• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Yusif müəllimsiz qərib qalan «Qərib Axşamlar»

Yusif müəllimsiz qərib qalan «Qərib Axşamlar»

Bu yaxınlarda bir xəbər oxudum və bu xəbər mənə çox pis təsir etdi. İctimai TV-də çalışan, öz mədəni səviyyəsi ilə tanınan, hər kəsin rəğbətini qazanmış telejurnalistimiz Yusif Günaydın artıq İctimai TV-də çalışmır. Mən və mənim kimi xaricdə yaşayan bir çox vətəndaşlarımız, yaradıcı insanlarımız bu xəbərdən çox narahat olmağa başladıq. O işindən uzaqlaşdırılıb. Axı nə üçün? Bu suala cavab tapa bilmirik. İşini gözəl bilən, yüksək mədəni davranışı ilə çoxlarına örnək olan Yusif Günaydının özünün ssenari müəllifi və aparıcısı olduğu “Qərib Axşamlar” proqramından birdən-birə qeyb olmasını başa düşmək bizim üçün çox çətindir.

Azərbaycan hüdudlarından kənarda yaşayan həmvətənlərimizə çox yaxşı məlumdur ki, “Qərib Axşamlar” verilişi olduqca geniş tamaşaçı və dinləyici auditoriyası qazanmışdı. O auditoriya ki, hər birimizin qəlblərimizdə silinməyən izlər buraxıb, bizləri Vətənə bağlayıb. Məhz bunun özü elə diaspor xidməti deyilmi?


Şəfər Azər
Mən belə hesab edirəm ki, diaspor işi üçün ən vacib vasitələrdən biri də bu çür proqramlardır. Dünyanın hər yerində yaşayan, çalışan həmvətənlərimiz həftənin hər cümə gününü səbirsizliklə gözləyər, böyük həvəslə telefon bağlantısı yaradar, “Qərib Axşamlar” proqramının internet səhifəsinə məktublar göndərərək Azərbaycanımızın,diasporumuzun inkişafı naminə gördükləri işlər haqda dinləyicilərə, tamaşaçılara və eləcə də bütün Türk dünyası insanlarına bir növ hesabat verərdilər. Bu baxımdan fikrimcə bu verilişin strategiyası elə məhz diaspora işi, qərib ellərdə yaşayan həmvətənlərimizin bir araya gəlməsi, həmrəylik göstərmələri üçün ən vacib addım idi.

Yusif müəllim biz Azərbaycan hüdudlarından kənarda yaşayan azərbaycanlıların Vətən həsrətini unutdurmağa çalışan bir peşəkar jurnalist idi. Onun peşakarlığı, onun özünə məxsus aparıcılıq qabiliyyəti, hər kəsə doğma və isti münasibəti, mehribanlığı, səsindəki həzinliyi bizləri özünə bağlamışdı. Hər cümə günü onun səsinin sehrinə, ekran qarşısına toplanır, qürbət ellərə səpələnmiş həmyerlilərimizin səsini və arzularını həvəslə dinləməyi sevərdik. Dünyanın dörd bir yanından həmvətənlərimizin səsini, hisslərini duymaq üçün “Qərib axşamlar” verlişinin gəlməsini səbirsizliklə gözləyərdik. Şəxsən mənim ailə üzvlərim bu verilişin artıq efirə getməməsindən çox kədərlidir.

Yusif müəllim biz qürbətçilərin ekran vasitəsi ilə evinin qonağı olmağı, həm də qayğısını çəkməyi sanki özünə vəzifə borcu hesab edirdi. O insan hər birimizə çox nəzakətlə davranır, bizim çıxışlarımızı səbrlə dinləyirdi. Yeri gələndə həyəcanımızdan canlı efirdə etdiyimiz səhvləri düəltməyə çalışır, bizləri motivatsiya edirdi. Bu insana o qədər bağlanmışıq, o qədər alışmışıq ki.... Amma indi birdən birə bu gözlənilməz xəbərdən sarsılmışıq... Bütün qürbətçilər Yusif müəllimin yolunu həsrətlə gözləyir. Nə edəcəyimizi bilmirik. Hesab edirəm Yusif müəllimi tanıyan, “Qərib Axşamlar” verlişini tanıyan hər bir şəxs mənimlə razılaşar. Hətta onu da nəzərinizə çatdırım ki, Azərbaycanda belə yaşayan həmvətənlilərimiz əzizlərinin, doğmalarının səsini duymağı, Yusif müəllimi, “Qərib Axşamlar” verlişini həsrətlə gözləyir. Yusif müəllimi, geri qaytarmaq İTV-i bizə qaytarmaq deməkdir. Biz qürbətçilər və mən, həmçinin mənim kimi fikirdə olan dostların hamsı bunu istəyirik.

Yusif müəllimin “Qərib Axşamlar” verilişi üçün həsr etdiyim bir şeiri də təqdim edirəm.

Qərib axşamlar

ŞƏFƏQ AZƏR, Almaniya, 08 İyun 2012

Hər baxan baxışda, gözlərdə nəm var,
Qəribi güldürün, Qərib Axşamlar!
Könüldə intizar, qəlblərdə qəm var,
Qəribi güldürün, Qərib Axşamlar!

***

Hey dostdan ayrıyıq, qohumdan ayrı,
Yaşamaq çətindir Vətəndən ayrı.
O isti ocaqdan qalandan ayrı,
Qəribi güldürün, Qərib Axşamlar!

***

Kimisi xoş sözə, duyğuya həsrət,
Kimisi Ataya, Anaya həsrət.
Kimisi güvənə, vəfaya həsrət,
Qəribi güldürün, Qərib Axşamlar!

***

Hər cümə günündə, sizə baxsınlar,
Sazda da, tarda da lay-lay çalsınlar.
Qəlbi daş olanlar unutmasınlar,
Qəribi güldürün, Qərib Axşamlar!

***

Vətəndən qürbətə, Qürbətdən Elə,
Arzular uçuşur min bir diləklə.
Qonaqlar xoş gəlir ekranla belə,
Qəribi güldürün, Qərib Axşamlar!

Azərbaycan hüdudlarından kənarda yaşayan Disaporamlz üçün, Vətənimiz üçün aktiv fəalliyyət göstərən həmyerlilərimizdən bir neçəsinin Yusif müəllimlə bağlı təəssüratlarını sizlərə təqdim edirəm:


Arifə Muxtarova:
Ukraynada yaşayır. Krım azərbaycanlıları "Vətən" cəmiyyətinin sədr müavini, qadınlar və gənclər üzrə iş deportamentinin rəhbəridir. Arifə xanımın təəsüratlarını bölüşürəm:

Bu gün xoşbəxtəm ki, Azərbaycanımızı və bütöv İTV kanalını bizə sevdirməyi bacaran nur çöhrəli Yusif Günaydından və onun həm ləyaqətli ssenari müəllifi və həmi də aparıcısı olan "Qərib axşamlar" verlişi haqqda öz ürək sözlərimi söyləyirəm. Bu gün baxmayaraq ki, nə o qəlbləri fəth edən verliş, nə də ki, Yusif müəllim televiziya ekranı vasitəsi ilə biz qürbətdə və vətəndə yaşayanların qəlblərini oxşaraq saçlarına sığal çəkmirlər, hər biri xatirələrimizdə və qəlbimizdə bizlə dərdləşir və dərdlərimizə çarə olurlar. Yusif Günaydın adı çəkilərkən gözlərimiz önündə "Qərib axşamlar" verlişi və eyni zamanda "Qərib axşamlar" verlişi deyəndə isə gözlərimiz önündə Yusif Günaydın canlanır. Bu canlı ikilik arasında elə bir vəhdət var ki, onları biri-birindən ayırmaq qəti mümkün deyil. Bu iki vəhdətin qüvvəsi üçüncü bir varlığımı deyim, qüvvənimi deyim özünə cəlb etməyə qadirdir. Həmin üçüncü varlıqsa biz azərbaycanlılarıq. Dünyanın hansı nöqtəsində oluruqsa olaq, bizə qüvvə verən həmən ikiliyin vəhdətidir. Yusif Günaydının nurlu çöhrəsi altında fəaliyyət göstərmiş "Qərib axşamlar" verlişi biz azərbaycanlıları vətəni bir daha sevməyə, bir daha onu tutduğu yüksəklikdə qoruyub saxlamağa səsləmiş olub. Nəinki vətəni sevməyə, hətta özümüzü və ətrafımızda olan insanları sevməyə səsləyib. Bu gün Yusif Günaydının İTV kanalında yoxluğu kanalın özünə nə boyda ziyan vurmuş olub. Biz artıq itv kanalı ilə maraqlanmır, onun verlişlərinin isə həqiqət olduğunu sanmırıq. Çün ki, azərbaycanlılara vətəni sevməyə səsləyən insanı və onun aparıcılıq etdiyi verlişi alt-üst edənlərə hansı inamımız ola bilər ki? Fikirləşirəm ki, İTV kanalı papağını dizinin üstünə qoyub dərindən fikirləşmiş olarsa, duyar ki, hələ də gec deyil. Ziyanın yarısından qayıtmaq özü də bir müdrüklükdür. İnanırıq ki, Yusif müəllimi vətən, vətəni idarə edən rəhbər heç də baxımsız qoymayaraq hansısa bir tədbiri görmüş olacaq. Yusif müəllim və bizim "Qərib axşamlar" verlişi bilməlidirlər ki, biz onları sevir və qəlbimizin ən təmiz, parlaq hissəsində onlar üçün məkan ayırmışıq. Allah Yusif müəllimə, büsbütün "Qərib axşamlar" verlişinin ərsəyə gəlməsində köməklikləri, fəaliyyətləri olan insanlara və bizə kömək olsun. Elə kömək olsun ki, tezliklə yenidən Yusif Günaydının "Axşamınız xeyir olsun əziz həmyerlilərimiz və "Qərib axşamlar" verlişinin tamaşaçıları" sədasını, kəlməsini bir daha eşitmiş, dinləmiş olaq.


Könül Hacızadə
Küveyt şəhərində yaşayır. Küveyt “Vətənpərvər” Dostluq cəmiyyətinin sədridir. Könül xanımın təəsüratlarını bölüşürəm:

Yusif bəy inanın o qədər gözəl insandır ki, sözlə belə demək azdır. Yusif bəyin verlişində mən də dəvətli olmuşam və mənə onun aparıcılığı, qonaqlarla davranışı o qədər gözəl xoş təsir bağışlayıb ki, verlişin necə bittiyini his etmek olmurdu. Mən Yusif bəyi belə adlandırmışam? Nur uzlu Yusif Gunaydın! Yusif Gunaydin haqqında onu da əlavə edirəm ki, mən çox xoşbəxtəm Yusif bəy kimi təcrubəli jurnalist, mehriban bir insanla tanış oldum, biz onu çox sevirik, mənə elə gəlir ki, “Qərib Axşamlar”ın doğma insanı Yusif Günaydınsız o verlişin dadı-duzu olmayacaq. Böyük tanrıdan ona can sağlığı, uzun xeyirli sağlıqlı bir ömür arzulayıram ve həmişə “Qərib Axşamların” doğma insanı kimi xaricdə, qəriblikdə yaşayan Azərbaycanlıları bir birinə yaxınlaşdırsın doğmalaşdırsın və sizə də öncədən uğurlar arzu edirəm təşəkkürümü bildirirəm. Var olun!


Minəvvər Vahabova
(Mina Azeri), Nyu York şəhərində yaşayır. “Nyu York Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti” sədridir. Minəvvər xanımın təəsüratlarını bölüşürəm:

Nyu York şəhərində yaşayıram. Burada 7 il yaşadığım müddətdə mütəmadi olaraq diaspora fəaliyyəti ilə məşğul olmuşam. Son bir ildə isə yeni bir təşkilat olan “Nyu York Azərbaycan-Amerika Qadınlar Cəmiyyəti” yaratmisham. Vətənin, millətin bütün adət-ənənələrini bu qərib ölkədə yaşatmağa və gələcək nəsillərə, balalarımıza təbliğ etməyə çalışırıq. 2013-cü ilin İyun ayının 21-de Bakıda keçirilən Türkdilli ölkələrin Əməkdaşlıq şurasına daxil olan ölkələrin Diaspora təşkilatları liderlərinin Forumunda iştirak etmək üçün Bakıya dəvət almışdım. "Qərib axşamlar" verilişi haqda da məlumatım var idi və şox sevdiyim verilişlərdən biri idi. Yusif Gunaydını da bu verilişin yaradıcısı və aparıcısı kimi çox yüksək qiymətləndirirəm. Mənim haqqımda yaxın bir dostum Yusif muəllimlə danışmışdı. Bakıda olduğum 10 gün müddətində bir gün telefonuma zəng gəldi, dəstəyi qaldırdım, Yusif müəllim idi. Məni öz verilişinə dəvət edirdi. Amma öncədən görüşməli olduğumuzu söylədi. Mən ITV-yə getdim, görüşdük, danışdıq. Əyani olaraq ilk dəfə gördüyum insan mənə o qədər doğma göründü ki, elə bil illerle ünsiyyətdə olmuşuqmuş kimi. Sonra həftənin beşinci günü verilişə getdim. Həmin gecə də geriyə Nyu Yorka uçmalıydım. Çox gözəl təəssüratlarla ayrıldım verilişdən və doğma Bakıdan. Yusif müəllimə harada olmasından asılı olmayaraq uzun ömür, işlərində müvəffəqiyyətlər və uğurlar arzu edirəm.


Səfər Sadiqi
. Danimarkada yaşayır. Danimarka "Vətən" Cəmiyyətinin sədri. Səfər bəyin təəssüratları:

Bunları oxuyanda həm sevindim, sonrada çox məyus oldum. Sevindim ki, Yusif müəllim barədə öz fikirlərimizi deyəcəyik və yenədə Bakıda olanda Yusif muəllimin verlişində "Qərib axşamlarda" oz fikirlərimizi Qürbətdəki fəaliyyətimiz barədə Xalqımıza məlumat verəcəyik. Əfsuslar olsun ki, buradan oxudum ki, Yusif muəllim o verlişdən gedib. Həttda o veriliş fəaliyyət göstərsə belə Yusif muəllimin orada olmaması o koliriti, o "duzluluğu" olmayacaq. Mən də "Qərib axşamlar" verlişində iştirak etmişəm və özümü xoşbəxt sayıram ki, bu böyük insanla yaxından tanış olmuşam. Yusif muəllim barədə ancaq onu deyə bilərəm ki, o işini bilən təcrübəli bir jurnalist və əvəz olunmaz bir teleaparıcı idi. Mən inanıram ki, Yusif muəllimi hər hansı başqa bir kanalda və onun rəhbərliyini başqa bir verlişdə görəcəyik. Çünki belə insanlar təqaüdə çıxıb evdə oturmaq üçün deyil, onlar hər zaman axtarışda, yeni - yeni projelərin həyata keçməsi uğrunda çalışırlar. Yusif müəllimə can sağlığı və gələcək işlərində uğurlar arzu edirəm. Çox əfsuslar olsun ki, cümə günləri artıq bizim üçün maraqlı olmayacaq. Yusif muəllimi yenidən efirdə görmək arzusuyla.


Etibar Qəniyev
: Almaniyada yaşayır. Aşağı Saksoniya federal əyalətində “Xəzər” Alman-Azərbaycan cəmiyyətinin sədri, Hannover şəhəri Botfeld-Vahrenhayde rayonunun deputatıdır. Etibar bəyin təəsüratları:

Şəfəq xanım ilk öncə belə bir layihəyə başladığınıza görə Sizə öz təşəkkürümü bildirirəm. Şübhəsiz ki, bir çox təəssübkeş həmyerlilərimiz kimi, Azərbaycanın hüdudlarından kənarda yaşayan, Azərbaycanı layiqincə təmsil edən həmvətənlilərimiz kimi, bu xəbər məni də çox ağrıtdı. Və səmimi desəm çox gözlənilməz oldu. İlk öncə qısaca özüm haqqında məlumat verim. 2011-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının III qurultayının nümayəndəsi olmuş və 2014-cü ildə həmçinin Bakıda düzənlənən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumunda iştirak etmişəm. Bakıda olduğum zamanı iki dəfə İctimai Televiziyada yayımlanan “Qərib axşamlar”a dəvət almışam və mənə də böyük şərəf nəsib olub ki, görkəmli ziyalı jurnalistimiz, sözün sərrafı, gözəl aparıcılıq qabiliyyətinə malik Yusif müəllimin verlişində iştirak edə bilim. Formatına və məqsədlərinə görə Azərbaycanın televiziya məkanında analoqu olmayan, Azərbaycanın layiqli övladlarının vətənimizin üçün gördüyü işləri, fəaliyyətləri, uğurları əks etdirən, gənc nəsillərə örnək xarakteri daşıyan sözügedən veriliş yayım müddəti ərzində minlərlə deyil, xaricdə yaşayan milyonlarla həmvətənimizi mavi ekrana cəlb etmiş, bir neçə saatlığa vətən həsrətində onları Azərbaycana qiyabi səyahətə apararaq onların nisglini, ağrı-acısını unutdurmuşdur. “Qərib axşamlar”ın belə bir uğur qazanmasında, illər ərizində geniş tamaşaçı kütləsini yığmasında sözsüz ki, Yusif bəyin müstəsna rolu vardır. Verlişdə olduğum zaman məndə elə bir təsəvvür yaranmışdır ki, sanki canlı yayım sənə bir şəlaləni xatırladır, çınqılsız və daşsız maneyə rast gəlmədən axan bir şəlaləni... Canlı və maraqlı diskussiya zamanı vaxtın belə tez keçməsini də hiss edə bilmədim, qiymətli və dəyərli qonaqların iştirak etdiyi canlı yayımlarda gözəl abu hava var idi. Müxtəlif və rəngarəng mövzular üzərində aparılan fikir mübadiləsi və deyilən sözlər canlı ifada xalq musiqimizin inciləri ilə həmahənglik təşkil edirdi. Bir sözlə füsunkar bir axşam idi.... Mənim Bakıda canlı yaşadığım “Qərib axşamlar” ... ....Yusif bəyin İTV-dən getməsi məni çox mütəəssir etdi... Qəmginliyə köklənərək belə bir verilişin daha olmayacağı haqda düşündüm. Yusif bəyin öz körpəsi kimi böyüyüb boya-başa çatdırdığı “Qərib axşamların” tarixə qovuşacağı və yalnız arxivlərdə rast gəlinəcəyi halı məni daha da təsirləndirdi. Bir körpəni anasız təsəvvür etmək mənə nə qədər çətindirsə, o qədər də bu gözəl verilişi yaradıcısı olaraq onun ərsəyə gəlməsində xüsusi rol oynamış Yusif bəysiz görmək və yaşamaq, eləcə də ziyalı jurnalistimizi daha cümə günləri İTV-də canlı yayımda görməmək mənə çətin gəldi. İstərdim belə bir fitri istedad sahibi olan dostumuz Yusif bəy Azərbaycanın televiziya məkanında öz sözünü bu və ya digər ampluada yenidən desin. Bizə qəribçiliyi unutduran o “axşamları” davam etdirsin, milyonlarla tamaşaçının marağına səbəb olan bu layihənin yenidən bu və ya figər formatda canlandırılmasında, yaşadılmasında və həyata keçirilməsində öz qiymətli əməyini sərf etsin. Bizim buna çox ehtiyacımız var, Yusf bəy! Və biz Sizə bu işinizdə dəstək olarıq. Bu sözlərlə əminəm ki, mən, bir təəssübkeş həmvətən kimi, təkçə öz fikrimi deyil, xaricdə yaşayan milyonlarla soydaşımızın istəyini Sizə çatdırmış oluram. Yusif bəy, Sizə gələcək fəaliyyətinzidə uğurlar və müvəffəqiyyətlər diləyirəm! Yenidən Sizi mavi ekranda görmək, səsinizi eşitmək ümidi ilə Sizdən ayrılır, amma sağollaşmayaraq Sizə hələlik deyirəm.


Arye Gut:
Yerusalemdə (Israil) yaşayır. İsrail Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə heyətinin üzvü, “Justice for Khojaly” Beynəlxalq Kompaniyasının İsraildə rəsmi Koordinatorudur. Rəşid (Arye Gut) bəyin təəssüratlarıni bölüşurəm:

Mən hər zaman hər dəqiqə Yusif bəyə dəstək olmağa hazıram. Yusif Günaydın Azərbaycan jurnalistikasının çox önəmli şəxsiyyətlərindən biridir. Bizim Azərbaycan diasporu hər zaman Yusif bəydən dəstək alıb və biz də hər zaman Yusif bəyə dəstək olmağa hazırıq. Yusif bəyin “Qərib Axşamlar” proqramının hal hazırda efirə getməməsi bizim üçün, dünyada olan diaspora üçün böyuk və ağır zərbədir. Bizim ailə də Yusif bəyin getməsindən sonra İctima TV –yə baxmır artıq. Yusif bəyə can sağlığı və uğurlar diləyirəm hər zaman ona dəstək olmağa hazıram!!!!


Günay Səma Şirvan:
10 ildən artıqdır Rusiyada yaşayır. Ali təhsilli Filoloqdur, şairə və yazardır. Dövri mətbuatda ədəbi-bədii-publisistik yazılarla çıxış edir. Günay xanımın təəssüratlarını təqdim edirəm:

Texnoloji inqilab nəticəsində sivil dünyada "qəriblik və qürbət" anlayışları öz anlamını 100 il əvvəlki dövrlə müqayisədə müəyyən qədər itirsə də, torpağa, kökə, milli-mənəvi dəyərlərə, dövlətinə sadiq biz azərbaycanlılar üçün bu məfhumlar hardasa, "toxunulmaz" qalır. Burada əsas məsələ "bir yuvalıq yer" deyil, ənənələrə bağlılıqdır. Qürbətdə yaşayan hər bir ziyalı azərbaycanlı, birinci növbədə, Vətənə layiq olmağı, onu ləyaqətlə təmsil etməyi düşünür. Bu yolda onlara dəstək olan, mənəvi yardımını əskik etməyən baxımlı bir veriliş vardı İctimai tv-da. Təəssüflə, "Vardı" yazdım, çünki, "Qərib axşamlar" adlanan, bu yaşam dolu verlişin dayandırıldığını duyduq. Dünyada informasiya müharibəsinin getdiyi bir zamanda Azərbaycan Televiziyalarının bol-bol mətbəx verlişləri və şit-şit söhbətlərlə "zəngin" şou proqramlarında fərqli olaraq, "QƏRİB AXŞAMLAR" təşnə könüllərə su səpər, nisgilli qəlblərə bir udum Vətən havası ilə sığal çəkərdi. "Qərib axşamlar" Yusif Günaydının təqdimatında mövzu seçimi, canlı bağlantı vasitəsilə ünsiyyət, qonaqların ziyalı səviyyəsi, milli musiqinin, xalq mahnılarının zənginliyi ilə seçilən, bəyənilən və ailəlikcə izlənilən bir proqram idi. Verlişi peyk ötürücüləri vasitəsi ilə Doğudan Batıya qədər bir çox türkdilli xalqlar izləyidi. "Qərib axşamlar" müəllif verlişi idi. Bir neçə saatlığa qəriblərə qəribliyi unutduran tanınmış telejurnalist, ədəbiyyatşünas alim, politoloq, istedadlı tərcüməçi Yusif Günaydına bütün əziyyətlərinə və xidmətlərinə görə, Rusiyda yaşayan azərbaycanlılar adına təşəkkür edirəm. Bir pritça xatırladım: "deyirlər, sən uşağa balıq tutsan, o bir gün tox olacaq. Yox, ona balıq tutmağın sirrlərini öytəsən ömrü boyu ac qalmayacaq." Yusif bəy, azərbaycanlılara, məhz, mənəvi qidanı əldə etməyin, mənəvi boşluğu doldurmanın yolunu göstərib. Bu yolu bağlamaq Azərbaycan sərhədlərində kənarda yaşayan azərbaycanlılara vurulan mənəvi zərbədir.


Aida Hüseynova:
Amerikda yaşayır. Bakı Musiqi Akademiyasının Professoru, ABS-daki Indiana Universitetinin muəllimidir. Aida xanımın təəssüratlarını təqdim edirəm:

Mən Yusif muəllimin “Qərib Axşamlar” verilişinin bir neçə dəfə qonağı olmuşam və hər dəfe onun peşəkarlığına, alicənablığına, səriştəsinə və səmimiyyətinə heyran qalmışam. Sanıram ki, “Qərib Axşamlar” verilişi bizim ictimai həyatımızda çox mühüm rol oynamışdır. Sürətlə qloballaşan dünyada, Azərbaycanlıların müxtəlif qitələrdə yaşadığı halda, bu veriliş milli birlik ideyasına xidmət edir, bütün Azərbaycanlıları səfərbər edirdi. Yusif muəllim bütün qonaqlarına məxsusi, səmimi diqqət yetirərək, onların ürək sözlərinin çatdırmasına gözəl imkan yaradırdı. Istər studiyada olan iştirakçılarla, istərsə də telefonla əlaqə quran tamaşaçilarla dərhal ünsiyyət yaradaraq, onlarla mənali və səmimi söhbet aparırdi. Onu da qeyd etmək istərdim ki, Yusif muəllim həm də istedadlı şairdir və onun müxtəlif movzularda olan şeirlərini oxuduqdan sonra, mən Yusif muəllimin nə dərəcədə dərin və əsil ziyalı olduğunu bir daha dərk etdim. Mən ABŞ-ın Indiana Universitetində dərs deyirəm, və vaxt fərqinə görə veriliş iş günümün axırı ilə üst-üste düşürdü. Mən daim evə tələsirdim ki, verilişi izləyə bilim. Yusif muəllimin səsi və sözləri Vətənin səsi, Vətəndən gələn səzlər idi. Mən Yusif muəllimə uzun ömur və yeni yaradıcılıq zirvələrinin fəth etməsini ürəkden arzu edirəm!

Tanınmış ziyalı, Telejurnalist, müsbət aurası ilə hamımızın sevimlisinə çevrilmiş Yusif Günaydınla bağlı dəyərli fikirlər söyləyən hər biriniz üçün təşəkkür edirəm. Sizin hər binirinizə Azərbaycanımız naminə bol uğurlar, Diasporumuzun inkişafı üçün əllərinizdən gələnləri etdiklərinizə görə minnətdarlığımı biıldiririəm.

Şəfəq AZƏR,
Türkiyədə dərc olunan TÖRE Dergisinin və DGTYB-nin Almaniya təmsilçisi,
Wolfenbüttel İbtidai Məktəbinin Müəllim - Pedaqoqu

modern.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR