“TEAS PRESS”-dən yeni nəşrlər
Bizi izləyin

Sosial

“TEAS PRESS”-dən yeni nəşrlər

“TEAS PRESS” Nəşriyyat Evi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda iki sənədlər toplusu nəşr edib.

“Azerbaycan Cumhuriyeti (1918-1920). Osmanlı Arşiv Belgeleri” adlanan sənədlər toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı mindən çox nadir sənəd verilib. Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində mühafizə olunan bu sənədlər transkripsiya edilərək 219 adda qruplaşdırılıb və xülasələr yazılıb. Burada toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir.

“Birinci Dünya Savaşı ve Azerbaycan (Osmanlı Arşiv Belgeleri)” adlı digər sənədlər toplusu Azərbaycanın I Dünya müharibəsi dövründəki vəziyyətini əks etdirir. Topluda mindən çox arxiv sənədi transkripsiya edilib, 211 adda qruplaşdırılıb və hər biri haqqında xülasə verilib. Bu sənədlər Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində və Əsgəri Tarix və Strateji Etüd Başkanlığı Arxivində mühafizə olunur. Bu sənədlər Azərbaycanın I Dünya müharibəsi dövrü tarixini daha dərindən öyrənməyə imkan verir.

Hər iki topluda verilmiş sənədlərin böyük əksəriyyəti ilk dəfədir ki, elmi dövriyyəyə gətirilir və Azərbaycan tarixşünaslığında indiyədk məlum olmayan bir sıra problemləri müəyyən etməyə və araşdırmağa kömək edir.

Sənədlər toplularını nəşrə tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov və Qiyas Şükürov hazırlayıb. Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov hər iki nəşrə geniş ön söz yazıb.

Bu toplular Birinci dünya müharibəsi və Azərbaycan Cümhuriyyəti tarixi ilə məşğul olan mütəxəssislər, tələbələr və həmin dövrlər ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“TEAS PRESS” Nəşriyyat Evinin yeni nəşrlər siyahısına daha bir kitab əlavə edilib. Tanınmış amerikalı tədqiqatçı-jurnalist, Montana Universitetinin professoru Tomas Qoltzun müəllifi olduğu “Azerbaycan Günlügü: Savaşın yaraladığı petrol zengini bir eski sovyet cumhuriyetinde muzip bir muhabirin maceraları” adlı kitab türk dilinə tərcümə edilərək nəşr olunub. Kitabda Xocalı qətliamından, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Tomas Qoltz əsərində ölkəyə səfərinin təəssüratları, eləcə də Qarabağ müharibəsi ilə bağlı müşahidələrini təsirli şəkildə qələmə alıb. Onun Ağdamda Xocalı soyqırımı qurbanlarını işıqlandırarkən həmkarlarının keçirdiyi hissləri təsvir edən sətirləri həyəcansız oxumaq olmur. Amerikalı jurnalist Azərbaycanın o ağır dövrünün tarixini kənar şəxs kimi obyektiv əks etdirib. Qeyd edək ki, T.Qoltz ötən əsrin 90-cı illərində Azərbaycana səfər edən ilk xarici jurnalistlərdən biridir.

Tomas Qoltsun Qarabağ münaqişəsi haqqında həqiqətlərin “Washington Post”, “The New York Times”, “The Wall Street Journal” kimi tanınmış mәtbuat orqanlarının səhifələrinə çıxarması o zaman Azərbaycan ətrafında yaranmış informasiya blokadasının yarılmasında fəal rol oynayıb.

Məlumat üçün deyək ki, kitabın orijinal mətni ingilis dilində (Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic) qələmə alınıb. O dövr ilə bağlı həqiqətləri əks etdirən kitabın ilk nəşri 1998-ci ildə Nyu-Yorkda baş tutub.

Əsər Qarabağ münaqişəsinin xronologiyası ilə maraqlanan mütəxəssislər və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm