• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dəryanın Hüseyni

Dəryanın Hüseyni

Savalan Talıblı

Gəlimli, gedimli dünya! Son ucu ölümlü dünya

“Kitabi-Dədə Qorqud”

Dünyanın ən nəhəng adamlarından biri, f ransız yazıçısı və riyaziyyatçısı Paskal Blez 17 ci əsrdə yazırdı: ”Dünyaya gələndə səbəbini bilmədim, yaşarkən necə yaşamaq lazımdır onu da bilmədim, indi ölümə gedirəm, yenə də səbəbini bilmirəm” . Bu ibratəmiz fikirlər bir neçə cümlə yazmağıma kömək edir.

Əslində yazmaq istədiyim yazı deyil və ya özümü kökləyib yazı yazmaq da niyyətim yoxdur. Sadəcə olaraq bu günlərdə gündəmi tutan mövzuya münasibət bildirmək istədim. Mətləbə keçməzdən öncə qeyd etməyi özümə borc bilirəm ki, bu dünyanın adamları həmişə o dünyanın adamlarına sataşırlar. Onlarla vaxtında etmədikləri söhbətlərini, razbork­­ alarını edirlər. Nə asan işdir ölüylə razborka eləmək.

Bu yaşıma kimi ölünün dalınca danışanları çox görmüşəm. Birisi şərikinin dalınca danışır, digəri dostunun, başqa birisi də arvadının. Amma arxadan danışan adamların heç biri düz sözü insanların sağlığında düz üzünə deməyib. İki dost şərikinə bizneslə məşguldursa şəriklərdən biri dünyasını dəyişsə həyatda qalan, rəhmətə gedənin dalınca olar-olmaz sözlər danışacaq. Dostunun dalınca danışmaq isə bizim məmləkətdə ən asan işdir. Arvadını xəyanətdə, yalanda günahlandıran arvadını o dünyaya yola salandan sonra özünü əsl qəhrəman hiss edir. Nə isə keçək mətləbə. İnsanlar anlamır ki, ölünün dalınca danışmaq günahdır. Biz müsəlman olaraq heç vaxt şəriət qayda- qanunlarına da riayət etmirik. Yer üzünə göndərilən bütün müqəddəs kitablar da yazılır ki, dünyasını dəyişənin dalınca danışmaq olmaz. Həttda “İncil” buyurur ki: Ölmüş adam günahdan azad olunmuşdur.

Bəs niyə biz, bizə verillmiş müvəqqəti ömürdə bilə-bilə səhvlər edib, günahlar qazanırıq. Bəlkə nə vaxtsa öləcəyimizi bilib günahlarımızın təmizlənməyini gözləyirik?

Bayaqdan özümü mətləbə kökləmək istəyirəm nədənsə alınmır. Görünür mənimdə günahlarım az deyil.

Əlqərəz... Bugünlərdə mətbuat məşhur reper Hüseyn Dəryanın ölümüylə baglı xeyli xəbərlər yaydı. Bu xəbərlərin içərisində doğrusuda var idi yalanıda. Adamı yandıran budur ki, insanlar bu xəbərlərə öz cılız beyinləri qədər şərhlər yazdılar. Kimisi ona narkoman dedi, kimisi də tüfeyli həyat keçirən. Amma heç kim onun yaradıcılığından, etdiyi xeyirxahlığından yazmadı. Mərhumu tanıyanda, tanımayanda ucdantutma fikirlər bildirdi.

Mən mərhumu şəxsən tanıyırdım. Bir neçə il bir qəsəbədə yaşadıq. Bir neçə dəfə də görüşmüşdük. Hələ lap məşhur olanda məşhurluq onu çaşdırmamışdı. Əvvəllər yaşadığı Bakıxanov qəsəbəsində böyük hörmət-izzətə malik idi. İnsanlarla nomral ünsiyyətə girirdi, can deyib can eşidirdi. Son illərdə Hüseyn Dərya qədər böyük tamaşaçı, dinləyici auditoriyası görən ikinci bir sənətçı görmədim. Hüseyini hamı sevirdi, azyaşlı uşaqdan tutmuş, yaşlı nəslin nümayəndəsinə qədər.

Hüseyn ilk addımını “Kef elə” deyə-deyə atdı. Və Hüseyinin sayəsində o vaxtlar çox insanlar öz problemlərini unudub Hüseyinin dalınca getdilər. Loru səslənsə də, kef elədilər. O “Kef elə” deyəndə insanların əksəriyyəti bügün ki kimi bankalara kredit ödəmirdilər, avtomobillərini, evlərini girov saxlamırdılar. Hüseyn doğrudan da insanları “Kef elə”–məyə çağırırdı. Məncə, bunun bir pis tərəfi yox idi. Hüseyn rep janrına yenilik, repə bir doğmalıq, şirinlik qatdı. Sonra ətrafındakılara “Kişi ol” dedi, onlara “Kişi sözü” verdi, ”Göz qırpımı” deyib “Oyan bəxtim”-i səslədi. Sonra “Məktub” yazdı, ”Ay can ay can” deyib ”Dünya”-ya “Sevmirəm” deməyi də unutmadı. ”Dost” “Yalandır”, ”Ölüm və ya olum” var deməyi də unutmamışdı.

Mənim üçün Hüseyin bu məmləkət üçün unikal istedad sahibidir. Biz onu öldürdük. Özümüz öldürdük. Amerikada Snoop Dog adlı reper yaşayır. Bəlkə də dünyanın bir nömrəli narkobaronudur. Amma dünya, ən əsası da qaradərililər onu qoruyur və qorumağıda bacarır. Bizim gücümüz isə ancaq öldürməyə çatır.

Hərdən öz-özümə deyirəm:Ya Rəbb, imkan varsa bizim məmləkətdən bir şair, yazıçı, müğənni apar. Mətbuatda yazmağa yeni mövzu, insanlar arasında da danışmağa söhbət olsun. Bizlər ancaq ölünün dalınca danışmağı bacarırıq...

Ölüm dediyimiz şey əslində yeni həyat tərzidir, ancaq biz bu barədə heçnə bilmirik. Mən əminəm ki, Hüseyn ölmədi. On, iyirimi bəlkə də üç ildən sonra aramızdan bir Hüseyn çıxacaq. Dərya qədər dərin Hüseyn...

Yazıma isə yazıçı Anarın bir fikriylə nöqtə qoyuram. Anar müəllimin təbirincə desək:İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki, onları xatırlayan, səslərini, sifətlərini yaddaşlarda saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar-fikirlərdə, xəyallarda, təsəvvürlərdə.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR