“Bəyəm bizdə fahişə yoxdur?” - SORĞU
Bizi izləyin

Tabloid.az

“Bəyəm bizdə fahişə yoxdur?” - SORĞU

“Bəyəm bizdə fahişə yoxdur?” - SORĞU

Bir neçə gün öncə “Mədəniyyət” kanalında yayımlanan “Gürzə” serialındakı açıq-saçıq görüntülər sosial şəbəkələrdə səs-küyə səbəb olub. Dilarə Nəzərovanın canlandırdığı Ziba obrazının geyimi böyük narazılıqla qarşılanıb.

Mövzu ilə bağlı tanınmışların rəyini öyrəndik. Məsələyə münasibət bildirən yazıçı Seyran Səxavət ümumilikdə, açıq-saçıqlığın normal bir hal olmadığını dedi: “Düzünü desəm, o serialı izləməmişəm. Onu deyim ki, nəinki serialda, ümumiyyətlə, Azərbaycan cəmiyyətində açıq-saçıqlıq baş alıb gedir. Biz Avropaya inteqrasiyanı deyəsən, baş-ayaq, tərsinə başa düşürük. Tərsinə başa düşdüyümüzə görə də tərsinə qəbul edirik. Tərsinə qəbul etdiyimizə görə də bu şeylərin heç birini bizim mənəviyyatımız toplum olaraq, millət olaraq, həzm edə bilmir.

Ümumiyyətlə, bütün gizli şeylər gözəldir. Tam görünməyən ağac, əlçatmayan dağ gözəldir. Açıq-saçıqlıq həm də insanı mənəvi cəhətdən son dərəcə tənbəlləşdirir. Yəni açıq və saçıqdır, burada hər şey ortadadır və maraq doğuran bir şey yoxdur. Mən nəinki serialda, ailədə, qonşuluqda, dostluqda, işdə açıq-saçıqlığın əleyhinəyəm. Bizdə bir söz var, deyirlər, filankəslə aramda pərdə var. Pərdədən gözəl şey yoxdur”.

Yazıçı-ssenarist Samir Sədaqətoğlu rejissorların tərəfindədir. Onun sözlərinə görə, əgər gündəlik həyatımızda belə insanlar varsa, onları ssenarist yazmalı, rejissor isə çəkməlidir: “İlk olaraq onu qeyd edim ki, mən o seriala baxmamışam. Əgər film insan həyatından bəhs edirsə, obrazlar təbii və tamaşaçılar üçün anlaşılan olmalıdır. Söhbət pozğun qadından gedirsə, onun da öz həyatı var. Bəyəm bizim cəmiyyətdə fahişə yoxdur? Mən də bunu normal hesab edirəm. Çünki rejissor bunu bizdən də yaxşı bilir ki, orada hansı hadisələr baş verir. İndi o rejissor çox maraqlı bir iş görsə, heç kim bunu qabartmayacaq, heç kim bunu görməyəcək. Amma bir qadının sinəsi orda bir balaca açıq düşdüyü üçün onun üstünə getmək olmaz. İnsanları həvəsdən salmaq düzgün deyil. Hər bir obrazın öz xarakteri var və ssenarist məcburdur ki, onu yazsın və rejissor da çəksin. Ümumiyyətlə, serial işi Azərbaycanda yenidir. Çalışıb ona dəstək vermək lazımdır. Bir seriyanın başa gəlməyi üçün nə qədər enerji, vaxt, maddiyyat lazımdır”.

Nasir, “Aktrisa” filminin ssenari müəllifi İlqar Fəhmi serialı izləmədiyini, amma Azərbaycan kanallarının bu mövzuda mühafizəkar, konservativ mövqeyinin möhkəm olduğunu dedi: “Mən inanmıram ki, bizim dövlət kanallarında tam şəkildə açıq-saçıq görüntülər getsin. Bu olubsa da, lap o səviyyədə olmaz. Hər kəs bilir ki, bizim dövlət kanallarımız əxlaqi baxımından həmişə konservativ olub. Belə şeylərə yol verməyiblər. Cüzi bir şey olub, onu açıq-saçıq kimi yozurlar. Başqa kanallarda belə şeylər olur. Dövlət kanallarında isə qaydalar sərtdir.

Biz qapalı rejim də qura bilmərik. Əxlaqi dəyərləri qoruyub saxlayan yerlər də olmalıdır. Elə ədəbiyyatda da müəyyən qəzetlər var ki, onlar əxlaqi çərçivələri gözləməlidir. Bunu gözləməyənlərin də qarşısını ala bilmərik. Çünki biz demokratiya dövründə yaşayırıq. Mən belə düşünürəm ki, bu da olmalıdır, o da olmalıdır. Bu baxımdan dövlət kanalları, istər İTV, istərsə də, AzTv həmişə lazım olan mövqeyi ortaya qoyublar. İnanmıram ki, orada böyük bir şey olsun”.

Mehman Həsən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm