• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Mehriban Əliyeva məşhur heykəltəraşın sərgisi ilə tanış olub - FOTOLAR

Mehriban Əliyeva məşhur heykəltəraşın sərgisi ilə tanış olub - FOTOLAR

Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgi ilə tanış olub.

Aprelin 9-da Heydər Əliyev Mərkəzində müasir dünya incəsənətinin görkəmli nümayəndələrindən biri, məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olublar.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Mərkəzin həyata keçirdiyi layihələrdən geniş söhbət açıb. Diqqətə çatdırılıb ki, Azərbaycanda müasir incəsənətlə bağlı tədbirlərin keçirilməsi böyük önəm daşıyır. Müasir İncəsənət Muzeyinin fəaliyyəti, “Fly to Baku” sərgisi, “YARAT” Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr müasir incəsənətin təbliğində mühüm rola malikdir.

Anar Ələkbərov Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi layihələrə göstərilən dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyev Mərkəzi Toni Kreqq studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində dünya şöhrətli heykəltəraşın əsərlərinin xüsusi təqdimatını reallaşdırır. Sərginin açılış mərasiminin müəllifin 65 illik yubileyinə təsadüf etdiyini qeyd edən Anar Ələkbərov Toni Kreqqi bu münasibətlə təbrik edib.

Mərasimdə çıxış edən Toni Kreqq sərginin təşkili ilə bağlı dəvətə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirmiş və sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Toni Kreqqə təmsil etdiyi ali təhsil müəssisəsinin fəxri professoru diplomunu təqdim edib. Sonra sərgiyə baxış olub. Avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənir.

Xatırladaq ki, Toni Kreqq 1949-cu il aprelin 9-da Böyük Britaniyanın Liverpul şəhərində anadan olub. O, 1966-1968-ci illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında texnik işləyib. Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan Toni Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil alıb. O, 1977-ci ildə Böyük Britaniyanı tərk edərək Almaniyanın Vuppertal şəhərinə köçmüş və sərgilərlə çıxış etməyə başlayıb. Görkəmli sənətkar hazırda Düsseldorf İncəsənət Akademiyasının rektorudur.

Toni Kreqq yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınıb. Hazırda onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. Toni Kreqq böyük, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, çini və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.

Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan Toni Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində məşhur Törner mükafatına, 2007-ci ildə isə Yaponiyanın İmperator mükafatına layiq görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR