Azərbaycanlı dirijor Rusiyanı heyran qoydu - Fotolar
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı dirijor Rusiyanı heyran qoydu - Fotolar

Sankt-Peterburqun Mixaylovski İmperator Opera Teatrında Qaetano Donisettinin "Sevgi şərbəti" (L'elisir d'amore) operasının premyerası baş tutub. Tamaşaya Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edib. İtaliya və Rusiyanın tanınmış sənət və teatr xadimləri tamaşanın quruluşçu heyətində iştirak edib - Fabio Sparvoli (quruluşçu rejissor), Mauro Karozi (quruluşçu rəssam), rejissorun assistenti - Barbara di Lyeto, kostyum üzrə rəssam - Odette Nikoletti, işıq üzrə rəssamlar - Viniçio Keli, Luidji Benedetti, rejissor assistentləri - Olqa Çiçilanova, Sergey Şepelev, musiqi rəhbəri - Daniele Rustionidir. Əsas rolların ifaçıları - beynəlxalq müsabiqələr laureatı Dmitriy Karpov, Yevgeniy Axmedov, Boris Pinxasoviç, Hamburq Opera Teatrının solisti Katerina Tretyakova, Yuriy Monçak, Svetlana Moskalenko və Viktoriya Voytenkovadır. Qeyd etmək lazımdır ki, tamaşa anşlaqla keçmişdir. Tamaşanı böyük maraqla izləyən dinləyicilər ifanın sonunda dirijor və solistləri ayaqüstə alqışlayıblar.

1833-cü ildə əsası qoyulan Mixaylovski Opera Teatrı Rusiyanın qədim tarixi və mədəni ənənələrini özündə yaşadan böyük sənət məbədlərindən biridir. 2013-cü ildə dirijor Əyyub Quliyev ilk dəfə olaraq P.Çaykovskinin "İolanta" operasına dirijorluq etmək üçün həmin teatra dəvət olunub. Qarşıdakı testr mövsümü ərzində Əyyub Quliyev həmçinin, C.Verdinin "Traviata" operasını idarə edəcək. Eyni zamanda simfonik dirijor kimi qastrol səfərində iştirak edən dirijor aprelin 3 və 5-də Safonov Akademik Filarmonik Orkestri ilə bərabər silsilə konsertlərlə çıxış edəcək. Həmin konsertlərdə dahi rus bəstəkarı S.Prokofyevin "Romeo və Cülyetta" baletindən nümunələr və bəstəkarın instrumental əsərləri səslənəcək. Konsertlərdə solist qismində Qəbələ pianoçuların beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısı İlya Maksimov (İngiltərə) iştirak edir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm