhində qeyd edilir.

Məsələ ilə bağlı “İdeal” mağazalarından birində satıcı işləyən xanım sualımıza cavabında aksiyanın müştərilərin çoxsaylı istəkləri əsasında keçirildiyini bildirdi:

“Azərbaycanda kişilər günü 26 iyunda keçirilir. Biz kişilər günü üçün endirimi də məhz həmin gün edirik. Bu günün sovet dövründə qeyd edilmiş bayramla heç bir əlaqəsi yoxdur. Bu gün belə bir aksiyanın keçirilməsi müştərilərin istəyi ilə bağlıdır”.

Müştərilərin 22 fevral, yox 23 fevral günü aksiya keçirməsi ilə bağlı israr etmələri təbii ki, ağlabatan deyil. Satıcı xanım isə bu sualımıza cavab vermək səlahiyyətində olmadığını deyərək, bizi PR-menecerə yönləndirdi. Lakin öyrəndik ki, mağazalar şəbəkəsinin PR meneceri məhz bugünkü aksiya ilə bağlı mağazalardadır. Onların telefona cavab vermək imkanı yoxdur. Bizə e-mail ünvanına sorğu göndərməyimizi məsləhət gördülər.

Sorğumuza “təcili” başlığı yazaraq göndərdik, lakin görünür suallarımıza cavab vermək “İdeal” üçün heç də əhəmiyyətli deyil. Odur ki, hələ ki, suallarımıza cavab gəlməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm