"Heç bir qadını belə sevməmişdim...” VİDEO - FOTOLAR
Bizi izləyin

Tabloid.az

"Heç bir qadını belə sevməmişdim...” VİDEO - FOTOLAR

İtaliyanın sevgi Allahı - Eros Ramazzotti...

İtalyan musiqisi sərhəd tanımır - o, gözəldir, incədir, o, həyatın bir parçası, bəlkə, elə özüdür...

Adriano Çelentano, Toto Kutunyo, Albano, Rikkardo Foli, Pupo, Ricchi e Poveri, Nino D’Ancelo, Laura Pauzini və daha onlarla əvəzedilməz səs - italyan səsi, ruhu... Bu gün isə onlardan biri - Eros Ramazzotti barədə danışacağıq...

Ya musiqi, ya futbol...

Eros Ramazzotti: “Yuventus” klubuna azarkeşlik edirəm. Uşaq ikən professional futbol klubunda oynayırdım. Məşqçilər heç də pis oynamadığımı söyləyirdilər. Professional futbolçu ola bilərdim, lakin futbol və musiqi arasında seçim etməli oldum, musiqini seçdim”.

Bu yaxınlarda 50 yaşını qeyd edəcək yaraşıqlı italyan ifaçısı Eros Ramazzotti artıq otuz ildir ki, səhnədədir, fəqət günü bu gün də onun ulduzu parlayır, o sevilir, onun fərqli ifa tərzinə, musiqisinə tələbat var...
İfaçının duet oxuduğu ulduzlar arasında Adriano Çelentano, Andrea Boçelli, Co Koker, Tina Törner, Karlos Santana, Luçano Pavarotti kimi nəhənglər olub...

Eros Ramazzotti: “Mən sevgi haqda o qədər mahnı ifa etmişəm ki... Düzdür, yaradıcılığımda sevgidən başqa da mövzulara yer ayırmışam...”

“Ən gözəl”... Səninlə olarkən ehtiras gərəkdir və bir az da dəlilik...

Eros Ramazzotti İtaliyanın ən uğurlu, ən sevilən səs sahiblərindəndir. Əsl adı Eros Luçano Uolter Ramazzotti olan yaraşıqlı italiyalı uşaqlıqdan musiqi ulduzu olmağı və özünü tamamilə musiqiyə həsr etməyi arzulayırdı. O, kasıb ailədə dünyaya gəlmişdi. Bu vacib deyil, məgər kasıb uşaqlar xəyal qura bilməzlər? Və əsas sual, kim deyib ki, kasıb uşaqların arzuları həyata keçmir? Fəqət bir incə məsələni mütləq qeyd etməliyik: Kino və musiqinin beşiyi sayılan İtaliyada arzular mütləq həyata keçir, keçməlidir. başqa yol yoxdur...

“Mənim üçün ömürlük” ...

“Sevgi allahı” Eros Ramazzotti 1963-cü ilin 28 oktyabrında Romada anadan olub. Ailə elə də imkanlı deyildi. Ancaq nəyə də imkanları çatmasa, oğullarına gitara almağa pulları vardı. Erosa alınan həmin gitara onun gələcək taleyinin həll edir...

Hər şey necə başladı?
Heç xatırlamıram,
Səninlə bağlı olan bu sonsuz xatirələr,
Nə zamandan ömrümün qadını oldun?...

Məktəbi bitirdikdən sonra Eros konservatoriyaya daxil olmağı planlaşdırsa da, buraxılış imtahanlarında uğursuzluğa uğrayır və ona aid olmayan yolu seçir. Mühasibat kurslarına yazılan gələcək meqa ulduz, bu sahənin ona aid olmadığını vaxtında başa düşür və mühasibatın daşını atıb, öz yolu ilə addımlamağa başlayır...
1984-cü ildə Eros San-Remo festivalında “Terra promessa” mahnısı ilə çıxış edir. Debüt uğurlu olur...

“Başqa sən” - Sənin qısqanclığından ötrü darıxmışam...

1993-cü ildə işıq üzü görən “Tutte storie” albomundan sonra Eros Ramazzottinin möhtəşəm səsi ilə artıq bütün dünya tanış olur. Albomdan olan “Cose della vita”, “Un'altra te” xüsusilə sevilir və ifaçıya milyonlarla pərəstişkar qazandırır.

Yaşamaq yaxşıdır, yoxsa yox, bilmirəm,
Günlərdən asılıdır,
xatirələrimdən asılıdır.
İndi gördüyün kimi, sənin barədə düşünürəm.
Sanki heç nə dəyişməyib,
Harada olmuşuq, bundan sonra harada olacağıq...
Sənin haqda düşünürəm,
İkimiz barədə düşünürəm...

***
Sənin al-qırmızı dodaqlarına toxunaraq ölmək istəyirəm...

***

"Piu bella cosa”, “Cosa della vita”, “un'altra te”, “Fuoco nel fuoco”, “L'ombra del gigante”, “Più che puoi” , “Musica è”, “Un Angelo Disteso Al Sole”, “Per me per sempre”, “Dove c'è musica” ...

İfaçı həm italyan, həm ispan dilində ifa edir.
Eros Ramazzotti: “İspan dilinə çox vaxt ayırıram, düzgün tələffüz üzərində işləyirəm. Deyilənə görə, yaxşı alınır. Lakin hər iki dil o qədər gözəldir ki, hər bir halda, gözəl səslənir”.

Sizi nə ilhamlandırır sualını isə italiyalı ulduz belə cavablandırır:
“Heç nə məni narahat etmirsə, rahat musiqilərimi bəstələyirəm. Əsəbi olanda isə musiqi düşündüyüm ən son şey olur”...

İtaliyalı ulduz iki dəfə evli olub. İlk həyat yoldaşı sarışın gözəl teleaparıcı Mişel Huntsiker ifaçıya Avrora adlı qız bəxş edir. Eros Mişeli çox sevirdi, lakin... həyat yoldaşının ailəyə az diqqət ayırması ifaçını qıcıqlandırırdı: “Qızım anasını efirdə daha çox görür, nəinki evdə”. Beləcə, sevgi üstündə qurulan ailə üç ildən sonra dağılır...
Eros Ramazzotti bundan sonra daha heç vaxt aşiq olmayacağını düşünürdü, fəqət... 2009-cu ildə italiyalı ifaçı Wind Music Awards musiqi festivalında Marika Peleqrinelli adlı xanımla tanış olur. Marika, həqiqətən, gözəldir və bu gənc, gözəl xanım məşhur həyat yoldaşını 47 yaşında ikinci dəfə ata etdi!...

Eros Ramazzotti: “Mən aşiq oldum və başımı itirdim. İndiyə qədər heç bir qadını belə sevməmişdim...”
Vaxt keçir və həyatda ən əsas şeyin yenə də sevgi olduğunu görürsən. Ola bilsin, müasir dövrdə bu bir az banal səslənəcək, ancaq bu belədir. Sizi əmin edirəm ki, sevgidən daha vacib başqa bir şey mövcud deyil!”

“Per me per sempre” ...

Gözlərimin qarşısında günəş kimi saçırsan,
Sonsuz ürək döyüntüləri,
Sonsuz sevinc...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm