“Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib
Bizi izləyin

Tabloid.az

“Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib

“Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilmişdir.

Fonddan bildirmişlər ki, topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir.

Üç kitabdan ibarət topluya yeddi əsər daxil edilmişdir. Birinci kitab “Behcətür-ruh”dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli bilgilər yer almışdır. Hazırda əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və muğamsevər oxucular üçün qiymətli bir məlumat mənbəyinə çevrilmişdir.

İkinci kitab “Musiqi haqqında risalələr” adlanır. Bu kitaba 5 risalə daxildir. Məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsus ilk risalənin XIX əsrin sonlarında yazıldığı güman edilir. Risalənin mətni cədvəllər əsasında izahla müşaiət olunur. Əmir xan Kövkəbi Gürci və digər naməlum müəlliflərin yazdıqları digər risalələrdə muğamın yaranma tarixi, musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair maraqlı məlumatlar verilir.

Musiqi elminin əsaslarından bəhs edən risalələrdə muğamın pərdələri və şöbələrinin bürclərə, planetlərə, ilin dörd fəslinə nisbət verilməsi haqqında məlumatlar cədvəllərlə göstərilmiş, ritmlərin, çalğı alətlərinin öyrənilməsinə fəsillər ayrılmışdır.

“Muğam üstündə oxunan şeirlər” adlanan üçüncü kitabda Pirinin, Hüdayinin, Yunus Əmrənin, Zakirin, Dərviş Osmanın, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur Osmanlı türk şairlərinin şeirləri toplanmışdır.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm