• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Sevişmə səhnəsində adamı öpməklə divarı öpməyin fərqi yoxdu"

"Sevişmə səhnəsində adamı öpməklə divarı öpməyin fərqi yoxdu"

Daima gündəmdə olan Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay “Milliyet” qəzetinin suallarını cavablandırıb. Publika.Az həmin müsahibəni oxuculara təqdim edir.

Şəxsi həyatı, oğlu və keçmiş həyat yoldaşı ilə bağlı suallara səmimiyyətlə cavab verən Yeşilçay gözəlliyinin də sirrini açıqlayıb.

-İlk əvvəl istəyirəm oğlunuzun dünyaya gəlməyindən danışasınız. Suda doğuş fikri haradan çıxdı?

- Hamilə olduğum dövrdə maraqlanmadığım şey qalmadı. Pilates etdim, çox sayda kitab oxudum. Sənədli filmlər izlədim. Sonra da suda doğuş etməyi qərara aldım.

Doğuş 48 saat davam etdi

-Bəs necə oldu?

-Mən çox inadkaram. Övladımı çox gülməli vəziyyətdə dünyaya gətirdim. Amerikalı həkim, öz həkimim, 10 tibb bacısı və çox sayda yaxınlarım. Doğuş tam 48 saat davam etdi.

Övladımı tarladakı qadınlar kimi dünyaya gətirdim

-Çox sancıların var idi?

Çox ağrım var idi. Suyun içində söyüş söyə-söyə sancı çəkirdim. Gah suya girirdim, gah da çıxırdım. Hamını otaqdan qovurdum. Çox əsəbi idim. Təsəvvür edin 48 saat suyun içində qal, amma uşaq olmadı. Bir anlıq sudan çıxdım və 10 saniyənin içində oğlum dünyaya gəldi. Yəni doğuş təbii yolla baş tutdu. Eynən tarladakı qadınlar kimi övladımı dünyaya gətirdim.

-Analıq səni nə qədər dəyişdirdi?

-Çoox. Əvvəlki sərt davranışların qalmır. Artıq insanlara daha fərqli baxıram. Qarşımdakı insana əvvəlki kimi kobud münasibət göstərmirəm. Oturub düşünürəm ki, bu insan bəlkə də necə çətinliklərlə böyüdülüb.

-Belə demək olar ki, daha həssas olmusunuz?

-Eynən. İndi ota da, p*xa da baxıb ağlayıram. Bir də canımı ölüm qorxusu bürüyüb. Mən ölsəm bu uşağa kim baxacaq? Əvvəl hər gün bir əyləncə axtarırdım. İndi evimdəki mavi yorğana bürünüb oturmaq istəyirəm.

“MƏNİMKİ ÖKÜZ KİMİ YEYİR”

- Yeçilçay necə anadır? Siz də başqa analar kimi qaşıq əlinizdə uşağınızın arxasınca qaçırsınız?

- Xeyr, məncə, Allah hamının özünə görə uşaq verir. Mənim uşağım öküz kimi yeyir. Mən adət etdiyimiz anaların əksinə olaraq “Bəsdir, yemə” deyirəm.

- Övladınızla birlikdə necə vaxt keçirirsiniz?

- Çox əyləncəli. Serial çəkilişləri bitdikdən sonra İngiltərəyə getdik. Oğlumla əvvəlcədən razılaşırıq. Bütün pulumuzu ortaya qoyuruq. Həmin pula nələr etmək mümkündürsə onu edirik. Oğlum bir qram da ərköyün uşaq deyil. Özünə deyirəm, “Filan qədər pulum var. Bu pula ləzzətli yemək istəyirsən, oyuncaq almaq istəyirsən, ya kinoya getmək?” O da istədiyini seçir. Bahalı bir şey istəsə, açıqca ona pulumuzun olmadığını deyirəm. Bir sözlə, mənim şəhanə oğlum var. Onu çox sevirəm.

“BOŞANMAMIŞDAN ƏVVƏL QORXURDUM”

- Tənha ana olmaq sizə yük olmadı ki?

- Boşanmamışdan əvvəl qorxurdum. Amma sistemimi qurduqdan sonra heç bir çətinliyin olmadığını gördüm. Sən daxilən xoşbəxt və rahatsansa, övladın da xoşbəxt olacaq. Əminəm ki, oğlum biz boşandıqdan sonra daha xoşbəxt uşaq oldu. Çünki, hələ ayrılmamışdan əvvəl həyat yoldaşımla aramızda mübahisələr olurdu. Bəzən evdə yüksək səslə mübahisə edirdik. Uşaq da bundan təsirlənərək özünə qapanırdı. İndi tək öz həyatımı yaşayıram. İşlərim yerindədir. Hər şey çox mükkəmməldir. Bir də ki, mənim həyatdan elə də böyük gözləntilərim yoxdur. Ailəli olduğum müddətdə elə bilirdim ki, həyat bu cür sıxıcı davam edəcək. Düzdür, ailə qurduğum ilk vaxtlar hər şey möhtəşəm idi. Çox gözəl günlərim də oldu, amma ailəli olanda hər anın sevincini yaşaya bilmirsən.

- Atdığın hər addımda övladını düşünürsən?

- Düşünmürəm desəm, yalan olar, amma mən də bir fərdəm. Oğlum Nejat üçün hər şey edə bilərəm. Ancaq sonra “Səndən ötrü saçımı süpürgə elədim” demək istəmirəm. Birdən oğlum da “Etməyəydin” deyə mənə cavab versə, nə deyərəm? Düzdür, oğlumla eyni evi bölüşürük, o mənim canım-ciyərimdir, amma onun üstünə çox yük yükləmək istəmirəm. Mənim öz həyatım, onun da öz həyatı var. Biz bir-birimizin ən yaxın qohumuyuq.

-Ana olduqdan sonra da öz imicini itirmədin. Bunu necə bacardın?

-Qadınlar ana olduqdan sonra cürbəcür sözlərlə özlərinə nəyisə təlqin edirlər. Mən özümü heç bir şeyə məcbur etmədim. Qarşıma heç bir qadağa qoymadım. Necə varamsa, eləcə də həyatıma davam etdim.

-Sevgilinizi də gizlətmədiniz və buna görə də hər kəs bu münasibətinizi qəbul etdi…

-Mən heç bir pis iş görməmişəm ki? Mən də, qarşımdakı insan da subaydır. Bizim kimə nə zərərimiz var? Hər zaman “Başqaları bizə nə deyər?” fikri ilə yaşamaq olmaz. Heç kimin fikri mənim üçün əhəmiyyətli deyil.

“ANAMI ÖZÜMƏ NÜMUNƏ GÖTÜRMÜRƏM”

- Ana olaraq kimi özünüzə model seçirsiniz? Məsələn, öz ananızı nümunə götürürsünüz?

- Anamı xüsusi olaraq özümə nümunə götürmürəm. Çünki anam bizdən ötrü özünü öldürürdü. İndi də deyirəm ki, mən istədiyim anda anam mənim yanımda ola bilmirsə, bu anamın günahıdır. Biz yeyək, o, yeməsin, biz geyinək, o, geyinməsin. Anam 53 yaşında dörd uşağa baxmaqdan öldü. Övladımı dünyaya gətirəndə anamın yanımda olmağını istəyirdim. Anam yaşasaydı, ona “Bizdən ötrü saçını süpürgə etməyəydin” deyə bilərdim.

-İnsanın həm anasını, həm də atasını itirməsi necə bir hissdir?

-Dəhşətli… Atanın yoxluğu çox pisdir, amma ən çox insana təsir edən anadır. Məncə evin dirəyi, hər şeyi anadır. Analıq tam başqa bir şeydir. Ana ilə hər mövzuda danışa bilərsən. Çünki o, sənin hər halını başa düşür.

-Ananızı neçə yaşında itirdiniz?

-20. Anamın da 53 yaşı var idi. İnfarkt keçirdi və daha sonra da atam dünyasını dəyişdi.

"KEÇMİŞ ƏRİMİN FOTOLARIMLA BAĞLI DEDİKLƏRİ XOŞUMA GƏLDİ"

-Keçmiş həyat yoldaşınla münasibətin necədir?

-Oğlumun atasıdır. Onun haqqında heç vaxt pis bir fikir demərəm. Oğlumun qəhrəmanıdır və mən də buna sayğı göstərirəm. Uşaq haqqında nə isə danışırıq, amma başqa heç bir əlaqəmiz yoxdur.

- Nə vaxtsa kiminləsə görüntülənsəniz və ya mətbuatda fotolarınız çıxsa... Hər kəsi keçmiş həyat yoldaşınızın buna münasibəti maraqlandırır. Buna sizin münasibətiniz necədir?

- Çünki keçmiş həyat yoldaşım Cem Özər boşandıqdan sonra həddindən çox danışdı. Hər şeyə münasibət bildirirdi. Mən heç vaxt jurnalistlərin suallarını cavablandırmırdım. Bir dəfə “ayrıldıq” dedim, bitdi. Hətta yadımdadır, bir dəfə müxbir mənə sual verəndə “Məndən niyə soruşursunuz, gedin Cemə sual verin” dedim. Ancaq son şəkillərim haqqında Cemin dediklərini çox bəyəndim. Sağ olsun, ən azından mənə sataşmayıb. Cem hər şey deyə bilər. Məsələn, şəkilə baxıb “Keçmiş arvadımın büsqalterini bəyəndim” deyə biləcək insandır. (Nurgül Yeşilçayın mətbuatda yayılan cazibədar şəkillərinə münasibət öyrənən jurnalistlər Cem Özərdən soruşublar ki, bu fotolara baxdıqdan sonra “belə gözəl qadını əldən qaçırdım” deyibmi. Cem Özər isə bu suala olduqca maraqlı cavab verib: “Niyə elə deməliyəm ki? Mən Nurgüllə bağlı hər şeyi bilirəm. Biz təbii yolla övlad sahibi olmuşuq. Oğlumuz Osman Nejatı leyləklər gətirməyib”).

- Bəs siz keçmiş həyat yoldaşınıza “artıq bu məsələlər haqqında danışma” deyə bilmirsiniz?

- Çox demişəm, amma nə faydası var. Yenə də danışır. Bu adam sadəcə, danışmağı sevir. Hamımız Cem Özəri yaxşı tanıyırıq.

-Eşq sənin üçün nə deməkdir?

-Bu yaşdan sonra eşq lazım deyil. O işləri gənc yaşında yoluna qoymaq lazımdır. Artıq gecdir.

-Sevişmə səhnələrində utanırsan?

-Əsla. Bu işdir və sən rolunu ifa etməlisən. Mən orda obrazımı canlandırıram. Sevişmə səhnəsində adamı öpməklə divarı öpməyin heç bir fərqi yoxdur. Çəkiliş meydançasında çox insanın olmağının da mənə təsiri yoxdur. Çünki öpüşən mən deyiləm. Obrazdır və fikrimi rolumu necə ifa etməyimə yönləndirirəm.

-Həyatdan nə gözləyirsiniz?

-Özümə daha çox vaxt ayıracağım bir məkanımın olmasını istəyirəm. Bir də xeyirlisi ilə sevgi.

Dəniz Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR